2026-cı il 23 oktyabr tarixində Auditorlar Palatasınnı üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq səviyyədə növbəti mühüm uğura imza ataraq Londonda keçirilən “Parker Russell International Qlobal Forumu” çərçivəsində “Best Consulting Firm 2026” (“2026-cı ilin ən yaxşı konsaltinq şirkəti”) mükafatına layiq görülüb.
Bu mükafat auditor təşkilatının konsaltinq sahəsində həyata keçirdiyi fəaliyyətin, təqdim etdiyi peşəkar xidmətlərin keyfiyyətinin, reallaşdırdığı layihələrin səmərəliliyinin və beynəlxalq əməkdaşlıq istiqamətində əldə etdiyi nəticələrin yüksək qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda, bu uğur təşkilatın peşəkar potensialının, institusional inkişafının və beynəlxalq standartlara əsaslanan fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qlobal Forum çərçivəsində “Parker Russell Azerbaijan” auditor təşkilatının icraçı direktoru Azər Quliyev “İnkişaf etməkdə olan iqtisadiyyatlarda korporativ borc bazarlarının inkişafı” (Development of Corporate Debt Markets in Emerging Economies) mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda korporativ borc bazarlarının biznes subyektlərinin alternativ maliyyələşmə mənbələrinə çıxışının genişləndirilməsində rolu, həmin bazarların inkişaf perspektivləri, eləcə də inkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə bazarlarının dərinləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində aktual məsələlər diqqətə çatdırılıb. Çıxış zamanı korporativ borc bazarlarının iqtisadi artımın dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və özəl sektorun maliyyə resurslarına əlçatanlığının artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd etmək lazımdır ki, “Parker Russell Azerbaijan” auditor təşkilatının bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi yalnız təşkilatın peşəkar fəaliyyətinin yüksək qiymətləndirilməsi deyil, həm də Azərbaycanın audit və konsaltinq xidmətləri sektorunun beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisədir. Bu nailiyyət yerli peşəkar potensialın beynəlxalq platformalarda nümayiş etdirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və ölkəmizin beynəlxalq peşəkar xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Auditorlar Palatası “Parker Russell Azerbaijan” auditor təşkilatını bu yüksək beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edir, kollektivə gələcək fəaliyyətində yeni uğurlar, peşəkar nailiyyətlər və beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini arzulayır.

Qalareya