Auditorlar Palatasında Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair onlayn vebinar keçirilmişdir

Auditorlar Palatasında Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair 2021-ci il 13 aprel tarixində onlayn vebinar keçirilmişdir.

Vebinarı Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq, gündəlikdəki məsələ ilə bağlı iştirakçıları məlumatlandırdı və bu məsələnin ölkəmiz üçün müstəsna əhəmiyyətinidən danışdı. O, qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 404 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılmışdır.

Azərbaycan Respublikası Baş Nazirinin müavinin sədrliyi və aidiyyəti orqanların iştirakı ilə yaradılmış Koordinasiya Şurasının əsas məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 1-ci Tövsiyəsinin (Risklərin qiymətləndirilməsi və risk yönümlü yanaşmanın tətbiqi) tələblərinə uyğun olaraq milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkar edilmiş risklərin azaldılması istiqamətində addımların atılmasından ibarətdir.

Koordinasiya Şurasının yaradılmasında digər hədəf isə Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2021-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericiklikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır.

Həmçinin Koordinasiya Şurasının yaradılması PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcüd çağırışlara vaxtında cavab verməyə, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək edəcəkdir.

Bu məqsədlə "MONEYVAL Komitəsinin V raund Mili Risk qiymətləndirilməsinə hazırlıq çərçivəsində Azərbaycan Respublikası Maliyyə Monitoringi Xidməti tərəfindən Auditorlar Palatasına  təqdim edilmiş sorğu anketləri, "Qeyri-Maliyyə İnstitutları/Peşəkarları sektorunda zəiflik üzrə sorğu anketi" Əlavə 1-də və "2017-2020-ci illər ərzində DNFP-lər tərəfindən aparılmış müştəri əməliyyatları (DNFB-apardığı hər bir əməliyyat üzrə ayrıca doldurulur)" Əlavə 2-də Auditorlar Palatasının hər bir üzvünə göndərilmiş və qeyd olunan sorğu anketlərinin cavablandırılıb Auditorlar Palatasına təqdim olunmasına dair 2021-ci il 20 aprel tarixinə qədər vaxt verilmişdir.

Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova söz verildi. O öz çıxışında Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair Palatada məsul şəxs olaraq, bu sənədin nə qədər vacib olduğunu vurğuladı və Auditorlar Palatasının üzvlərinə göndərilmiş sorğu anketlərində nəzərdə tutulmuş müddəaların hər birinə aydınlıq gətirdi.

Sonda Palatanın üzvlərini maraqlandıran suallar cavablandırıldı. Vebinarda bir daha vurğulandı ki, bu məsələnin icrası ilə bağlı hər hansı suallar yaranarsa yenidən Palataya müraciət oluna bilər (Məsul şəxs: Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovdur. Telefon: (012) 498-28-55 (dax.134); mob.: (050) 330-55-22. E-mail: auditor.nadjaf@rambler.ru)

Vebinarada Palatanın müvafiq struktur bölmələrinin rəhbərləri və üzvləri iştirak etmişlər.

 

 

 

 

Qalareya