Azərbaycan Respublikasının Auditorlar Palatası Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının beynəlxalq videokonfransında iştirak edib

Oktyabrın 22-də Rusiyanın “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən videokonfrans formatında Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanması üzrə peşəkar auditor və mühasibatlıq təşkilatlarının birgə səylərinin koordinasiyası üzrə işçi qrupu”nun iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Palata sədrinin müşaviri Fəqan Qarayev, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və işçi qrupunun üzvü, Azel-Audit” MMC-nin direktor-auditoru Elzadə Süleymanova iştirak ediblər.

Videokonfransın keçirilməsində məqsəd cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə peşəkar audit və mühasibatlıq qurumlarının birgə səylərinin əlaqələndirilməsi və müstəqil auditin rolunun bu sahədə artırılması, PL/TMM və audit xidmətlərinin keyfiyyətinə nəzarətin hüquqi əsaslarının təkmilləşdirilməsi olub.

Konfransı giriş sözü ilə açan Latviyanın Mühasiblər Assosiasiyasının prezidenti, Latviya Respublikasının Audit üzrə Məsləhət Şurasının sədri, iqtisad elmləri doktoru, professor Andrey Ponomaryov çirkli pulların yuyulması və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması ilə mübarizə sahəsində beynəlxalq mühasiblər və auditor birliklərinin köməyinin əhəmiyyətindən danışıb.

Daha sonra Qırğızıstan Respublikası Mühasiblər və Auditorlar Birliyi Şurasının üzvü, “V.Jacobs-Audit" QSC-nin direktoru xanım Galina Rostokinanın Qırğızıstan Respublikasının auditor cəmiyyətinin cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulmasına qarşı mübarizə tədbirləri sistemindəki rolu haqqında olan çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Xanım Qalinadan sonra Qazaxstan Respublikası Auditorlar Palatasının üzvü, Qazaxstan Respublikasının auditoru, Qazaxstan Respublikasının peşəkar mühasibi, mühasiblər və sahibkarlar üçün portalın layihə rəhbəri Elena Rozinkina çıxış etdi. Çıxışı zamanı o, Qazaxstanda cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri sisteminin səmərəli tətbiq edilməsi yollarını açıqlayıb.

Daha sonra Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri, iqtisad elmləri doktoru, professor Minovar Maxkamovna çıxış edərək Özbəkistan Respublikasının cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarının auditi və maliyyə monitorinqi barədə danışıb.

Sonda iclas iştirakçıları tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə müvafiq regional qrupların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.