Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor, iqtisad elmləri doktoru Vahid Novruzovun 2021-cil 23 aprel tarixində "İki Sahil" qəzetində "ULU ÖNDƏRİ XATIRLAYARKƏN" başlıqlı məqaləsi dərc olunmuşdur
ULU ÖNDƏRİ XATIRLAYARKƏN
Taleyin hökmü ilə avqust ayı iki dəfə Azərbaycan üçün tarixi inkişafın həlledici dönüş anına çevrilmişdir.
1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumu keçirildi və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı Heydər Əliyev həmin plenumdakı proqram səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiyə dönüş, keyfiyyətcə irəliyə, milli özünüdərkə, soykökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatçılıq fəaliyyətinin bütün sonrakı illərini, coşğun enerjisini, bilik və bacarığını, idarəçilik məharətini həmin məruzədə əksini tapan və xalqımız üçün taleyüklü olan strateji problemlərin həllinə, Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulmasına həsr etdi.
Tale elə gətirmişdir ki, Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olmuşdur, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürmüşdür. Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarmış, millətimizin imzasını imzalara qatmağa nail olmuşdur.
Uzun illər boyu keçmiş SSRİ-də əsasən “qara qızıl” diyarı kimi tanınan, lakin 60-ci illərin ortaları üçün neft hasilatında da artıq İttifaq dövlətinin ikinci-üçüncü dərəcəli regionuna çevrilən, ÜDM istehsalında nəsibi daha çox əl əməyinə əsaslanan kənd təsərrüfatı olan Azərbaycanın 1969-1982-ci illərdə keçdiyi inkişaf yolu Heydər Əliyev zəkasının genişliyinə, Azərbaycan oğlunun rəhbər məharətinin potensialına əyani sübut kimi onun daha geniş miqyasda-SSRİ adlı superdövlət miqyasında siyasi rəhbərliyə layiq görülməsinə də özgün zəmanət olmuşdu.
1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.
Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.
Hələ 19 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.
Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.
Ulu öndər həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.
Avropa dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq, Şərqdə iqtisadi quruculuq siyasətində dövlətin tənzimləyici roluna həmişə üstünlük verilmişdir. Avropa dövlətlərindən Fransa, İsveçrə və digər ölkələr Şərq üsulunu mənimsəyərək qabaqcıl iqtisadi sistem yarada bilmişlər. Heydər Əliyev ərazi və sahələrarası baxımdan balanslaşdırılmış iqtisadiyyatın yaradılmasını hələ ötən əsrin 70-80-ci illərində - milli iqtisadiyyatımızın əsaslarının yaradılması dövründə olduğu kimi, ikinci hakimiyyəti dövründə də mühüm saymışdır. Onun fikrincə, vacib məsələlərdən biri nəyi prioritet hesab etməyimizdən, nələrə üstünlük verməyimizdən ibarət idi. Bu gün iqtisadiyyatın bütün sahələrinə dövlət himayəsi əslində mümkün deyil və bu, heç məqsədəuyğun da sayılmır. Dövlət müxtəlif mülkiyyət və təsərrüfat formalarına bərabər rəqabət mühiti formalaşdırmaqla yanaşı, respublikanın cari vəziyyəti və perspektivi üçün son dərəcə əhəmiyyətli olan iqtisadiyyatın üstün sahələrini müəyyənləşdirməli və onları himayə etməlidir. O, haqlı olaraq bu fikirdə idi ki, üstün sahələrin düzgün müəyyən edilməsindən Azərbaycanın dövlətçiliyi, iqtisadi müstəqilliyi, suverenliyi çox asılıdır.
Heydər Əliyev məntiqindəki "müstəqillik - iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktual olmuş və ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir.
Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; 2) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.
Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi qiymətləndirirdi.
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, "bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir" və "yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla" həyata keçirilməlidir.
Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlandığını indi çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, möhtərəm Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışına qədər bu saziş layihsəi üzərində təxminin bir il “iş aparılmış” və 1993-cü ilin iyununda imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilmişdi. Ölkənin vətəndaş müharibəsi həddinə çatdığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən möhtərəm Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, mahiyyəti etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmaq və işləməyə qaytarmaq barədə oldu. Bundan sonra yenə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyətləri və ekspertlər səviyyəsində saziş layihəsi üzərində iş getsə də, yalnız 1994-cü ilin mayından- o vaxt ölkə prezidentinin sərəncamı ilə ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən – birinci vitse-prezident) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzərində işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış varinatı real konturlar kəsb etməyə başladı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmələr, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündən onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.
Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə gəlmək olar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas yaratdı.
Dövlətçiliyimiz üçün əlamətdar ikinci avqust.
1969-cu ilin unudulmaz avqust günündən 34 il ötəndən sonra, artıq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci prezidentlik dövrünü başa vurmaqda olan möhtərəm Heydər Əliyev daha bir tarixi qərarını verdi: özünün səhhəti ilə əlaqədar dövlətçilik kursunun, postsovet məkanında «keçid dövrünün Əliyev islahatları» kimi xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və vətəndaş təşəbbüskarlığının inkişafına yönəlmiş islahatların gələcək taleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq hisslərini nəzərə alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji daxili və xarici siyasət kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan quruculuğunun gələcək etibarlı təminatçısının adını elan etdi - millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin başçısı, 42 yaşlı İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunmasına razılıq vermək barədə Milli Məclisə müraciət ünvanladı, parlamentin yekdil qərarından sonra isə müvafiq fərman imzalayaraq, bununla da müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir səhifə açmış oldu.
Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on səkkiz ilə yaxındır ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi və dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli və infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaratmışdır.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
Bunun nəticəsidir ki, möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.
Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.
Tarix möhtərəm Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Belə ki, Ali Baş Komandan kimi ən böyük zəfəri Azərbaycan xalqına yenilməz ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq.
Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər və şanlı ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. İşğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlamışdır. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaq və regionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində hər kəs öz dəstəyini göstərməkdədir.
Əlbəttə, bir məqalə çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür.
Bu baxımdan ulu öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər.
“Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”
Vahid Novruzov,
Yeni Azərbaycan Partiyası
Veteranlar Şurasının üzvü,
iqtisad elmləri doktoru, professor