Azərbaycan Respublikasının Auditorlar Palatasında 2021-ci ilin 19 mart tarixində ən yaxşı “Müxbir yazısı” müsabiqəsinin qaliblərinə diplomların təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov salamlama və təbrik nitqi ilə çıxış etmişdir.
Daha sonra Auditorlar Palatası Aparatının rəhbəri, Müsabiqə komissiyasının sədri Qəşəm Bayramov çıxış edərək qeyd etdi ki, Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanmış və 27 iyul 2020-ci il tarixdə Palatanın sədri cənab V.Novruzov tərəfindən təsdiq edilmişdir.
Həmin tədbirlərdən biri də Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyi ilə əlaqədar ən yaxşı “Müxbir yazısı” müsabiqəsinin keçirilməsi olmuşdur. Bununla bağlı elan hazırlanmış və həmin elanda göstərilmişdir ki, müsabiqədə iştirak etmək istəyən müxbirlər öz nəşr etdirilmiş məqalələrini 2020-ci ilin 1 sentyabr tarixindən 2021-ci il 15 fevral tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim etməlidirlər. 1-ci yer üçün 1000 manat, 2-ci yer üçün 2 nəfərin hər birinə 500 manat, 3-cü yer üçün 2 nəfərin hər birinə 300 manat məbləğində mükafat nəzərdə tutulmuşdur. Bu barədə hazırlanmış elan Palatanın internet səhifəsində yerləşdirilmişdir.
Palata sədrinin 2020-ci il 13 avqust tarixli sərəncamı ilə ən yaxşı “Müxbir yazısı” qaliblərinin müəyyən edilməsi üçün müsabiqə komissiyasının yaradılmışdır.
Komissiyanın sədri:
-
Aparatın rəhbəri Qəşəm Bayramov
Komissiyanın üzvləri:
-
Fəqan Qarayev – sədrin müşaviri;
-
Vasif Cavadov – Auditin təhlili, hesabatlılıq və informasiya idarəsinin rəisi;
-
Məhluqə Hüseynova – İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri;
-
Altay Cəfərov – sərbəst auditor, Palata Şurasının üzvü;
-
Namiq Abbaslı – ANR MMC-nin direktoru, komitə sədri.
Müsabiqə komissiyasının 2021-ci il 25 fevral tarixində onlayn qaydada keçirilən iclasının qərarına əsasən “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova “İqtisadiyyatda şəffaflıq və nəzarətin səmərəliliyinin artmasına xidmət edən vacib struktur” məqaləsinə görə 1-ci yerə, “AZƏRTAC” informasiya agentliyinin müxbiri Samirə Quliyeva “Azərbaycanda şəffaflığın artırılması istiqamətində konseptual yanaşmalar formalaşdırılıb” və Müstəqil jurnalist Akif Cabbarlı “Müasir və təkmil audit sistemi şəffaf idarəetmənin əsasını təşkil edir” məqalələrinə görə 2-ci yerə, “Vergilər.az” qəzetinin müxbiri Fərqanə Allahverdi qızı “Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu” və “Bakı-Baku.az” informasiya agentliyinin müxbiri Samir Mustafayev “Maliyyə intizamının təmini əsas hədəfdir” məqalələrinə görə 3-cü yerə layiq görülmüşdür.
Müsabiqədə iştirak edən müxbirlər müvafiq mükafatlarla təltif edilmişlər və həmin mükafatlar onların bank hesablarına köçürülmüşdür.
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyi ilə əlaqədar ən yaxşı “Müxbir yazısı” müsabiqəsinin qaliblərinin müəyyən edilməsi barədə məlumat 5 mart 2021-ci il tarixdə AZƏRTAC tərəfindən yayımlanmışdır.
Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyi ilə əlaqədar ən yaxşı “Müxbir yazısı” müsabiqəsində iştirak edən müxbirlərə və müsabiqə komissiyasının üzvlərinə Palatanın sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun adından, icraçı direktoru Səbuhi Gülməmmədov və Aparatın rəhbəri, Müsabiqə komissiyasının sədri Qəşəm Bayramov tərəfindən təşəkkür edilmişdir.
Tədbirin sonunda müsabiqədə iştirak edən müxbirlərin adından “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova, Azərbaycan Respublikası Kinomotoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı və əməkdar jurnalist Samir Mustafayev çıxış edərək onların məqalələrinin yüksək qiymətləndirilməsinə görə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzova, Palatanın kollektivinə və Müsabiqə komissiyasının üzvlərinə minnətdarlıq etdilər.
Qalareya