2021-ci il 12 fevral tarixində "Azərtac İnformasiya Agentliyi"nin muxbiri Samirə Quliyevanın Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc olunmuşdur.

 

Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi

ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni

təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir.

 

Prezident İlham Əliyev

 

Azərbaycanda şəffaflığın artırılması istiqamətində konseptual yanaşmalar formalaşdırılıb

 

        Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Şəffaflığın təminatçısı kimi səmərəli və stimullaşdırıcı nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafa təminatın vacib amillərindən biridir. Şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi qeyri-şəffaf, kölgəyə meylli sistemdən daha çoxdur və iqtisadiyyatın idarə edilməsində optimal qərarların qəbulu cəmiyyətin mənafelərinin qorunması sahəsində real zəmin yaradır.

 

İqtisadi siyasətin aparılmasında auditin rolu

 

Yarandığı gündən indiyədək Azərbaycanda milli audit sistemi bərqərar olunub, auditor xidmətlərinin həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli yüksəlib. Auditorlar Palatası bu dövr ərzində milli audit sisteminin bərqərar olması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında auditin rolunun yüksəldilməsində yaxından iştirak edib. İqtisadiyyatımızın davamlı inkişafı nəticəsində maliyyə hesabatlılığında şəffaflığın təmin olunması sahəsində maliyyə nəzarətinin, eləcə də müstəqil auditin qarşısında qoyduğu öhdəliklər uğurla yerinə yetirilib.

İqtisadi inkişafın Azərbaycan modelinin uğurla reallaşdırılması Azərbaycan iqtisadiyyatını ümumdünya maliyyə böhranının təsirindən qoruyub saxlamağa imkan verib. Bu istiqamətdə şəffaflıq amilinə xüsusi diqqət ayrılması mühüm əhəmiyyət daşıyıb. Şəffaflıq amili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılmışdır. Ümummilli liderin "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli Sərəncamı, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli Fərmanı ölkədə şəffaflığın təmin edilməsi sahəsində görülən tədbirlərin hüquqi bazasını təşkil etmişdir. Bu sənədlər, eyni zamanda, iqtisadiyyatımızda demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Şəffaflıq olmadığı halda iqtisadi cinayətlərin artması gözlənilən bir prosesdir, bu isə sosial-iqtisadi gərginliyi artırmaqla yanaşı, həm də qeyd etdiyimiz kimi korrupsiyaya və rüşvətxorluq hallarının artmasına gətirib çıxarar. Audit korrupsiya və fırıldaqçılıq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də rolu az deyil. Belə ki, dövlətimizin başçısı daim ictimaiyyəti öz nəzarətini daha da artırmağa və cəmiyyətin mənfi tendensiyalardan xilas edilməsinə yardımçı olmağa səsləyib: "Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. ...Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verilsin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Auditorlar Palatasının yaranması Azərbaycanda iqtisadi sahədə köklü islahatların aparıldığı dövrə təsadüf edirdi. Palata fəaliyyəti dövründə milli audit sisteminin formalaşması sahəsində fundamental işlər görüb, audit xidmətinin əhatə dairəsi genişlənərək ölkə iqtisadiyyatının inkişafında, şəffaflığın təmin olunmasında, korrupsiyaya qarşı mübarizədə əvəzsiz rol oynayıb. Auditin korrupsiyanın azaldılmasında rolu şəffaflıq, hesabatlıq, risklərin azaldılması, fırıldaqçılıq imkanlarının azaldılması, qanunvericiliyə əməl olunmasına nəzarət istiqamətləri ilə müəyyən olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı olaraq həyata keçirilir. 2009-cü ildən başlayaraq ölkə Prezidenti İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi daimi diqqət və qayğının nəticəsin də audit keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş və onun ölkənin iqtisadi-sosial həyatında rolu və əhəmiyyəti daha da artmışdır. Bunlar, eyni zamanda, ölkə Prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olmuşdur.

 

Uğurlu islahatlar auditin əhəmiyyətini daha da artırır

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadi inkişaf modelinin formalaşdırılması və gücləndirilməsi istiqamətində davamlı işlər görülmüşdür. Bu sahədə dövlətin təkmilləşdirilmiş iqtisadi siyasəti hazırlanmış və müasir dövrün tələbləri də nəzərə alınmaqla, daim zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın səmərəliliyinin artırılması, iqtisadi sistemin işləkliyinin və şəffaflığının təmin olunması vacib məsələlər kimi xarakterizə edilir. Məhz bu məsələlərin maksimum tələb olunan səviyyədə həyata keçirilməsi mühasibatlıq işlərinin və hesabatlarının dürüstlüyünə imkan verən qanunvericilik bazasının formalaşdırılması, maliyyə hesabatlarının şəffaflığı üçün əsaslı zəminin yaradılması, vergi sisteminin mütərəqqi və şəffaf olmasının nəticəsində ölkəmizdə iqtisadi proseslərin səmərəliliyi ildən-ilə artmaqdadır. Şübhəsiz bu proseslərdə, ilk növbədə iqtisadiyyatda şəffaflığın əhəmiyyətli səviyyədə artımında auditin müstəsna rolu var. Ölkənin müxtəlif iqtisadiyyat sahələrində, həmçinin iqtisadi islahatların dərinləşdiyi bir şəraitdə, milli iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində aparılan tədbirlərin əhatəsinin genişləndiyi bir dövrdə audit sisteminin və audit fəaliyyətinin gücləndirilməsi mühüm amillərdən biri kimi qiymətləndirilir. Müstəqilliyin bərpasından sonrakı ilk dövrlərdə iqtisadiyyatın prioritet sahələrinin inkişaf etdirilməsində və ölkənin iqtisadi siyasətində şəffaflıq amili və təhlükəsizlik məsələləri ön plana çıxmışdır. Şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması iqtisadi inkişaf təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. O dövrdə “kölgə iqtisadiyyatı” məsələləri milli iqtisadi təhlükəsizlik üçün ciddi qorxu və təhlükə yaratmışdı, vergidən yayınmalar həddindən çox idi, əksər kiçik və orta müəssisələrdə mühasibatlıq işləri belə təşkil olunmamışdı, uçot məsələlərinə münasibətdə intizamsızlıq hökm sürürdü. Belə bir dövrdə ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının potensialının gücləndirilməsi, iqtisadi siyasətdə şəffaflığın təmin olunması və iqtisadi təhlükəsizlik amillərinin prioritetliyinə diqqətin artırılmasnı vacib hesab etmişdir. 1994-cü il sentyabrın 16-da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunla auditor xidmətinin təşkili, audit institunun formalaşdırılması və inkişaf etdirilməsi, audit fəaliyyətinin həyata keçirilməsi ilə bağlı proseslərin hüquqi baxımdan tənzimlənməsi istiqamətində mühüm addımlar atılmış, audit xidməti üzrə sahibkarlıq fəaliyyətinin təşkili ilə hüquqi əsaslar təmin olunmuş, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq, maliyyə-təsərrüfat sahəsində digər xidmətlərin göstərilməsində auditor xidmətinin rolu və funksiyaları müəyyənləşdirilmiş, zəruri hüquqi baza yaradılmışdır. 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanmış, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.

Ötən illər ərzində də Auditorlar Palatasının intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit sistemi formalaşmış, auditor xidmətlərinin həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu əhəmiyyətli dərəcədə dərinləşmişdir. Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Azərbaycan şəffaflığın artırılması üçün tam hüquqi bazaya malik yeganə ölkələrdəndir. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, maliyyə hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun surətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən Dövlət Proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl görülən tədbirlər - maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunmuşdur.

Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin və kölgə iqtisadiyyatının aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Auditorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev Auditorlar Palatasının 20 illik yubileyi münasibətilə Palatanın kollektivinə ünvanladığı təbrik məktubunda deyib: “Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, daxili audit xidmətinin korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir”.

Onu da demək kifayətdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə Auditorlar Palatasının rəhbərliyi, eləcə də işcilərindən və üzvlərindən bir qrupu "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

Auditorlar Palatası beynəlxalq qurumlarla uğurla əməkdaşlıq edir

 

Auditorlar Palatası özünün beynəlxalq əlaqələrinin qurulması üzrə fəaliyyətinə - beynəlxalq və regional peşə qurumlarında təmsilçiliyə, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi, milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla ölkədə tətbiq edilməsi baxımından yanaşır. Xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi Azərbaycanda auditor xidmətinin inkişafına və keyfiyyətinin yüksəldilməsinə, eləcə də auditor xidmətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ciddi kömək edir. Auditorlar Palatası müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə 40-a yaxın xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzalamış, işgüzar əlaqələr qurmuşdur. Bu əməkdaşlıq ölkəmizdə şəffaflığın artırılması və auditin inkişafı sahəsində xarici tərəfdaşlarla təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

        Belə ki, Auditorlar Palatası Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyası ilə əməkdaşlıq sazişi,  Londonda yerləşən Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ilə anlaşma memorandumu imzalayıb. Eyni zamanda, Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu beynəlxalq peşəkar qurumlara tam hüquqlu üzvlüyə qəbul olub.

        Hazırda Auditorlar Palatası Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarus, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi sahəsində də böyük işlər həyata keçirir. Həmçinin Palatanın sədri və əməkdaşları Lissabon, Sinqapur, Gürcüstan, Varşava, Vyana, Kişineu, Belçika, Monteneqro, Minsk, Almaniya və s. ölkələrdə səfərlərdə ölkəmizi layiqincə təmsil ediblər. 

Auditorlar Palatası yerli qurumlarla da səmərəli əməkdaşlıq edir, konfrans, seminar, simpozium, dəyirmi masa və digər tədbirlər həyata keçirir. Əlaqlərin daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin müəssisə və təşkilatları ilə əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalanmış, onların iştirakı ilə mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq elmi-praktiki konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir. Bütün bunlar Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

        Auditorlar Palatasının ölkəmizin bir əsrlik yaşı olan və Azərbaycanın ilk dövlət informasiya agentliyi olan AZƏRTAC-la da geniş əməkdaşlıq əlaqələri uzun zamana dayanır. Bu əməkdaşlıq sayəsində Auditorlar Palatasının sədri Vahid Novruzovun müsahibələri, vacib əhəmiyyətli hadisələrlə bağlı məqalələri AZƏRTAC-da mütəmadi dərc edilir.

 

Auditin təbliği nəşrlərdə

 

Auditorlar Palatası audit sahəsində inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsini, eləcə də beynəlxalq audit praktikası əsasında respublikada auditin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər sisteminin işlənib hazırlanmasına xüsusi diqqət yetirir. Auditin inkişafını şərtləndirən əsas amillərdən biri beynəlxalq tələblər səviyyəsində fəaliyyət göstərmək iqtidarında olan kadrların hazırlanması və onların ixtisas səviyyəsinin daim artırılmasıdır. Audit sahəsindəki mövcud beynəlxalq standartların tətbiqi, audit normativ hüquqi bazasının təkmilləşdirilməsi sahəsində sanballı işlər görülüb, kadrların peşəkarlıq potensialının, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər həyata keçirilib. Auditorlar Palatası ölkəmizdə auditin təbliği, auditor kadrların hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması istiqamətində mühüm işlər görməkdədir.

Belə ki, Palata ölkəmizdə auditə dair ilk sanballı dərs vəsaiti və digər çoxsaylı xüsusi ədəbiyyat, sənədlər toplusu, tədris proqramları, o cümlədən auditə dair 55 kitab, ali məktəblər üçün “Audit” dərs vəsaiti, “Daxili audit” dərs vəsaiti, 43 milli audit standartları, Beynəlxalq Audit Standartları, “Audit Qanunvericilik və normativ sənədlər” toplusu, “Sahəvi auditlərin aparılmasına dair proqramlar” nəşr etdirib, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Qanunun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu, auditorların müstəqillik qaydaları hazırlanmış, “İqtisadiyyat və audit” jurnalını təsis etmişdir. "Peşəkar Mühasiblərin Etika Məcəlləsi. Beynəlxalq audit standartları" kitabının nəşri "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da nəzərdə tutulmuş və 2007-2011-ci illər ərzində həyata keçirilməli olan korrupsiyaya qarşı mübarizə sahəsində mühüm tədbirlərdən daha birinin icrasına - ölkədə beynəlxalq audit standartlarının tətbiqinə keçməyə imkan yaratmışdır.

Palata, həmçinin auditin aktual problemlərinə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş bir sıra beynəlxalq elmi-praktik konfrans və simpoziumlara təşkilatçılıq edib. Eyni zamanda, Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarında çalışan gənc mütəxəssis və assistentlər üçün daim ixtisasartırma kursları və daxili audit kurları keçirilməkdədir. Bütün bunlar müstəqil maliyyə nəzarəti sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilib ölkəmizdə tətbiqinə, həm də Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

 

                                               Auditorlar Palatası pandemiya dönəmində

 

Dünyada qlobal bəlaya çevrilmiş COVID-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan müstəqil auditdən də yan keçməyib. Pandemiya dönəmində Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun dediyi kimi, “Vətəndaşlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına cavab olaraq daha sıx birləşməli və tələb olunan bütün qoruyucu şərtlərə əməl etməlidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışları ilə bütün ölkənin səfərbər olunmasının, yeni bir vətəndaş həmrəyliyi aurasının yaranmasının şahidi olmaqdayıq. Biz bu istiqamətdə səy, bacarıq və imkanlarımızı daha da gücləndirməkdə davam etməliyik və edəcəyik də”. Belə ki, Auditorlar Palatası tərəfindən “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həllinə dair” keçirilmiş distant vebinarda audit sahəsində mövcud vəziyyət, qarşıda duran problemlər və vəzifələrin həllinə dair təqdim edilən təklif və tövsiyələr əsasında Palata sədrinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikasının Auditorlar Palatasının Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planına uyğun olaraq Auditorlar Palatasında yaradılmış İşçi Qərargahı tərəfindən kompleks tədbirlərin icrasına başlanılıb.

       

                                              Auditorlar Palatasından Ordumuza dəstək

 

Auditorlar Palatasının bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan və 44 gün davam edən Vətən müharibəsində də öz dəstəyini əsirgəmədi. Belə ki, Palatanın bir qrup əməkdaşı xalqımızın birliyinə və Vətənə sevgisini nümayiş etdirərək biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdülər. Auditorlar Palatası Azərbaycan Silahlı Qüvvələrinə N saylı hərbi hissəyə yardım paketləri göndərdi. Qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Auditorlar Palatası cəsarətli əsgərlərimizin mənən yanında oldu. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

        Auditorlar Palatasının Azərbaycan üçün peşəkar auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması sahəsində əldə etdiyi nailiyyətlər, bir sıra ölkələrin maliyyə nəzarəti qurumları ilə yaratdığı əlaqələr, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi sahəsində gördüyü işlər təqdirəlayiqdir. Auditorlar Palatasının fəaliyyət göstərdiyi 25 illik dövr bir daha təsdiqləyir ki, kənar audit Azərbaycan Respublikasının bazar yönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutmuş, özünü əsl mənada müstəqil, qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmiş, fəaliyyət göstərdiyi  illər ərzində auditor xidməti ölkədə maliyyə şəffaflığının təmin edilməsinə nail olmaq istiqamətində xeyli iş görmüşdür. Əminik ki, Auditorlar Palatası səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə, daha da artırılmasına və davamlı inkişaf və yüksək sosial səviyyəsinə hədəflənən inkişaf konsepsiyasının həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

 

Samirə Quliyeva

AZƏRTAC

Məqalə Azərbaycan Respublikasının Auditorlar Palatasının yaranmasının 25-ci ildönümü münasibətilə elan olunmuş müxbir yazısı müsabiqəsinə təqdim etmək üçündür