Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında videokonfrans formatında təşkil olunmuş iclas keçirilib

2020-ci il avqustun 13-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında videokonfrans formatında iclas keçirilib.

Yığıncaqda beynəlxalq qurumun prezidenti Salvador Marin, Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin müşaviri və Beynəlxalq əlaqələr komitəsinin sədri Fəqan Qarayev və Palatanın üzvü, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə iştirak ediblər.

1994-cü ildə yaradılmış EFAA Avropada və Avropa İttifaqı ölkələrində kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 350 mindən çox mühasib və auditorun təmsil olunduğu 13 üzvü mövcuddur. 2003-cü ildən etibarən bu qurumun tam hüquqlu üzvü olan Auditorlar Palatası Auditorlar Palatası ilə EFAA arasında sıx əməkdaşlıq əlaqələri, dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılıb və davam etdirilib. Belə ki, hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətlərimiz yaxından iştirak etmişlər.

EFAA-nın prezidenti Salvador Marin Palatanın sədrinə iki qurum arasında davam edən sıx əməkdaşlığa görə öz minnətdarlığını bildirib və əməkdaşlığımızın gələcək inkişafına dair aşağıdakı təklifləri irəli sürüb:

1. Palatanın üzvü, auditor Səftər Vəlizadənin EFAA-nın Mühasibatlıq və Audit üzrə Ekspert Qruplarına daxil edilməsi;

2. Auditorlar Palatasına göstərilən etimada əsasən, onun üzvü S.Vəlizadənin region üzrə EFAA prezidentinin müşaviri olması və onun adından çıxış etməsi, qonşu ölkələr Türkiyə və Gürcüstanın mühasibatlıq və audit qurumlarının EFAA-nın üzvlüyünə qəbul edilməsi istiqamətində EFAA-ya dəstək və köməyin göstərilməsi.

Daha sonra beynəlxalq qurumun prezidenti Salvador Marin cari ilin sentyabr ayında öz təkliflərinə dair dəqiqləşdirilmiş gündəliyin hazırlanıb Auditorlar Palatasına göndəriləcəyini bildirib və bir daha Palatanın rəhbərliyinə öz minnətdarlığını ifadə edib.

Qalareya