Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun "AZƏRTAC"-a 17 aprel 2020-ci il tarixli müsahibəsi dərc etdirilmişdir.

İndiki vəziyyətdə istehsal edilən istər sənaye, emal, istərsə də kənd təsərrüfatı məhsullarının düzgün uçotu və hesabatı aparılmalı, onların bölgüsündə bütün əhali qruplarının mənafeləri nəzərə alınmalıdır.

Bu sözləri AZƏRTAC-a Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.

“Ötən günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans dünya iqtisadiyyatının məlum səbəblərdən böhrana uğramasının ilkin fazası şəraitində keçirildi. Mühüm nəzərəçarpan uğurların da əldə edildiyi cari ilin ilk rübünün nəticələrinə dünyada baş verən pandemiyanın mənfi təsirlərinin qaçılmazlığını nəzərə alaraq ölkə başçısı haqlı olaraq daha çox mövcud durum şəraitində qarşıda duran problemlərin həlli üzərində dayandı. Bu baxımdan, dövlətimizin başçısının belə bir fikirini vurğulamaq yerinə düşər – “öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”. Göstərilən məqsədə çatmağın yolları da Prezident İlham Əliyev tərəfindən göstərildi və onların həll edilməsi müvafiq qurumlara tapşırıldı. “Vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır” tapşırığı isə yeni dövrün çağırışlarından biri kimi müstəsna əhəmiyyət kəsb edir”, - deyə V.Novruzov qeyd edib.

O deyib: “İqtisadi tarix göstərir ki, belə çətin durumlarda vəsaitlərdən səmərəli, düzgün və qənaətlə istifadə qələbə üçün çox mühüm amildir. Bunun üçün isə hər bir iqtisadi sahədə, təsərrüfat subyektində və regionda təkmil uçot və hesabatlılığın təşkili və qabaqcıl təcrübə nəzərə alınmaqla tətbiqi təxirə salınmadan həll edilməlidir. Fikrimizcə, bu, dövlət təşkilatları və şirkətləri ilə yanaşı, özəl sektora da şamil edilməlidir. İndiki vəziyyətdə istehsal olunan istər sənaye, emal, istərsə də kənd təsərrüfatı məhsullarının düzgün uçotu və hesabatı aparılmalı, onların bölgüsündə bütün əhali qruplarının mənafeləri nəzərə alınmalıdır. Təbii ki, bu, heç də sahibkarların və mülkiyyətçilərin hüquq və mənafelərinə basqı kimi dəyərləndirilməməli, sadəcə istehsal, bölgü və istehlak mərhələlərində şəffaflığın təminatı kimi qəbul olunmalıdır. Bu, həm də qarşılaşdığımız mövcud durumdan çıxmağın sınanmış yolu hesab oluna bilər”.

“Azərbaycan Prezidentinin yeni gəlir mənbələrinin aşkar olunmasına dair tapşırığı da müasir dövrün çağırışlarından biri kimi diqqəti cəlb edir. Bu baxımdan kölgə iqtisadiyyatına qarşı mübarizənin daha ardıcıl və sistemli aparılması mühüm əhəmiyyətə malikdir. Bu məqamda kölgə iqtisadiyyatına qarşı mübarizəni strateji xətt kimi dəyərləndirən Prezident İlham Əliyevin cari il martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən söylədiyi aşağıdakı sözlərini xatırlatmaq istərdim: “Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi”. Bu problemə çox ciddi diqqət yetirən Prezident İlham Əliyev birinci rübün yekunlarına həsr olunmuş müşavirədə kölgə iqtisadiyyatında olanlara bir daha çağırış edib: “Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır”. Son müşavirədə yuxarıda göstərilənlərdən əlavə digər bir sıra müasir durum üçün aktual problemlər də qaldırılıb, o cümlədən özəl sərmayələrin təşviqi, sahibkarlara dəstəyin genişləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması, sosial sahəyə diqqətin maştabı, işsizlik və ictimai iş yerlərinin yaradılması, özünüməşğulluğun təşkili və sair. Bütün bunlar, habelə 2020-ci ilin ölkəmizdə çox dərin və geniş islahatlar ili olacağı, siyasi islahatların və siyasi dialoqun genişləndirilməsi, yeni vətəndaş həmrəyliyinin formalaşması və digər atılan düzgün addımlar koronavirusa qarşı Azərbaycan Prezidenti tərəfindən görülən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət dünyanı cənginə almış pandemiyada insanlarımızın sağlamlığının, onların həyatının qorunması sahəsində bir çox ölkələr üçün örnək olan və vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilən ölkə başçısı ətrafında bizim daha sıx birləşməyimizə zəmin yaratmaqla bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağımıza ümidlərimizi möhkəmləndirir”, - deyə Auditorlar Palatasının sədri əlavə edib.