Azərbaycan Respublikasının Auditorlar Palatasında Vaqif Ağahüseyn oğlu Ağayevin 70 illik yubileyinə həsr olunmuş onlayn anım tədbiri keçirilmişdir
2021-ci il 5 fevral tarixində Auditorlar Palatasında Auditorlar Palatası Şurasının sabiq üzvü və “RR &VAM-Beynəlxalq” Müstəqil Auditor Firmasının prezidenti, Fəxri auditor kimi fəaliyyət göstərmiş Vaqif Ağahüseyn oğlu Ağayevin 70 illik yubileyinə həsr olunmuş onlayn anım tədbiri keçirilmişdir.
Anım tədbirində Vaqif Ağayevin xatirəsini əziz tutan Palatanın rəhbərliyi, Palata Şurasının üzvləri, Palatanın struktur bölmələrinin rəhbərləri və Vaqif Ağayevin ailə üzvlərindən nümayəndə qismində oğlu iştirak etmişdir. Onlayn tədbir iştirakçıları Vaqif Ağayevlə bağlı fikirlərini, xatirələrini bölüşərək onun necə dəyərli insan, həmkar olduğunu vurğuladılar. Sonra Vaqif Ağayevin tərcümeyi-halı və keçdiyi əmək fəaliyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Vaqif Ağayev 1951-ci il fevralın 7-də Zərdab rayonunda ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1977-ci ildə həmin İnstitutun maliyyə-kredit fakültəsini müvəffəqiyyətlə bitirib təhsilini aspiranturada davam etdirmişdir.
Əmək fəaliyyətinə hələ İnstitutda oxuduğu illərdən başlamışdır. Ali təhsil aldığı dövrdə Yerli Sənaye Nazirliyində mühəndis, institutu bitirdikdən sonra Azərbaycan Tikinti Bankının (Stroybank) N.Nərimanov rayon filialında baş kredit müfəttişi, Azərbaycan Dövlət Kinomatoqrafiya Komitəsində Baş Nəzarət Təftiş İdarəsinin rəisi, Kökə-Maya Kombinatının baş mühasibi, “Xal-Xal” firmasının İcraçı Direktoru vəzifələrində çalışmışdır.
Azərbaycanda artıq yeni bir iqtisadi infrastruktur sahəsi olaraq formalaşmış auditor xidmətinin təşəkkül tapdığı dövrdə Azərbaycan Respublikasının Auditorlar Palatasından auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı almış ilk auditorlardan biri məhz o, olmuşdur. Audit sahəsinə gəldiyi gündən öz fəaliyyəti ilə bu peşənin nüfuzunu yüksəltmək üçün bütün səy və bacarığını əsirgəməmişdir.
Vaqif Ağayev Auditorlar Palatasının bütün tədbirlərində fəallığı ilə seçilər, təkliflərlə çıxış edər və nöqsanları tənqid etməkdən çəkinməzdi. Audit sahəsinə gəlişini özünün dediyi kimi köhnə dostlarının yanına yeni formatda qayıdışı hesab edirdi. Bu dövrdə sanki o, özünü yenidən və yeni keyfiyyətlərlə kəşf etmişdi. 1997-ci il dekabrın 25-də təsərrüfat subyektlərində qanunvericilik aktlarının tələblərinə riayət olunması, maliyyə və mühasibat uçotunun qurulması, şəffaflığın təmin olunması işinə öz töhfəsini vermək məqsədilə həmfikirləri ilə birlikdə “RR &VAM-Beynəlxalq” Müstəqil Auditor Firmasını yaratmış və onun prezidenti olmuşdu. Bu illər ərzində rəhbərlik etdiyi firmanı respublikada qabaqcıl auditor firmalarından birinə çevirə bilmişdi.
İqtisad yönümdə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş və 2001-ci ildə nəşr olunmuş “Audit” kitabının, 2008-ci ildə isə nəşr olunmuş “Daxili audit” kitabının həmmüəlliflərindən biri olmuşdu. Onun haqqında 2008-ci ildə nəşr olunmuş “Azərbaycan iqtisadçıları” kitabında məlumat verilmişdi. O, kollektiv arasında böyük nüfuz sahibi idi. Palata rəhbərliyi tərəfindən xidmətləri yüksək qiymətləndirilərək 2007-ci ildə o, Azərbaycan Respublikasının İlk Fəxri Auditoru medalı ilə təltif edilmişdir. Həmçinin o, bədii yaradıcılıqla da məşğul olurdu. Özünün dediyi kimi ədəbi yaradıcılıqla məşğul olmaq onun hobbisi idi. Bu hobbisi ilə o qısa zaman kəsiyində silsilə kitablarla yaddaşlarda yeni tərzdə həkk olundu. Əksər povest və romanlarının süjet xəttini özünün şahidi olduğu, müşahidə etdiyi, bəzən isə birbaşa iştirakçısı olduğu real həyat hadisələri təşkil edir. İlk kitabını çap etdirəndən sonra cəmi yeddi il yaşadı. Amma yeddi ildə 12 kitabı üşıq üzü gördü. Elə bil ki, harasa tələsdiyindən idi. 2003-cü ildə “Bağban”, 2004-cü ildə “Oxşar talelər”, 2005-ci ildə “Həsrət”, “Doğmalar”, “Ömrün həzin pıçıltıları”, 2006-cı ildə “Acı həqiqət”, “Qara göz yaşları”, 2007-ci ildə “Tale yolları” və “Fındıqlı kəndinin əhvalatları”, 2008-ci ildə “Sən mənim həyatımsan”, 2009-cu ildə “Eşq kəpənəkləri”, 2010-cu ildə “Onun şirin yuxuları” adlı kitabları işıq üzü gördü, özünə kifayət qədər oxucu kütləsi tapdı, sevildi və rəğbətlə qarşılandı. Sağlığında çap etdirməyə macal tapmadığı “Yarımçıq qalmış ömür” adlı 13-cü kitabı isə onun ruhunu əziz tutanların səyləri nəticəsində işıq üzü görmüşdü.
Oğlu atasının 70 illik yubileyi münasibətilə belə bir tədbiri keçirdiklərinə və onun əziz xatirəsini yad etdiklərinə görə Palatanın rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Anım tədbirinin sonunda iştirakçılar Vaqif Ağayevin qəbrini ziyarət edərək onun əziz xatirəsini bir daha yad etdilər.
Qalareya