Azərbaycan Respublikasının Auditorlar Palatasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Mayın 8-də Azərbaycan Respublikasının Auditorlar Palatasında müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.

Tədbirdə YAP Auditorlar Palatası ilk ərazi təşkilatının üzvləri, Palatanın əməkdaşları və üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Auditorlar Palatası ilk ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz bugünlərdə Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olmaqla öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur. Zaman ötdükcə Heydər Əliyev dühasının təkrarolunmazlığı, Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü əzəmətli və ölçüyəgəlməz işlərin miqyası daha aydın, daha qabarıq nəzərə çarpır. Azərbaycana rəhbərliyinin hər iki dövründə dövlətçilik həyatına son dərəcə mürəkkəb şəraitdə başlayan Heydər Əliyev bütün çətinlikləri şərəflə aradan qaldırmaqla yanaşı, bir rəhbər kimi Azərbaycan xalqı üçün öz dövründə böyük missiyalar yerinə yetirmiş, Azərbaycanın və ümumiyyətlə, türk-müsəlman dünyasının qədim dövlətçilik tarixinin rəhbərləri sırasında özünəməxsus yer tutmuşdur.

Tale elə gətirmişdir ki, Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olmuşdur, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürmüşdür.

Taleyin hökmü ilə avqust ayı iki dəfə Azərbaycan üçün tarixi inkişafın  həlledici  dönüş  anına  çevrilmişdir.

1969-cu il  avqustun 5-də  Azərbaycan  KP MK-nın  plenumu  keçirildi  və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı  Heydər Əliyev  həmin plenumdakı proqram səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiyə dönüş, keyfiyyətcə irəliyə, milli özünüdərkə, soykökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatçılıq fəaliyyətinin bütün sonrakı illərini, coşğun  enerjisini, bilik və bacarığını, idarəçilik məharətini həmin  məruzədə əksini tapan və xalqımız üçün taleyüklü olan strateji problemlərin həllinə, Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm təməlinin  qoyulmasına  həsr etdi.

Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarmış, millətimizin imzasını imzalara qatmağa nail olmuşdur.

1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir  çağırış kimi qəbul etdi.

1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

 Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin  yer alması  nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.       

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi  baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını  inkişaf etdirmək; 2) mövcud  iqtisadi   potensialdan istifadənin səmərəsini  təxirə salmadan yüksəltmək, onun  dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək.

Mövcud iqtisadi potensialdan  səmərəli istifadə etmək üçün  hər gün, hər ay, hər rüb  və hər il yorulmadan çalışmağı tövsiyə  edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və  bütövlükdə, iqtisadi böhrandan  çıxış üçün əsas kimi  qiymətləndirirdi.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlandığını indi çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, möhtərəm Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışına qədər bu saziş layihsəi üzərində təxminin bir il “iş aparılmış” və 1993-cü ilin iyununda imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilmişdi. Ölkənin vətəndaş müharibəsi həddinə çatdığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən möhtərəm Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, mahiyyəti etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmaq və işləməyə qaytarmaq barədə oldu. Bundan sonra yenə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyətləri və ekspertlər səviyyəsində saziş layihəsi üzərində iş getsə də, yalnız 1994-cü ilin mayından- o vaxt ölkə prezidentinin sərəncamı ilə ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən – birinci vitse-prezident) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzərində işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış varinatı real konturlar kəsb etməyə başladı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış  çoxsaylı danışıqlar, məsləhətləşmələr, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündən onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.

Dövlətçiliyimiz üçün əlamətdar ikinci avqust.

1969-cu ilin unudulmaz avqust günündən 34 il ötəndən sonra, artıq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci  prezidentlik dövrünü başa vurmaqda olan möhtərəm Heydər Əliyev daha bir tarixi  qərarını  verdi:  özünün  səhhəti ilə əlaqədar dövlətçilik  kursunun, postsovet məkanında «keçid dövrünün Əliyev islahatları» kimi  xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın  bazar  prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və  vətəndaş təşəbbüskarlığının  inkişafına yönəlmiş islahatların  gələcək taleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq  hisslərini nəzərə  alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji  daxili  və  xarici siyasət kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan  quruculuğunun  gələcək  etibarlı  təminatçısının  adını  elan etdi  - millət vəkili, Avropa Şurasının Parlament  Assambleyasında Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri, AŞPA sədrinin  müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci  vitse-prezidenti, Milli Olimpiya Komitəsinin  başçısı, 42 yaşlı  İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri  vəzifəsinə  təyin olunmasına razılıq vermək barədə Milli Məclisə  müraciət  ünvanladı, parlamentin yekdil  qərarından sonra isə müvafiq  fərman imzalayaraq, bununla da  müstəqil  Azərbaycanın  çağdaş tarixində  yeni bir səhifə   açmış  oldu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on səkkiz ilə yaxındır ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilir. Bunun nəticəsidir ki, möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.

Tarix möhtərəm Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Belə ki, Ali Baş Komandan kimi ən böyük zəfəri Azərbaycan xalqına yenilməz ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq  Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq.

Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər və şanlı ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. İşğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlamışdır. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaq və  regionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində hər kəs öz dəstəyini göstərməkdədir.

Əlbəttə, bir tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür.

Bu baxımdan ulu öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər.

“Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvləri: Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatası Aparatın rəhbəri Qəşəm Bayramov, “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Şirvan Abbasov, “ECONOMİC-CHA” MMC-nin auditoru Kamil Hüseynov, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova və başqaları çıxış edərək bir daha müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin irsi, ölkəmizin dövlət quruculuğu prosesində rolu və xidmətləri, həyat və fəaliyyəti barədə öz fikirlərini söylədilər.

Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz Lider Heydər Əliyevin həyat yolundan bəhs edən film nümayiş etdirildi.

Sonda YAP-a qəbul olunmaq üçün Palatanın 10 əməkdaşının və üzvünün siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə baxılmış və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilmişdir: Axundov Firəngiz Vüqar qızı, Əliyev Fuad Eyyub oğlu, Əliyeva Nailə İsrafil qızı, Əhmədov Misir Zaman oğlu, Əliyev İbiş Müseyib oğlu, İsmayılov Elxan Əsgər oğlu, İbrahimov Elnur Elxan oğlu, Vəlizadə Səftər Vəli oğlu, Niftiyeva Samirə Xalid qızı və Şahtaxtinskaya Aysel Elçin qızı.

İclasın sonunda Sədr V.Novruzov həmin şəxsləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

 

 

 


 

Qalareya