Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor, iqtisad elmləri doktoru Vahid Novruzovun 2021-cil 23 aprel tarixində "İki Sahil" qəzetində "ULU ÖNDƏRİ XATIRLAYARKƏN" başlıqlı məqaləsi dərc olunmuşdur

İki Sahil qəzeti 23 aprel səhifə 4

 

ULU ÖNDƏRİ XATIRLAYARKƏN

Taleyin hökmü ilə avqust ayı iki dəfə Azərbaycan üçün tarixi inkişafın  həlledici  dönüş  anına  çevrilmişdir.

1969-cu il  avqustun 5-də  Azərbaycan  KP MK-nın  plenumu  keçirildi  və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı  Heydər Əliyev  həmin plenumdakı proqram səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiyə dönüş, keyfiyyətcə irəliyə, milli özünüdərkə, soykökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatçılıq fəaliyyətinin bütün sonrakı illərini, coşğun  enerjisini, bilik və bacarığını, idarəçilik məharətini həmin  məruzədə əksini tapan və xalqımız üçün taleyüklü olan strateji problemlərin həllinə, Azərbaycanın gələcək  dövlət müstəqilliyinin möhkəm təməlinin  qoyulmasına  həsr etdi.

Tale elə gətirmişdir ki, Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olmuşdur, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürmüşdür. Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarmış, millətimizin imzasını imzalara qatmağa nail olmuşdur.

Uzun illər boyu keçmiş SSRİ-də əsasən “qara qızıl” diyarı kimi tanınan, lakin 60-ci illərin ortaları üçün neft hasilatında da artıq İttifaq dövlətinin ikinci-üçüncü dərəcəli regionuna çevrilən, ÜDM istehsalında nəsibi daha çox əl əməyinə əsaslanan kənd təsərrüfatı olan Azərbaycanın 1969-1982-ci illərdə keçdiyi inkişaf yolu Heydər Əliyev zəkasının genişliyinə, Azərbaycan oğlunun rəhbər məharətinin potensialına əyani sübut kimi onun daha geniş miqyasda-SSRİ adlı superdövlət miqyasında siyasi rəhbərliyə layiq görülməsinə də özgün zəmanət olmuşdu.

1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir  çağırış kimi qəbul etdi.

Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil    edən   cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.

Hələ 19 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

 Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin  yer alması  nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.       

Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad  sahibkarlığa əsaslanan  iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə  də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin  fəal iştirakçısına çevrilməyi  nəzərdə tutaraq, öz müstəqilliyini daha da  möhkəmləndirmək  və  inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda,  xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin  imkanlarından istifadə  edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində  yenidən quraraq, iqtisadi yüksəlişə  böyük təkan vermək üçün  məqsədyönlü tədbirlər həyata keçirildi.

Ulu öndər həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub.  İslahatların keçirildiyi bir dövrdə  mövcud  iqtisadi strukturların və inzibati-amirlik  metodlarının  olduğu kimi saxlanması  onun iqtisadi  baxışlar sistemində  yolverilməz hesab edilirdi.   Əksinə, iqtisadi islahatlar  həyata keçirilərkən  iqtisadi qanunların  və dünya  təcrübəsinin  əsas götürülməsini, islahatların  sistemli, kompleks aparılmasını və  sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.

Avropa dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq, Şərqdə iqtisadi  quruculuq  siyasətində  dövlətin tənzimləyici roluna həmişə  üstünlük verilmişdir. Avropa dövlətlərindən Fransa, İsveçrə  və digər ölkələr Şərq üsulunu mənimsəyərək qabaqcıl iqtisadi sistem yarada  bilmişlər. Heydər Əliyev ərazi və sahələrarası baxımdan balanslaşdırılmış   iqtisadiyyatın  yaradılmasını  hələ ötən əsrin  70-80-ci illərində - milli iqtisadiyyatımızın əsaslarının yaradılması dövründə olduğu kimi,  ikinci hakimiyyəti dövründə də mühüm saymışdır. Onun fikrincə, vacib məsələlərdən biri nəyi  prioritet  hesab etməyimizdən,  nələrə üstünlük  verməyimizdən ibarət idi. Bu gün iqtisadiyyatın  bütün sahələrinə  dövlət himayəsi əslində mümkün deyil və bu, heç məqsədəuyğun da sayılmır. Dövlət müxtəlif  mülkiyyət və  təsərrüfat formalarına  bərabər rəqabət  mühiti  formalaşdırmaqla yanaşı, respublikanın cari  vəziyyəti və  perspektivi üçün son dərəcə əhəmiyyətli olan  iqtisadiyyatın  üstün sahələrini müəyyənləşdirməli  və onları  himayə etməlidir. O, haqlı olaraq bu fikirdə idi ki, üstün sahələrin düzgün müəyyən edilməsindən Azərbaycanın dövlətçiliyi, iqtisadi  müstəqilliyi, suverenliyi çox asılıdır.      

Heydər Əliyev məntiqindəki "müstəqillik - iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktual olmuş və ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir.

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi  baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını  inkişaf etdirmək; 2) mövcud  iqtisadi   potensialdan istifadənin səmərəsini  təxirə salmadan yüksəltmək, onun  dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək.

Mövcud iqtisadi potensialdan  səmərəli istifadə etmək üçün  hər gün, hər ay, hər rüb  və hər il yorulmadan çalışmağı tövsiyə  edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və  bütövlükdə, iqtisadi böhrandan  çıxış üçün əsas kimi  qiymətləndirirdi.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini  genişləndirmək və  özəlləşdirməni  həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa  geniş imkanlar yaratmaq, ölkə  iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin  iqtisadi sistemi  əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

İslahatlar aparılarkən xarici  ölkələrin  təcrübəsindən  yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə  kor-koranə ehkamçılığa və tələskənliyə  qarşı  çıxan Heydər Əliyev  dəfələrlə qeyd etmişdir ki,  "bu iş Azərbaycan Respublikasının  iqtisadiyyatına,  ənənələrinə uyğun olaraq  təşkil edilməlidir"  və "yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla" həyata  keçirilməlidir.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlandığını indi çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, möhtərəm Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışına qədər bu saziş layihsəi üzərində təxminin bir il “iş aparılmış” və 1993-cü ilin iyununda imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilmişdi. Ölkənin vətəndaş müharibəsi həddinə çatdığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən möhtərəm Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, mahiyyəti etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmaq və işləməyə qaytarmaq barədə oldu. Bundan sonra yenə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyətləri və ekspertlər səviyyəsində saziş layihəsi üzərində iş getsə də, yalnız 1994-cü ilin mayından- o vaxt ölkə prezidentinin sərəncamı ilə ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən – birinci vitse-prezident) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzərində işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış varinatı real konturlar kəsb etməyə başladı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış  çoxsaylı danışıqlar, məsləhətləşmələr, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündən onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.

Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə gəlmək olar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına  möhkəm əsas yaratdı.

Dövlətçiliyimiz üçün əlamətdar ikinci avqust.

1969-cu ilin unudulmaz avqust günündən 34 il ötəndən sonra, artıq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci  prezidentlik dövrünü başa vurmaqda olan möhtərəm Heydər Əliyev daha bir tarixi  qərarını  verdi:  özünün  səhhəti ilə əlaqədar dövlətçilik  kursunun, postsovet məkanında «keçid dövrünün Əliyev islahatları» kimi  xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın  bazar  prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və  vətəndaş təşəbbüskarlığının  inkişafına yönəlmiş islahatların  gələcək taleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq  hisslərini nəzərə  alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji  daxili  və  xarici siyasət kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan  quruculuğunun  gələcək  etibarlı  təminatçısının  adını  elan etdi  - millət vəkili, Avropa Şurasının Parlament  Assambleyasında Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri, AŞPA sədrinin  müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci  vitse-prezidenti, Milli Olimpiya Komitəsinin  başçısı, 42 yaşlı  İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri  vəzifəsinə  təyin olunmasına razılıq vermək barədə Milli Məclisə  müraciət  ünvanladı, parlamentin yekdil  qərarından sonra isə müvafiq  fərman imzalayaraq, bununla da  müstəqil  Azərbaycanın  çağdaş tarixində  yeni bir səhifə   açmış  oldu.

Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on səkkiz ilə yaxındır ki,  möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilir. Bu  siyasət Azərbaycanın bölgədə  iqtisadi cəhətdən  lider dövlətə  çevrilməsi  və dünya iqtisadi sisteminə uğurla  inteqrasiya etməsi, ölkədə sosial problemlərin  həlli  və əhalinin həyat  səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması,  işsizlik  problemlərinin  həlli  və infrastrukturun yenidən qurulması  istiqamətində mühüm dövlət proqramlarının ardıcıl  həyata  keçirilməsi üçün möhkəm təməl yaratmışdır.

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Bunun nəticəsidir ki, möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.

Tarix möhtərəm Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Belə ki, Ali Baş Komandan kimi ən böyük zəfəri Azərbaycan xalqına yenilməz ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq  Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq.

Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər və şanlı ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. İşğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlamışdır. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaq və  regionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində hər kəs öz dəstəyini göstərməkdədir.

Əlbəttə, bir məqalə çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür.

Bu baxımdan ulu öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər.

“Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

 

 

 

Vahid Novruzov,

Yeni Azərbaycan Partiyası

Veteranlar Şurasının üzvü,

iqtisad elmləri doktoru, professor