2021-ci il 16 fevral tarixində Vergiler.az İnformasiya agentliyinin muxbiri Fərqanə Allahverdiqızının Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc olunmuşdur.

Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu

11 İYUN 2020

Son günlərdə kütləvi informasiya vasitələrində dərc edilmiş məcburi audit subyektlərinin auditdən keçməsi ilə əlaqədar istər Maliyyə Nazirliyinin internet saytındakı müraciətində, istərsə də iqtisadi ekspertlərin bu məsələ ilə əlaqədar təhlili bir daha sübut edir ki, ölkə qanunvericiliyinə görə öz maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bir çox hallarda qanuna əməl etmirlər. Bunun da nəticəsində auditdən keçmənin vəziyyəti aşağı səviyyədə qalmaqda davam edir.

Bu sözləri Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov deyib.

O qeyd edib ki, son dövrlərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi ilə ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Korrupsiyaya qarşı mübarizə və onun profilaktikası baxımından şəffaflıqla birbaşa bağlı olan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi mühüm rola malikdir. Bununla yanaşı, beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının hazırlanması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması sahəsində mövcud olan problemlərin həlli zərurəti bir sıra tədbirlərin işlənib hazırlanmasını və tətbiqini tələb edir.

“Aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir. Məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim etməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulub. Beynəlxalq praktikadan fərqli olaraq ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır. Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin mövcudluğuna gətirib çıxarır. Yeri gəlmişkən, bu günlərdə fəaliyyəti geniş müzakirə obyektinə çevrilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) üzə çıxarılmış maliyyə pozuntularının mövcudluğunda müəyyən mənada fondun qanunvericiliyin tələblərinə baxmayaraq (Qanun bütün fondların məcburi auditdən keçməsini tələb edir) öz fəaliyyəti dövründə bir dəfə də olsun auditor yoxlamasından keçməməsini öz maliyyə fəaliyyətinin nəticələrinin ictimailəşmədən yayınmasıdır”, - deyə S.Gülməmmədov bildirib.

İcraçı direktor deyib: “Auditorlar Palatası məcburi auditdən keçməklə əlaqədar müvafiq qurumların rəhbərlərinə, kütləvi informasiya vasitələrinə, iqtisadi ekspertlərə bir daha öz təşəkkürünü bildirməklə bərabər bir daha iqtisadi subyektlərin rəhbərlərinin nəzərinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlidirlər. Belə olan halda hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının keçirilməsində yaxından iştirak etmiş olarıq”.

 

Auditorlar üçün kurslar təşkil olunacaq

16 MART 2020

Auditorlar Palatası "Daxili Audit testləri və sübutların toplanması" proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirəcəyini elan edib. Məqsəd ölkədə daxili nəzarət sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etməkdir.

Palatadan verilən məlumata görə, növbəti kurslar qeyd edilən proqram əsasında bu il 13-29 aprel tarixlərində aparılacaq. Hazırlıq kursları Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən aparılacaq. Daha ətraflı məlumat üçün training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com ünvanları ilə əlaqə saxlaya bilərsiniz.

 

Auditorlar Palatası məcburi audit subyektlərinə müraciət edib

20 FEVRAL 2020

Palata qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi subyektləri 2019-cu il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil (kənar) auditor cəlb etməyə çağırıb. Bildirilib ki, auditor seçimində müstəqil olan sahibkarlar sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərlər.

Palata məcburi audit subyektlərinin siyahısını və bunun qanunvericilikdəki əsaslarını təqdim edib. Müraciətdə bildirilir ki, aşağıdakı iqtisadi subyektlər auditor cəlb etməlidirlər:

ictimai əhəmiyyətli qurumlar;

məhdud məsuliyyətli cəmiyyətlər;

səhmdar cəmiyyətləri;

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri;

banklar və digər kredit təşkilatları;

sığorta təşkilatları və cəmiyyətləri;

investisiya fondları;

maliyyə-sənaye qrupları;

fondlar və birjalar;

qiymətli kağızların emitentləri;

büdcədənkənar fondlar;

birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər);

təbii inhisar fəaliyyəti subyektləri;

publik hüquqi şəxslər;

siyasi partiyalar;

bələdiyyələr və bələdiyyə müəssisələri;

kənd təsərrüfatı kooperativləri.

 

Nuran Kərimov: "Həyata keçirilən vergi islahatları qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib"

14 FEVRAL 2020

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda keçirilmiş konfransdakı çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi iqtisadiyyatın şəffaflaşmasına yönələn tədbirləri dəstəkləyir: "Biz bu sahədə xüsusilə İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Auditorlar Palatası ilə yaranan əməkdaşlıqdan çox məmnunuq".

Əsas diqqəti "kölgə iqtisadiyyatı" ilə mübarizə və şəffaflıq məsələlərinə yönəldən N.Kərimov bildirib ki, "AmCham"ın sıralarına yeni üzvlər qəbul edilərkən, onların fəaliyyətində biznesin məsuliyyətli vergi ödəyicisi olmasının vacibliyi hər zaman prioritet hesab edilir: "Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində bir sıra addımlar atılır. Bizim Palataya qəbul meyarları sırasında biznes tərəfindən vergilərin düzgün və tam ödənilməsi əsas tələblərdəndir".

N.Kərimov təmsil etdiyi qurumun qeyri-rəsmi iqtisadiyyatın səviyyəsinin aşağı endirilməsi istiqamətində hökumətin bugünə qədər həyata keçirdiyi tədbirlər və əldə edilən nəticələrlə bağlı müşahidələrini açıqlayıb: "Son illərdə Vergilər Nazirliyi və vergi orqanlarından davamlı olaraq şəffaf iqtisadiyyata keçidin alternativsiz seçim olduğu mesajını eşidirik. Bu, sahibkalara öz bizneslərini doğru yönəltmək üçün aydın istiqamət verir. Vergi və sosial sığorta ilə bağlı ötən il həyata keçirilən islahatlar qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib. "AmCham" üzvləri tərəfindən hazırlanan "Ağ sənəd" təkliflər toplusuna daxil edilən ƏDV-nin 1 yanvar 2020-ci ildən kassa metodu ilə tanınması qaydasına keçidi yüksək qiymətləndiririk. Özəl sektor-dövlət dialoqunun bu parlaq nümunəsi üçün Vergilər Nazirliyinə təşəkkür edirik".

N.Kərimov vurğulayıb ki, aidiyyəti dövlət orqanları iqtisadiyyatın ölkədə fəaliyyət göstərən əsas oyunçuları olan şirkətlərdə, sistem xarakterli müəssislərdə və holdinqlərdə vergi əməletməsinin ciddi surətdə artmasına nail olublar. Bu istiqamətdə bir sıra sahələrdə aparılan işlərin davam etdirilməsini vacib sayan N.Kərimovun sözlərinə görə, son dövrlərdə aparılan tədbirlər nəticəsində biznesi şəffaf qaydada idarə etməyə üstünlük verən sahibkarların sayı kifayət qədər artıb.

N.Kərimov "kölgə iqtisadiyyatı" ilə mübarizədə vergi siyasətinin vacibliyi ilə yanaşı, digər mühüm faktorların olduğunu da qeyd edib. Müəssisələrdə mühasibat uçotunun vacibliyi vurğulanıb: "Burada çox önəmli şərtlərdən biri lazımi proqram təminatlarının olmasıdır. Bu sahədə çalışan mütəxəssis kimi deyə bilərəm ki, Azərbaycan bazarının informasiya texnologiyaları sahəsində çevik həllər təklif edən şirkətlərə və mütəxəssislərə çox böyük ehtiyacı vardır".

 

"AmCham" rəhbəri ölkədə audit institutunun güclənməsinin prioritet məsələ olduğunu vurğulayıb. Həm kənar müstəqil audit sahəsində, həm də dövlət vergi orqanlarının auditi sahəsində çalışan mütəxəssislərin sayının artırılması və peşəkar hazırlığı baxımından çox işlər görülməlidir: "Təəssüf ki, bu gün Azərbaycanda lisenziyalı və sertifikatlaşmış auditorların sayı baxımından vəziyyət o qədər də qənaətbəxş deyil. Ölkəyə indikindən qat-qat çox auditor tələb olunur. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi maliyyə, mühasibat, audit, informasita texnologiyaları, insan resursları və investisiyaların idarə edilməsi sahələrində ciddi kadr çatışmazlığı vardır. Universitetlər bu problemin yaxın illərdə əhəmiyyətli həlli üçün əmək bazarına kifayət qədər kadr hazırlamalıdır. Həm dövlət, həm özəl sektorun məqsədyönlü qaydada müasir tələblərə cavab verən peşə hazırlığına ciddi yatırımlar edilməsi labüddür".

Korrupsiyaya qarşı mübarizənin "kölgə iqtisadiyyatı" ilə mübarizənin vacib tərkib hissəsi olduğunu deyən N.Kərimov ölkədə bu istiqamətdə görülən işlərin öz təsirini göstərməkdə davam edəcəyini vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI

 

"Kölgə İqtisadiyyatı"nın azaldılması ilə bağlı Təkliflər Paketi hazırlanır

19 SENTYABR 2019

Auditorlar Palatası Azərbaycanda "Kölgə İqtisadiyyatı"nın azaldılması ilə bağlı 100-dən çox təklifin yer alacağı Təkliflər Paketi hazırlayır. Palatanın sədri Vahid Novruzovun sözlərinə görə, sənəd "Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi" adlı yol xəritəsinin tərkib hissəsi olacaq: "Təkliflərdə qanunvericiliyin təkmilləşdirilməsi, "Kölgə İqtisadiyyatı"na qarşı aparılacaq tədbirlərin daha sistemli, kompleks, çevik şəkildə olması kimi məsələlər öz əksini tapacaq".

Xatırladaq ki, Auditorlar Palatası "Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi" adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir.

 

Audit sistemi üçün yeni konsepsiya hazırlanır

16 SENTYABR 2019

Azərbaycan Auditorlar Palatası audit sistemində innovasiyaların tətbiqi ilə bağlı İnnovasiya Konsepsiyası hazırlayır. Auditorlar Palatasının sədri Vahid Novruzov "Audit xidməti haqqında Qanun"un 25 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə bildirib ki, hazırda bu istiqamətdə iş görülür: "İlin sonunda konsepsiya başa çatdırılacaq və o, audit xidmətini daha da təkmilləşdirəcək. Hazırda bu istiqamətdə xarici təcrübə öyrənilir".

V.Novruzov qeyd edib ki, Azərbaycan Auditorlar Palatası "Kölgə iqtisadiyyatına qarşı mübarizə: iqtisadi inkişafın mühüm amili kimi" adlı yol xəritəsini də başa çatdırmaq üzrədir: "Burada "kölgə iqtisadiyyatı"nın azaldılması, mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər öz əksini tapacaq".

 

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizədə vergi əməletməsinin mühüm rolu var

16 SENTYABR 2019

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" beynəlxalq elmi-praktik konfransda çıxış edən Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin ("AmCham") prezidenti Nuran Kərimov tədbir iştirakçılarının diqqətini "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə daha çox beynəlxalq miqyasda "Tax Compliance" kimi tanınan vergi əməletməsinə yönəldərək bildirib ki, kölgə iqtisadiyyatının yaranma faktorları çox olsa da, əksər elmi və praktiki araşdırmalar bunların arasında vergilər və vergi əməletməsinin xüsusi və önəmli rolu olduğunu göstərir: "Qeyri-leqal iqtisadiyyatın yaranma faktorlarından ən vacibi vergi dərəcələrinin və sosial sığorta haqlarının yüksək olmasıdır. Vergi və icbari ödənişlərin səviyyəsi nə qədər yüksək olarsa, vergi ödəməmək meyli də bir o qədər yüksək olur. Qeyri-neft və özəl sektorda çalışan işçilərin gəlir vergisi və sosial sığorta haqlarının 2019-cu ildən əhəmiyyətli dərəcədə aşağı salınması vergidən yayınmanın qarşısını almaq üçün atılmış vacib və mühüm addımdır. İlin əvvəlindən bəri vergi və sosial sığorta haqlarının yığımında və qeydiyyata alınmış əmək müqavilələrinin sayında müşahidə olunan artım bu islahatın ilkin müsbət nəticələridir.

Kölgə iqtisadiyyatı və onun fəsadları ilə mübarizə tək Azərbaycan üçün unikal problem deyil və bu bir beynəlxalq səviyyəli çağırışdır. Fərqli ölkələrdə olan müsbət təcrübəyə diqqət yetirdikdə "kölgə iqtisadiyyatı"nın yaranmasında və onunla mübarizədə istifadə olunan önəmli faktorları da nəzərə almaq faydalıdır".

N.Kərimov vergiyığmada könüllü əməletmənin rolundan danışaraq bildirib ki, mövcud beynəlxalq təcrübə könüllü vergi əməletməsini belə şərtləndirir: "Vergilərin ödənilməsi qaydaları nə qədər sadə və aydın olarsa, könüllü əməletmə səviyyəsi bir o qədər yüksək olur. Bu baxımdan, kiçik və orta sahibkarlıq subyektləri üçün vergilərin ödənilməsi və vergi bəyannamələrinin sadələşdirilməsi istiqamətində aparılmış islahatlar təqdirəlayiqdir.

Yüksək vergi mənəviyyatı könüllü vergi əməletməsinin bünövrəsini təşkil edir. Azərbaycan hökumətinin son iki ildə iqtisadiyyatın şəffaflaşmasını hədəfləyən islahatları ictimai şüurda dərin müsbət dəyişikliyin ilkin özəklərini yaratmışdır". Bildirilib ki, iqtisadi islahatlardan sahibkarların gözlədiyi digər vacib nəticələrdən biri də hər bir sahibkar üçün bərabər şərtli rəqabət mühitinin təmin edilməsidir: "Əvvəllər tam legitim çalışmayan sahibkarın vergi öhdəliyini tam bəyan etməsi, işçiləri ilə əmək müqaviləsi bağlaması və onlara ödənilən maaşları gizlətməməsi üçün biz hər kəsə eyni gözlə baxmalıyıq. Vergilərin düzgün və tam ödənilməsi biznes rəqabətliyinə mənfi təsir göstərməməlidir".

N.Kərimov bildirib ki, müasir texnologiyalar yeni növ biznes modellərini yaratdıqca "kölgə iqtisadiyyatı"nın yeni növləri də formalaşmaqdadır. Bura xüsusilə internet və digər rəqəmsal texnologiyalardan istifadə edilərək xidmət və ticarət həyata keçirən biznes modelləri aiddir. "Son on illikdə "Airbnb", "Uber" və s. nəhəng şirkətlər yaranıb ki, burda Freelancer statusunda çalışanlar və ya xidmətləri "outsource" etmək artıq ölkəmizdə nəinki yenilik deyil, hətta tədricən belə biznes modelləri iqtisadiyyatda üstünlük təşkil edəcəkdir. Fikrimcə, dövlət tənzimləməsi elə qurulmalıdır ki, biz bu yeni iqtisadi münasibətləri "kölgəyə" salmayaq.

Amma beynəlxalq təcrübə göstərir ki, digər vacib faktorlar olmasa, bu məqsədə təkcə vergi tənzimləməsi yolu ilə nail olmaq olmaz. Burada audit institutunun danılmaz böyük rolu vardır. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Auditorlar Palatası digər aidiyyəti nazirliklər ilə sıx əməkdaşlıq qurmuşdur. Korrupsiyaya qarşı mübarizə "kölgə iqtisadiyyatı" ilə mübarizənin vacib elementidir və inanırıq ki, ölkədə bu problemlə mübarizə öz təsirini göstərməkdə davam edəcək. Çirkli pulların yuyulmasına qarşı mübarizənin vacibliyi Azərbaycanda son illər daha çox aktuallaşmışdır və əminik ki, bu istiqamətdə dövlətin güclənməkdə olan nəzarət tədbirləri öz nəticələrini qısa zamanda göstərəcəkdir".

 

Məcburi auditdən keçməyən bələdiyyələrin sayı artıb

28 İYUN 2019

Auditorlar Palatası 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatını açıqlayıb. Məlum olub ki, ötən il məcburi qaydada audit yoxlamasından keçməli olan, lakin bu yoxlamalardan yayınan obyektlərin sayı kifayət qədər çox olub.

 

Hesabata əsasən, 2017-2018-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilən auditor xidmətlərinin təhlili nəticəsində ötən il respublika üzrə 47 min 286 məcburi audit obyektindən 3.142-nin (6,64%-i) auditdən keçdiyi müəyyən edilib. 2017-ci il ərzində respublika üzrə 67 min 507 məcburi audit obyektindən cəmi 2.134-ü (3,16%-i) bu tələbi yerinə yetirib. 2017-2018-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 3,48 faiz artım müşahidə edilib.

Beləliklə, 2017-2018-ci illər üzrə auditdən keçməyə dair aparılan müqayisələr zamanı aşağıdakı nəticələr qeydə alınıb:

səhmdar cəmiyyətləri üzrə 14,94%-dən 39,21%-dək artım;

məhdud məsuliyyətli cəmiyyətlər üzrə 0,89%-dən 3,68%-dək artım;

bələdiyyələr üzrə 78,67%-dən 60,95%-dək azalma;

siyasi partiyalar üzrə 30,91%-dən 34,55%-dək artım.

Daha ətraflı: http://www.audit.gov.az/

 

Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

31 MAY 2020

Rusiya Federasiyasının "Sodrujestvo" Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirib. Konfransda Azərbaycanınn Auditorlar Palatasının sədri Vahid Novruzov və Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov məruzə ilə çıxış ediblər.

Konfransda pandemiya şəraitində mühasibat, hesabatlılıq və təşkilatların maliyyə hesabatlarının auditi sahəsində qarşıya çıxan çətinliklərin dəf edilməsində mühasiblərin və auditorların peşəkar təşkilatlarının işgüzar əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi, mövcud problemlərin həllində qüvvələrin səfərbər edilməsinin vacibliyi vurğulanmış, bu istiqamətdə konkret vəzifələr və onların həlli yolları barədə işgüzar müzakirələr aparılıb.

 

 

"Kölgə iqtisadiyyatı"nın azaldılması audit sistemi üçün perspektivlər açacaq

21 FEVRAL 2019 1

Auditorlar Palatasının sədri Vahid Novruzov "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusuna həsr olunmuş forumdakı çıxışında bəyan edib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda "kölgə iqtisadiyyatı"nın azaldılmasına dair yol xəritəsinin hazırlanması üzrə iş aparır. Bildirib ki, sənəddə ölkə Prezidentinin "kölgə iqtisadiyyatı" ilə bağlı söylədiyi fikirlər əsas götürülüb. Qeyd olunub ki, bu sahədə qabaqcıl xarici təcrübədən bəhrələnmək və ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin təşviqini təmin etmək məqsədilə Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar Birliyi ilə birgə bu ilin sentyabr ayında "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılıb.

V.Novruzov bildirib ki, verginin ümumi dəyərdən deyil, gəlir və xərclər nəzərə alınmaqla hesablanması zərurəti təkcə vergi yükünün optimallaşdırılması ilə bağlı deyil, bütövlükdə maliyyə nəzarəti və şəffaflığın artırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Belə bir yanaşma təkmil uçot və hesabatlılıq sisteminin tətbiqi, müstəqil audit institutunun qanunvericiliklə ona həvalə olunmuş vəzifələrinin icrası baxımından da önəmlidir.

Çıxışında audit sisteminin mövcud problemlərinə toxunan sədr əsas səbəblərdən biri kimi gəlir və xərclərin uçotunun və hesabatlılığın qənaətbəxş səviyyədə aparılmadığını qeyd edib. V.Novruzov bu məsələni gündəmə gətirdiyinə və göstərdiyi dəstəyə görə ölkə auditorları adından vergilər nazirinə təşəkkür edib: "Təbii ki, uçot və hesabatlılıq lazımi səviyyədə olmayan yerdə maliyyə nəzarətinin, o cümlədən auditin rolundan və əhəmiyyətindən danışmaq çətindir". O, idarəetmənin optimallaşdırılması və sahibkarların yükünün azaldılması ilə bağlı təkliflərini də səsləndirib, müasir təfəkkürlü vergi ödəyicilərini formalaşdırmağın əsas məsələlərdən olduğunu qeyd edib. Bildirib ki, il boyu mütəmadi məsləhət və tədris xidmətlərinin aparılması, eyni zamanda kütləvi informasiya vasitələrindən, telekanallardan sistemli şəkildə istifadə edilməsi vacibdir: "Dialoq mühitinin daha da şəffaflaşdırılması, vergi əməkdaşları və audit barədə informasiyaların birbaşa sahibkarlardan bizə daxil olması mühüm əhəmiyyət kəsb edə bilər. Bunun öz konsepsiyası hazırlanmalı və prosedurlar olmalıdır ki, hər bir müraciət edən sahibkarın məxfiliyi qorunmaqla onun istəkləri və qarşılaşdıqları çətinliklər birbaşa müvafiq qurumlara çatdırıla bilsin".

Palata sədri rəqəmsal iqtisadiyyatın və sosial auditin imkanlarından dialoqun mahiyyəti və çevikliyi baxımından istifadə edilməsinə tərəfdar olduğunu deyib: "Artıq reallaşmağa başlayan vergi ödəyicilərinin şəxsi kabineti sistemi ölkəmizdə tezliklə öz real həllini tapmalıdır. Vergilər Nazirliyi və Auditorlar Palatasının müvafiq şuralarında nümayəndələrin qarşılıqlı təmsilçiliyinin təmin edilməsi vacibdir. Bu, mövcud problemlərin həllində operativliyin təmin olunması baxımından xüsusi önəm kəsb edir".

 

Əmək müqaviləsinə xitam verilərkən nələrə diqqət yetirilməlidir?

12 YANVAR 2021

İşçilərin isdən azad olunmasının rəsmiləşdirməsində müəyyən qanun pozuntularına və ya qaydalara riayət edilməməsinə rast gəlinir. Bu məsələ ilə bağlı meydana gələn suallara auditor Altay Cəfərov aydınlıq gətirir.

Sual 1: Əmək müqaviləsini bir neçə əsasla ləğv etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən:

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Deməli, işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün bir neçə səbəb olarsa, müqaviləyə bunun ancaq biri ilə xitam verilməlidir. Məsələn, işçinin əmək müqaviləsinin müddətinin qurtarmağı ilə onun öz xahişinə əsasən işdən azad olunması tarixləri üst-üstə düşərsə, o zaman müqaviləyə Əmək Məcəlləsinin 69.1-ci və ya 68.2 (b) maddələri ilə xitam verilməlidir.

Sual 2: Əmək müqaviləsinə Əmək Məcəlləsində olmayan xitam səbəblərindən başqa səbəblə xitam vermək olarmı?

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, buMəcəllədə nəzərdə tutulmayan, qanunvericliyə zidd olmayan, amma əmək müqaviləsində qeyd edilmiş əsaslarla işçini işdən azad etmək olar. Burada əsas məqam odur ki, müqavilə bağlayanda və sonradan xitam səbəblərinə xüsusi diqqət yetirilməlidir. Yəni bu səbəblər Məcəllədə olmaya bilər, ancaq qanunveciliyə zidd olmalı deyil.

Sual 3: “Qanunvericiliyə zidd” dedikdə nə başa düşülür?

Bu ifadə ümumi anlayışdır. Əsas məqam kimi əmək münasibətlərinə aid olan digər normativ aktların tələblərinə zidd olmaması nəzərdə tutulur. Yəni işçi ilə işəgötürən arasında əsas münasibətlər əmək müqaviləsinə görə tənzimlənir və əmək münasibətləri də əmək qanunvericiliyinə aid olan normativ aktlarla müəyyənləşdirilir.

Sual 4: Əmr verilmədən müqaviləni xitam etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinin ikinci cümləsində belə bir ifadə qeyd edilib: “...... habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.” Məcəllədə müyyənləşdirilmiş əsas qaydalardan biri əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin(sərəncamın, qərarın) verilməsinin vacibliyidir.

Sual 5: Bildiriş sisteminə birbaşa xitam məlumatlarınıdaxil etməklə əmək müqaviləsinə xitam vermək olarmı?

Belə bir rəsmiləşdirmə qaydalara tam ziddir. Bəzən belə düşünürlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildiriş sisteminə məlumatların, həmçinin xitam məlumatlarının daxil edilməsi ilə birbaşa əmək müqaviləsinə xitam verilməsi tam qanuna uyğundur. Nəzərinizə çatdırım ki, bildirişin əldə olunması əmək müqaviləsi ilə bağlı bir çox hüquqların qüvvəyə minməsini təsdiqləyən addımdır.Yəni bildiriş olmadan bildirişə aid əmək münasibətlərinin hüquqi qüvvəsi yoxdur. Amma bildirişə kimi Əmək Məcəlləsinin digər tələbləri vardir ki,onlarsız həmin bildirişin özünün də hüquqi qüvvəsi olmur. Odur ki, xitam bildirişinədək yuxarıda qeyd edilmiş xitam səbəbləri olmalıdır. Bununla bağlı müvafiq ilkin sənədləşmələr aparılmalı, əmr (sərəncam, qərar) imzalanmalı və bundan sonra xitam ƏƏSMN-in bildiriş sisteminə daxil edilməlidir.

Fərqanə Allahverdiqızı

 

 

 

Marketlərin müştərilərə verdikləri bonusların hesabatlılığı necə tənzimlənir?

8 DEKABR 2020

Böyük pərakəndə ticarət obyektlərində təşviq məqsədilə müştərilərə bonus ballarının verilməsi kimi kampaniyalar geniş yayılıb. Bu cür əməliyyatların uçot və hesabatlılığı, kassa çeklərində göstərilmə qaydaları barədə suallara sərbəst auditor Altay Cəfərov misallarla aydınlıq gətirir.

Misal: Tutaq ki, “AA” MMC supermarket şəbəkələrinəmalikdir və alıcılara bonus kompaniyasını təqdim edir.Kampaniya zamanı hər 100 manata görə 10 bal bonus verilir və 10 bal 1 manata bərabər tutulur. Yəni müştəri 1000 manatlıq alış-veriş etdikdə 100 bonus balı və ya 10 manat bonus yığır. 1000 manatlıq alver etmiş müştəri növbəti 50 manatlıq alış zamanı bonus kimi yığılmış 10 manatını istifadə edir və kassaya 50 manat yox, 40 manat ödəyir: 50 manatdan 10 manat bonus kimi çıxılır. Buhalda “AA” MMC-də uçot və hesabatlılığı necə aparmalıdır?

- Kampaniya çərçivəsində bonus kimi yığılan ballar və bunun nəticəsində formalaşmış məbləğ virtual səciyyə daşıyır. Yəni bonus məbləğindən ancaq kampaniya çərçivəsində istifadə etmək olar. Yığılmış 10 manatı alıcı alış etmədən istəsə, bu məbləği ona qaytarmayacaqlar.Bu məbləğ yalnız alış zamanı nəzərə alınır. Ona görə də vergi ödəyicilərinin müştərilərə bonus kimi verilən 10 manatın nə mühasibat uçotunda, nə də vergi uçotunda kreditor borcu, alınmış avans məbləği kimi və ya hər hansı bir öhdəlik kimi göstərilməsi tövsiyə edilmir. Bu, sadəcə idarəetmə uçotunda analitik uçot kimi qeyd edilməlidir.

- Vergitutma məqsədləri üçün satışın məbləği 50 manat yox, 40 manat olacaq. 1000 manatlıq göstərici virtualdır, alıcı faktiki olaraq 990 manatlıq mal alıb. ƏDV bəyannaməsində isə real alış göstərici 1000 manat kimi əks etdirilib. Yəni 10 manat dövriyyə kimi əvvəldən bəyannamədə əks etdirilib. Buna görə də sonradan 50 manat əvəzinə 40 manat ödənildikdə bonus kimi verilən10 manat bəyannamədə yenidən qeyd edilməli deyildir.Yəni ƏDV bəyannaməsində dövriyyə 40 manat göstərilməlidir.

- Mənfəət vergisi məqsədləri üçün də əvvəldən satılmış 1000 manatın maya dəyəri silinməlidir.

Həmin əməliyyatların kassa çeklərində necəgöstərilməsinə gəldikdə isə:

- Kassa aparatının çeklərində ilkin olaraq satılmış 1000 manat tam satış kimi, sonda isə yığılan bonusların miqdarı əlavə açıqlama kimi yazılır. Daha sonra çekdə satış məbləği 50 manat, bonus formasında ödəniş isə 10 manat qeyd olunur. Son nəticə kimi ödənilmiş faktikiməbləğ – 40 manat göstərilir. Bu məlumatlar çekdə olmasa, vergi baxımından satışın məbləği 50 manat kimi qəbul ediləcək və MMC-də kassa üzrə 10 manat çatışmazlıq görünəcək.

Fərqanə Allahverdiqızı

 

 

Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

22 AVQUST 2020

Bina tikintisi ilə məşğul olan sahibkarlar həm hüquqi şəxs yaradaraq, həm də fiziki şəxs kimi fəaliyyət göstərirlər. Mütəxəssislər bu fəaliyyət növü üzrə uçotun, hesabatlılığın özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsində edilmiş son əlavə və dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Məcəllənin 130.6-cı maddəsində göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bina tikinsi ilə bağlı gəlirlərin və xərclərin müəyyənləşdirilməsində aşağıdakı hallar nəzərə alınır:

bina tikintisi uzunmüddətli bir fəaliyyətdir;

bina tikintisi bir ildən başqa ilə, hətta illər üzrə həyata keçirilə bilər. Həmçinin, mərhələlər üzrə də aparıla bilər;

gəlirlərin müəyyənləşdirilməsi üçün yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi həyata keçirilməlidir;

tikinti sahəsi üzrə məsrəflər olmalıdır ki, xərc hissəsi formalaşsın;

gəlir və xərc formalaşması üçün binanın müəyyən hissəsi və ya müəyyən mərhələsi tikilməlidir.

Məcəllədə əks olunan gəlirlərin formalaşması üzrə digər maddələri də nəzərdən keçirək:

Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Bundan əlavə, malların təqdim edilməsi anlayışını aydınlaşdırmaq üçün Vegi Məcəlləsinin 13.2.10.-cu maddəsinə baxmalıyıq.

Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alğı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Misal 1: Tutaq ki, "AA" MMC on mərtəbəli bina tikməyi qərara alıb və bunun üçün müvafiq olaraq elanlar verib. Tikinti işləri başlayana kimi bir neçə vətəndaşdan müqavilə əsasında 200.000 manat vəsait əldə edib.

Sual: Bu halda MMC-nin aldığı vəsait gəlir sayılırmı və bunun xərci nə qədərdir?

"AA" MMC-nin vətəndaşlardan aldığı 200.000 manat gəlir sayılmayacaq. Vətəndaşlarla müqavilə imzalamasına baxmayaraq, faktiki olaraq heç bir tikinti aparılmadığına görə bu məbləğ gəlir sayıla bilməz və bunun da xərci yoxdur. Amma bu məbləğdən əlavə dəyər vergisi hesablanılıb ödənilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, bina tikən şəxs təqdim etmə həyata keçirirsə, bu məbləğ onun gəliri sayılmalıdır. Bundan əlavə, 13.2.10.-cu maddəyə görə, bina tikən şəxsin bağladığı hər hansı bir alğı-satqı müqaviləsi və ya kooperativin qərarı ilə mənzilin özgəninkiləşdirilməsi gəlir sayılır. Buradan belə nəticə çıxarıla bilər ki, bina tikmədən əldə olunan məbləğ gəlir sayılmalıdır. Ancaq Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, gəlirlərin və xərclərinn formalaşması və tanınması üçün binanın hər hansı bir hissəsi və hər hansı bir mərhələsi tikilməlidir. Ona görə də misalda göstərilən 200.000 manat gəlir sayılmır.

Misal 2: Tutaq ki, "AA" MMC binanın bütün 10 mərtəbəsini vətəndaşlara satıb və satışdan 5.000.000 manat vəsait əldə edib. Faktiki olaraq isə 2020-ci ildə binanın ancaq 5 mərtəbəsini tikib yekunlaşdırıb və bunun satışından 2.900.000 manat əldə edib. Tikintinin smeta dəyəri 3.000.000 manatdır. 5 mərtəbənin faktiki tikintisi üçün 1.000.000 manat və torpaq sahəsinin alınması üçün 300.000 manat sərf edilib.

Sual: Bu zaman gəlirlər və xərclər necə formalaşır?

MMC-nin əldə etdiyi ümumi məbləğin 5.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə gəlir kimi faktiki tikdiyi sahədən əldə etdiyi 2.900.000 manatı göstərəcək. Bundan əlavə, smeta dəyərinin 3.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə xərc kimi faktiki çəkdiyi 1.000.000 manatı+ 300.000 manat torpağın dəyəri = 1.300.000 manat göstərəcək.

Beləliklə, bina tikintisində xərclər və gəlirlər faktiki yerinə yetirilmiş mərhələ üçün uçota alınır. Yerdə qalan daxilolmalar alınmış avans məbləğlər kimi, xərclər də gələcək dövrün xərcləri kimi uçota alınır və növbəti mərtəbələrdə və ya ilin sonunda binanın bir hissəsinin tikintisi yekunlaşdıqda yekunlaşan hissə üzrə gəlirlər və xərclər nəzərə alınır.

Fərqanə ALLAHVERDİQIZI