Güclü iqtisadiyyat sağlam hesabatlılıqdan başlayır
“Bizim ümumi gələcəyimiz naminə birlikdə” (“Together for a Connected Tomorrow”) devizi altında keçirilən mötəbər beynəlxalq tədbirdə dünyanın 120 ölkəsindən 900-dən çox nümayəndə iştirak edib, mühasibat uçotu, audit, maliyyə, rəqəmsal texnologiyalar və peşəkar inkişafın aktual məsələlərinə həsr olunmuş 80-dən artıq məruzə dinlənilib.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılığıyla nümayəndə heyətinin iştirak etdiyi konqres müasir dövrdə mühasibat və audit peşəsinin qarşısında duran çağırışların müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və peşəkar qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olub.
Konqresin əsas müzakirə istiqamətlərini beynəlxalq mühasibat və audit standartlarının təkmilləşdirilməsi və tətbiqi, audit keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlılığında şəffaflığın təmin edilməsi, rəqəmsallaşma, süni intellektin üstünlükləri və yaratdığı yeni risklər, kadr hazırlığı, peşə etikası və ictimai etimadın gücləndirilməsi məsələləri təşkil edib.
Tədbirdə təqdim olunan məruzələrdə vurğulanıb ki, süni intellekt və rəqəmsal texnologiyalar audit proseslərinin səmərəliliyini artırmaq, böyük həcmli məlumatları təhlil etmək və riskləri daha operativ müəyyənləşdirmək üçün geniş imkanlar yaradır. Bununla yanaşı, texnoloji imkanlardan istifadə zamanı mühasibin və auditorun peşəkar mühakiməsinin, müstəqilliyinin, etik məsuliyyətinin və insan amilinin qorunmasının vacibliyi qeyd olunub.
Konqres çərçivəsində Cənubi Koreyanın mühasibat uçotu və audit sahəsində həyata keçirdiyi islahatlar da xüsusi maraq doğurub. Koreya təcrübəsində auditor müstəqilliyinin gücləndirilməsi, auditorların təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə bazarlarında etimadın bərpası istiqamətində görülən tədbirlər təqdim edilib. Bu təcrübə audit keyfiyyətinin yüksəldilməsi və maliyyə hesabatlılığının etibarlılığının təmin edilməsi baxımından əhəmiyyətli hesab olunur.
Konqresdə mühasibat və maliyyə peşəsinin gələcək inkişaf perspektivlərinə dair təqdimatlarda 2040-cı ilədək peşəkar mütəxəssislərin fəaliyyət modelində gözlənilən dəyişikliklərə də diqqət yetirilib. Bildirilib ki, gələcəyin mühasibləri və auditorları yalnız maliyyə hesabatlarını yoxlayan mütəxəssis deyil, həm də strateji təhlil aparan, riskləri qabaqcadan müəyyənləşdirən, rəqəmsal texnologiyalardan səmərəli istifadə edən və iqtisadi qərarların qəbuluna töhfə verən peşəkar olmalıdır.
Tədbirin yekununda güclü və sağlam iqtisadiyyatın etibarlı mühasibat uçotu və keyfiyyətli auditdən başladığı prinsipi xüsusi vurğulanıb.
Konqres çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti bir sıra ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişafı və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparıb.
Görüşlər zamanı Mərakeş və Malayziyanın müvafiq peşəkar qurumları ilə əlaqələrin genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq sənədlərin imzalanması barədə razılıq əldə olunub.
Bununla yanaşı, Azərbaycan Auditorlar Palatası ilə Hindistan Mühasiblər İnstitutu (ICAI) arasında mövcud Anlaşma Memorandumunun müddətinin 2027-ci ildə başa çatması nəzərə alınaraq, sənədin yeni dövrün tələblərinə uyğun yenilənməsi məsələsi həmin İnstitutun prezidenti ilə müzakirə edilib.
Konqres çərçivəsində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Avstraliyadan olan yeni seçilmiş prezidenti xanım Taryn Rulton ilə də görüş keçirilib. Görüş zamanı Azərbaycanda audit və mühasibat sahəsində həyata keçirilən inkişaf prosesləri, beynəlxalq əməkdaşlıq imkanları və peşəkar qurumlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Xanım Taryn Rultonun Azərbaycana və ölkəmizin audit sisteminə göstərdiyi müsbət münasibət nəzərə alınaraq, o, ölkəmizə rəsmi səfərə dəvət olunub.
WCOA 2026 çərçivəsində əldə edilmiş beynəlxalq metodiki materiallar, elmi tədqiqatlar və təqdimatlar Azərbaycan Respublikasında müstəqil auditin və mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda həmin materialların sistemləşdirilməsi və müvafiq qurumlarda istifadə olunması məqsədilə emalı həyata keçirilir.
Qeyd edək ki, Dünya Mühasiblər Konqresi mühasibat və audit peşəsinin inkişafı üzrə dünyanın aparıcı mütəxəssislərini, beynəlxalq təşkilatların və milli peşəkar qurumların rəhbərlərini bir araya gətirən ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir.
Azərbaycan Auditorlar Palatasının bu mötəbər tədbirdə iştirakı ölkəmizin beynəlxalq peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və milli audit sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci ilin noyabr ayından Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvüdür.
2028-ci ilin noyabr ayında növbəti Dünya Mühasiblər Konqresi (WCOA 2028) Cənubi Afrika Respublikasının Keyptaun (Cape Town) şəhərində keçiriləcək.


Qalareya