Auditorlar Palatasında “Müəssisələrin komplayens sistemi  haqqında nələri bilməliyik?” mövzusunda ustad dərsi keçirilib

Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, 2026-cı il 25 noyabr tarixində “Müəssisələrin komplayens sistemi haqqında nələri bilməliyik?”  mövzusunda onlayn qaydada ustad dərsi keçirilib.

Ustad dərsində Auditorlar Palatası sədrinin məsləhətçisi Qəşəm Bayramov moderator, sərbəst auditor İlham Süleyman isə məruzəçi qismində çıxış ediblər.

Ustad dərsini giriş sözü ilə Auditorlar Palatası sədrinin məsləhətçisi Qəşəm Bayramov açaraq, “Müəssisələrin komplayens sistemi haqqında nələri bilməliyik?”  mövzusunun aktuallığından danışaraq qeyd etmişdir ki, müasir dövrdə iqtisadi münasibətlərin inkişafı, biznes mühitinin mürəkkəbləşməsi, korporativ idarəetməyə və şəffaflığa dair tələblərin artması müəssisələrin fəaliyyətində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu gün hər bir müəssisənin uğurlu və dayanıqlı fəaliyyəti yalnız onun maliyyə nəticələri, istehsal göstəriciləri və ya bazardakı mövqeyi ilə qiymətləndirilmir. Eyni zamanda, müəssisənin fəaliyyətini nə dərəcədə şəffaf, məsuliyyətli və qanunvericiliyin tələblərinə uyğun təşkil etməsi də mühüm əhəmiyyət daşıyır.

Məhz bu baxımdan komplayens sistemi müasir korporativ idarəetmənin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir.

Komplayens anlayışı, ilk növbədə, müəssisənin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, daxili qaydaların, etik davranış prinsiplərinin və müvafiq standartların tələblərinə uyğunluğunu ifadə edir. Lakin müasir yanaşmada komplayens yalnız müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edilməsi ilə məhdudlaşmır. Bu sistem, eyni zamanda, risklərin qabaqcadan müəyyənləşdirilməsi, mümkün pozuntuların qarşısının alınması, məsuliyyətli idarəetmə mühitinin yaradılması və təşkilat daxilində dürüstlük mədəniyyətinin formalaşdırılması baxımından mühüm rol oynayır.

Məlum olduğu kimi, istənilən müəssisə fəaliyyət prosesində müxtəlif xarakterli risklərlə üzləşə bilər. Bunlara qanunvericiliyin tələblərinin pozulması, maraqlar toqquşması, korrupsiya və dələduzluq halları, etik davranış qaydalarına əməl edilməməsi, məxfi məlumatların qorunması ilə bağlı çatışmazlıqlar və digər uyğunluq riskləri aid edilə bilər.

Bu cür risklərin vaxtında aşkar edilməməsi və düzgün idarə olunmaması müəssisələr üçün yalnız maliyyə itkilərinə və hüquqi məsuliyyətə səbəb olmur, həm də onların işgüzar nüfuzuna, tərəfdaşlarla münasibətlərinə və ictimai etimadına mənfi təsir göstərə bilir.

Buna görə də effektiv komplayens sisteminin yaradılması müəssisələrin fəaliyyətində qanun pozuntularının qarşısının alınması ilə yanaşı, idarəetmə proseslərinin təkmilləşdirilməsinə, qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsinə və ümumilikdə korporativ məsuliyyətin gücləndirilməsinə xidmət edir.

Xüsusilə vurğulamaq istərdim ki, komplayens sisteminin səmərəliliyi yalnız müəssisədə müvafiq qaydaların və prosedurların mövcudluğu ilə müəyyən olunmur. Əsas məsələ həmin qaydaların gündəlik fəaliyyətdə real tətbiq edilməsi, rəhbərlik və əməkdaşlar tərəfindən düzgün başa düşülməsi, eləcə də müəssisənin bütün struktur bölmələrində uyğunluq prinsiplərinə əməl olunmasıdır.

Başqa sözlə, komplayens yalnız müəyyən bir struktur bölmənin və ya məsul şəxsin fəaliyyəti deyil, bütövlükdə müəssisənin idarəetmə mədəniyyətinin mühüm elementidir.

Bu sahədə müəssisə rəhbərliyinin mövqeyi, əməkdaşların məlumatlandırılması, daxili qaydaların aydınlığı, risklərin mütəmadi qiymətləndirilməsi və nəzarət mexanizmlərinin effektivliyi xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, komplayens sisteminin daxili nəzarət, risklərin idarə edilməsi və daxili audit funksiyaları ilə qarşılıqlı əlaqəsi də diqqət yetirilməli məsələlərdəndir. Bu istiqamətlərin hər biri müəssisənin etibarlı və səmərəli fəaliyyətinə xidmət etsə də, onların məqsədləri, funksiyaları və məsuliyyət sahələri arasında müəyyən fərqlər mövcuddur.

Bu fərqlərin düzgün başa düşülməsi və müvafiq funksiyalar arasında səmərəli əməkdaşlığın qurulması müəssisələrdə sağlam nəzarət və idarəetmə mühitinin formalaşdırılması baxımından vacibdir.

Bu gün komplayens sisteminin əhəmiyyəti təkcə iri şirkətlər və maliyyə institutları üçün deyil, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün də getdikcə artır.

Beynəlxalq təcrübə göstərir ki, komplayensə sistemli yanaşma müəssisələrin fəaliyyətində şəffaflığın artırılmasına, mümkün pozuntuların qarşısının alınmasına, tərəfdaşların və investorların etimadının möhkəmləndirilməsinə müsbət təsir göstərir.

Bu baxımdan müəssisələrdə komplayens sisteminin yaradılması və inkişaf etdirilməsi yalnız mövcud tələblərə uyğunlaşmaq zərurəti kimi deyil, həm də uzunmüddətli dayanıqlılığın və etibarlı işgüzar münasibətlərin təmin edilməsinə yönəlmiş mühüm idarəetmə yanaşması kimi qiymətləndirilməlidir.

Ölkəmizdə də korporativ idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə və biznes mühitində dürüstlük prinsiplərinin gücləndirilməsi baxımından komplayens məsələlərinin öyrənilməsi və tətbiqi xüsusi aktuallıq kəsb edir.

Bu səbəbdən komplayens sisteminin mahiyyətinin, onun əsas elementlərinin, fəaliyyət mexanizmlərinin və müəssisələr üçün yaratdığı imkanların öyrənilməsi həm rəhbər şəxslər, həm maliyyə və audit sahəsində çalışan mütəxəssislər, həm də digər struktur bölmələrin əməkdaşları üçün faydalıdır.

Komplayens sisteminin əsas məqsədi qanunvericiliyin pozulması hallarının qarşısının alınması, hüquqi, maliyyə və reputasiya risklərinin azaldılması, fəaliyyətin şəffaflığının təmin edilməsi və müəssisədə effektiv daxili nəzarət mühitinin formalaşdırılmasıdır.

Maliyyə hesabatlarının auditi zamanı isə komplayens sistemi ilə əlaqədar əsasən BAS 250, BAS 315, BAS 240, BAS 330, BAS 265 və BAS 260 standartlarının müddəaları nəzərə alınmalıdır. Bu standartlar qanunvericiliyə uyğunsuzluqların maliyyə hesabatlarına təsirinin, daxili nəzarət sisteminin və əhəmiyyətli təhrif risklərinin auditor tərəfindən qiymətləndirilməsinə metodoloji əsas yaradır.

Yekun olaraq, effektiv komplayens sistemi üç əsas nəticəni təmin etməlidir:

  1. Müəssisənin fəaliyyətinə tətbiq olunan hüquqi tələblərə düzgün və vaxtında riayət olunması.

  2. Hüquqi, maliyyə, əməliyyat və reputasiya risklərinin vaxtında müəyyən edilməsi və idarə olunması.

  3. Nəzarət sisteminin davamlı monitorinqi, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətin şəffaflığının gücləndirilməsi.

Beləliklə, komplayens sistemi yalnız qanunvericiliyə formal uyğunluq mexanizmi kimi deyil, müəssisənin korporativ idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sisteminin mühüm tərkib hissəsi kimi formalaşdırılmalıdır.

 

Daha sonra Qəşəm Bayramov mövzu ətrafında geniş çıxış etmək üçün sözü məruzəçi İlham Süleymana verdi. İlham Süleyman çıxış edərək “Müəssisələrin komplayens sistemi haqqında nələri bilməliyik?” istiqamətində aşağıdakı əsas məqamları və təcrübi nümunələrini iştirakçıların diqqətinə çatdırdı:

Komplayens – şirkətin qanunlara, tənzimləyici tələblərə, daxili qaydalara və rəhbərliyin qəbul etdiyi etik prinsiplərə uyğun fəaliyyət göstərməsini təmin edən idarəetmə sistemidir.

Şirkətin komplayens sistemi aşağıdakı komponentləri özündə ehtiva edir:

-Etik davranış;

-Maraqlar toqquşmasının qarşısının alınması;

-Beynəlxalq sanksiya rejiminə uyğunluq (öhdəlik daşıyan şəxslərdə -ƏL/TMM);

-Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə;

-Dələduzluğa və saxtakarlığa qarşı mübarizə;

-Məlumatların saxlanması və məxfiliyinin qorunması;

-Nüfuz riskinin idarə edilməsi.

 Komplayens sisteminin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

-Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;

-Şirkətin daxili qaydalarının və prosedurların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;

-Etik davranış qaydalarının təşviq edilməsini və korporativ dəyərlərin qorunmasını təmin etmək;

-Risklərin erkən mərhələdə aşkarlanmasını və idarə olunmasını təmin etmək;

-Şirkətin ictimai nüfuzunun qorunmasını təmin etmək.

-Şirkətin müştərilərinin etimadının qazanılmasını təmin etmək

Komplayens sistemini məcburi edən əsas qanunvericilik aktları bunlardır:

-Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun;

-Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun;

-Hədəfli maliyyə sanksiyaları haqqında” Qanun;

-Cinayət Məcəlləsi;

-İnzibati Xətalar Məcəlləsi;

-Əmək Məcəlləsi;

-Vergi Məcəlləsi;

-“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;

-korporativ və müvafiq sahə qanunvericiliyi;

-maliyyə bazarları üzrə qəbul edilmiş xüsusi normativ aktlar (Maliyyə Nazirliyi, Mərkəzi Bank, MMX və s.).

Əsas komplayens riskləri bunlardır:

-korrupsiya və rüşvət;

-cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi;

-maraqlar toqquşması;

-sanksiyalar;

-məlumatların məxfiliyinin qorunması;

-etik davranış;

-saxtakarlıq və sui-istifadə;

-qanunvericiliyin və daxili qaydaların pozulması.

Beynəlxalq sanksiya rejimi ilə uyğunluq

Beynəlxalq sanksiya rejimi Birləşmiş Millətlər Təşkilatı (BMT), dövlətlər və ya regional təşkilatlar (Aİ, ABŞ) tərəfindən beynəlxalq hüququ pozan, sülhə təhdid yaradan dövlətlərə, qruplara və ya şəxslərə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər toplusudur. İqtisadi, maliyyə (aktivlərin dondurulması), ticarət embarqoları və səyahət qadağaları kimi növləri mövcuddur.

Komplayens uyğunluğu: Şirkət müştərilərinin sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısında və beynəlxalq sanksiya siyahılarında olub-olmamasını mütəmadi yoxlamalıdır.

Korrupsiyaya qarşı komplayens

Korrupsiya risklərinin idarə edilməsi ayrıca sistem tələb edir. Şirkətdə ən azı aşağıdakı daxili sənədlər və prosedurlar qəbul edilməlidir:

-korrupsiyaya qarşı siyasət;

-hədiyyə və qonaqpərvərlik siyasəti;

-maraqlar toqquşması siyasəti;

-üçüncü tərəflərin yoxlanılması;

-satınalma prosedurları;

-ödənişlərə nəzarət;

-xeyriyyə və ianələrə nəzarət;

-vasitəçilərin yoxlanılması;

-pozuntuların bildirilməsi mexanizmi.

Maraqlar toqquşması

Maraqlar toqquşması, işçinin şəxsi maraqları ilə cəmiyyətin və ya onun müştərilərinin maraqları arasında potensial və ya faktiki ziddiyyətin yarandığı vəziyyətdir. Belə hallar vaxtında aşkar edilmədikdə və idarə olunmadıqda, cəmiyyətin qərarvermə obyektivliyinə, reputasiyasına və requlyativ uyğunluğuna mənfi təsir göstərə bilər. Nəticə etibarilə bu, cəmiyyətin öz maraqlarını müştərinin maraqlarından üstün tutmasına və ya bir müştərini digərindən üstün tutmağa gətirib çıxara bilər. Maraqlar toqquşması hər zaman qanun pozuntusu demək deyil, amma idarə edilməyən maraqlar toqquşması ciddi pozuntuya çevrilə bilər. 

Etik davranış

Etik davranış qaydaları hər bir şirkətdə işçilərin davranışına nəzarəti təmin edir. Etik davranış qaydaları aşağıdakı əsas prinsipləri nəzərdə tutur:

-Dürüstlük və şəffaflıq: Hər bir işçi iş fəaliyyətində açıq və dürüst olmalıdır;

-Müştəri maraqları: Müştərinin hüquqları və etimadı əsas prioritet hesab olunur;

-Məlumatların saxlanması və məxfiliyinin qorunması: Şirkətin kommersiya sirrinin və müştərilərin məlumatlarının qorunması əsas prinsipdir;

-Qeyri-qanuni təsirlərin rədd edilməsi: Şirkətdə hər cür korrupsiya, təzyiq və maraqlar toqquşması halları ilə ciddi mübarizə aparılır;

-Hesabatlılıq və şəffaf qərarvermə: Verilən hər bir qərar etik çərçivədə olmalı, qanunvericiliyə və hüquqa əsaslanmalıdır.

Təlim

Şirkətdə əməkdaşlar öz fəaliyyətlərinə aid komplayens risklərini bilməlidirlər:

- rəhbərlər;

- satış işçiləri;

- satınalma əməkdaşları;

- maliyyəçilər;

- mühasiblər;

- hüquqşünaslar;

- HR;

- İT;

- digər əməkdaşlar.

Məlumatların məxfiliyinin qorunması

İşçilər aşağıdakı məlumatların məxfiliyini təmin etməlidirlər:

- Şirkətin hüquqi xarakterli məlumatları;

- Şirkətin kommersiya sirri;

- Şirkətin müştəriləri haqqında məlumatlar;

- Şirkətin işçi personalı haqqında məlumatlar;

- Vəzifə öhdəliklərinin icrası ilə əlaqədar işçiyə məlum olan, ölkənin milli təhlükəsizliyi ilə bağlı hər hansı məlumatlar.

Monitorinq

Komplayens sistemi qurulduqdan sonra iş bitmir. Daimi monitorinq lazımdır. Məsələn:

- neçə əməkdaş təlim keçib?

- neçə maraqlar toqquşması bəyan edilib?

- neçə komplayens müraciəti daxil olub?

- neçə araşdırma aparılıb?

- neçə pozuntu təsdiqlənib?

- hansı sahələrdə risk artıb?

- hansı daxili qaydalar yenilənməlidir?

Şirkətdə komplayens sistemini necə qurmaq olar: praktiki addımlar

Birinci addım: Şirkətin fəaliyyət sahəsini və hüquqi tələblərini dəqiq müəyyən etmək.

İkinci addım: Komplayens risklərinin xəritəsini hazırlamaq.

Üçüncü addım: Riskləri aşağı, orta və yüksək dərəcəli risklər kimi qiymətləndirmək.

Dördüncü addım: Komplayens siyasətini qəbul etmək.

Beşinci addım: Maraqlar toqquşması, hədiyyələr, rüşvət və korrupsiya, ƏL/TMM, HMS, məlumatların qorunması və digər sahələr üzrə daxili prosedurlar yaratmaq.

Altıncı addım: Komplayens funksiyası üzrə məsul şəxsi müəyyən etmək.

Yeddinci addım: Əməkdaşları vaxtaşırı təlimləndirmək.

Səkkizinci addım: Qanun pozuntusu haqqında açıq məlumatvermə kanalını yaratmaq.

Doqquzuncu addım: Monitorinq və hesabatlıq sistemini qurmaq.

Onuncu addım: Sistemi mütəmadi yeniləmək.

Ustad dərsi İnteraktiv müzakirələr şəraitində başa çatmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanmışdır.

Tədbirdə Auditorlar Palatasının 94 nəfər üzvü  və əməkdaşları iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası