Sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 2021-ci il 16 sentyabr tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq, iştirakçıları və qonaqları salamladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 sentyabr tarixli 1/518 nömrəli “Şəffaflıq və audit: yeni dövrün çağrışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanlandığı təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı.
Vahid Novruzov həmçinin, Palatanın 25 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə auditin inkişafından, perspektivlərindən və qarşıda duran vəzifələrdən danışdı. Diqqətə çatdırıldı ki, kölgə iqtisadiyyatına və korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, şəffaflığın artırılması istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir və konkret əməli-praktiki addımlarla və nəzərə çarpacaq nəticələrlə müşayiət olunur. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun 124,4 faiz yerinə yetirilməsi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə da proqnozdan əlavə büdcəyə 500 milyon manatın ödənilməsi, gömrük rüsumlarının həcminin artması iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verdiyini, iqtisadiyyatın “kölgə”dən çıxarılmasını təsdiq edir. Şəffaflıq sahəsində əldə edilmiş uğurlardan danışarkən Azərbaycan Dövlət Neft Fondunun dünyanın 64 ən şəffaf müstəqil fondları arasında 5-ci yeri tutması da xüsusi qeyd olunmalıdır.
Daha sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə qonaqları salamlayıb konfransın işinə uğurlar arzuladı. Akademik Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafı üçün zəmin yaradır. Belə şəraitdə sosial-iqtisadi islahatların mühüm amillərindən biri olan şəffaflığın artırılması istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır.
Konfransın əvvəlində həmçinin Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Palatanın 11 nəfər əməkdaşına və üzvünə medallar təqdim edilmişdir. Konfransda 12 ölkənin (Azərbaycan, Avstriya, Belçika, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, Latviya, Polşa, Gürcüstan, Ukrayna, Makedoniya, Çernoqoriya) müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın çox nümayəndə iştirak etmişdir. Çıxış edən xarici qonaqlar son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, eyni zamanda audit və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışmışlar.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Şəffaflıq strategiyası və “kölgə iqtisadiyyatı” ilə mübarizə: Dövlət Vergi Xidmətinin əldə etdiyi nəticələr”, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “Böyük qayıdış dönəmində şəffaflıq”, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “KОВ-lаrın uçot və hesabatlılığının sadələşdirilməsi və təkmilləşdirilməsi imkanlаrı”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınmasında auditin rolu”, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Şəffaflıq dayanıqlı iqtisadi inkişafın mühüm amili kimi”, Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının İdarə heyətinin sədr müavini, Keyfiyyətə nəzarət üzrə komissiyanın sədri Nadejda Kobozeva “Rusiyada auditin keyfiyyətinə nəzarət: sistemli keçid”, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev “Mühasibatlıq və auditor xidmətləri göstərən şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə rolu”, Rusiya Federasiyasının Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin Büdcə departamentinin direktor müavini, Nazirliyin daxili auditoru, Rusiya Federasiyasının 3-cü dərəcəli dövlət müşaviri Dimitri Yakovenko və Rusiya Federasiyasının Özünütənzimləyən Milli Peşəkar Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçılar İnstitutunun prezident Şurasının üzvü Soslanbek Tsxovrebov “Rusiya Federasiyasının Arktik zonasının inkişafı: ilkin nəticələr, perspektivlər, xarici ölkələrin iştirakı”, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun prezidenti Lyudmila Xorujiy “Rəqəmsallaşmanın mühasibat uçotu və auditə təsiri”, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova “Mühasibat uçotu və audit: Gələcəyə baxış”, “KPMC Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Murat Karakaş “Rəqəmsallaşmaya sürətli keçid”, Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının Baş direktoru, İdarə heyətinin üzvü Olqa Nosova “Rusiyada auditin inkişafında peşəkar cəmiyyətin rolu barədə” mövzularında əyani, digər iştirakçılar isə o cümlədən, Avstriya “Johannes Kepler University Linz”in professoru Fridrix Şnayder “Karona pandemiyasının kölgə iqtisadiyyatının həcminə təsirlərinin təhlili barədə”, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin “EFAA Böhran şəraitində kiçik və orta auditor təşkilatlarını dəstəkləyir və onları gələcəyə hazırlayır”, Türkiyə Sertifikatlı Mühasiblər və Sərbəst Auitorlar Palataları Birliyinin (TÜRMOB) Davamlı peşə inkişafı tədris mərkəzinin icraçı direktoru, professor Ali Rza Zafer Sayar “Türkiyədə Audit”, Gürcüstan Respublikasının Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin rəhbəri vəzifəsini icra edən Tornike Dzagnidze və Gürcüstan Respublikasının Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin hüquqşünası Sofia Berianidze “Audit sanksiyası üzrə təcrübələrin müqayisəsi”, Latviya Mühasiblər Assosiasiyasının idarə heyətinin sədri Andrey Ponomaryov “Latviyada auditor xidmətlərinin keyfiyyətinin yüksədilməsində Audit Məsləhət Şurasının rolu və töhfəsi”, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) icraçı direktoru Paul Tompson “Avropada korporativ hesabatlılığın gələcəyi: Azərbaycandakı şirkətlər üçün nəticələri nədir və gələcək addımlar necə olmalıdır”, Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutunun prezidenti Draqan Dmitrov “Kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlarda Beynəlxalq Audit Standartlarından istifadənin üstünlükləri və zəif tərəfləri”, Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Münəvvər Tulaxodjayeva “Özbəkistanda mühasibat uçotu və auditdə şəffaflığın təmin edilməsinin və rəqəmsallaşmanın xüsusiyyətləri”, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan üzrə rəhbəri Filiz Demiröz “Audit və texnologiya”, Ukraynanın Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin I prorektoru, akademik Nikolay Kuçeryavenko “Müasir dövrdə virtual aktivlərin dövriyyəsinin tənzimlənməsinin bəzi aspektləri”, Macarıstan Auditorlar Palatasının prezidenti Pal Tibor “COVID-19 kölgəsində kiçik və orta müəssisələr sektorunda auditə dair problemlər” mövzularında onlayn formada Azərbaycanda və dünyanın müxtəlif ölkələrində auditin inkişafı, şəffaflıq, yeni dövrün çağırışları, problemləri və vəzifələri ilə bağlı məruzələrlə çıxış etmişlər. Məruzə və çıxışlar başa çatdıqdan sonra konfrans iştirakçıları mövzu ətrafında peşəkar müzakirələr aparmış və konkret təkliflər irəli sürmüşlər.
Sonda beynəlxalq konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir. Tədbirdə qonaqlarla bərabər Auditorlar Palatasının kollektivi, üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin “Fəxri Xiyaban”da məzarını ziyarət etmişlər.
Qalareya