Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətini əks etdirən fərdi jurnalist yazı müsabiqəsi – E L A N
Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın təkmilləşdirilməsi, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin neqativ hallara qarşı müntəzəm olaraq mübarizəni davam etdirir. Auditorlar Palatası ölkə iqtisadiyyatının inkişafında və sahibkarlara maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində, yeni dövrün çağırışlarına uyğun innovativ yeniliklərin tətbiqi ilə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, bu xidmətlərin sahibkarlara beynəlxalq standartlar əsasında tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkili sahəsində aparılan islahatlarla əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan auditi qarşısında proqram xarakterli göstərişlərini rəhbər tutaraq, ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın təkmilləşdirilməsi, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, auditə ictimai etimadın gücləndirilməsi və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində yeni dövrün çağırışlarına uyğun innovativ yeniliklərin tətbiqi ilə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, bu xidmətlərin sahibkarlara beynəlxalq standartlar əsasında tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
“Auditorlar Palatasının müasir Azərbaycanın şəffaf iqtisadiyyatında rolu”
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi qara siyahıya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.
5. Dərc olunmuş yazıda “Azərbaycan Respublikası Auditorlar Palatasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün qeydi göstərilməlidir.
Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi qara siyahıya düşən qəzet və ya saytlar.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi qara siyahıdan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində).
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə.
2. Yazının elektron variantı (Arial (12) şriftində).
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə.
Tələb olunan sənədlər
1. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə bağlanılmış müqavilə.
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3. Şəxsiyyət vəsiqəsinin surəti,
4. Şəxsi VÖEN və surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 24 may 2021-ci il tarixində başlayır, 01 dekabr 2021-ci il tarixində başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikası Auditorlar Palatasının Müsabiqə Komissiyasına şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);
II yer üçün 2 nəfər (800 manat);
III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının xüsusi diplomu ilə təltif olunacaqlar.
Əlaqələndirici şəxslər: Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi - Vasif Cavadov. Mob: (050) 612-04-73,
İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini - Zaur Almazov. Mob: (050) 321-95-80
(E-mail: audit-azerbaijan@audit.gov.az).
Ünvan: (AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küç.35).
Sizləri müsabiqədə iştirak etməyə dəvət edirik.
Azərbaycan Respublikası Auditorlar Palatasının
Müsabiqə Komissiyası