Azərbaycanda dayanıqlılıq hesabatlılığının inkişafı və peşəkar potensialın gücləndirilməsi müzakirə olunub

4 noyabr 2026-cı il tarixində Britaniya–Azərbaycan Ticarət Palatasının (BCCA) Dayanıqlılıq və Enerji Komitəsi və Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA – Association of Chartered Certified Accountants) birgə təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlılıq hesabatlılığı: cari vəziyyətin qiymətləndirilməsi və hazırlığın gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirdə Azərbaycanda dayanıqlılıq hesabatlılığının mövcud vəziyyəti, beynəlxalq standartların tətbiqi, şirkətlərin bu sahədə hazırlıq səviyyəsinin yüksəldilməsi, maliyyə və audit mütəxəssislərinin peşəkar bacarıqlarının inkişafı, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin açılışında BCCA-nın Dayanıqlılıq və Enerji Komitəsinin rəhbəri Kənan Əhmədzadə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva çıxış ediblər. Çıxışlarda dayanıqlılıq hesabatlılığının inkişafı üçün dövlət və özəl sektor, beynəlxalq təşkilatlar və peşəkar qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsinin və müvafiq institusional hazırlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində ACCA-nın Avrasiya üzrə ictimaiyyətlə əlaqələr rəhbəri Gaukhar Aşirbekova tərəfindən dayanıqlılıq hesabatlılığına dair təşkilatın qlobal araşdırmasının əsas nəticələri təqdim olunub. Araşdırmada təşkilatların dayanıqlılıq məlumatlarını hazırlamaq, açıqlamaq və idarəetmə proseslərində istifadə etmək baxımından hazırlıq səviyyəsi, qarşılaşdıqları çətinliklər və inkişaf perspektivləri qiymətləndirilib.

Gaukhar Aşirbekova çıxışında bu tədbirin Azərbaycanda BCCA ilə dayanıqlılıq hesabatlılığı mövzusunda keçirilən ilk birgə tədbir olduğunu qeyd edərək, onun biznes ictimaiyyəti, dövlət sektoru və peşəkar qurumlar arasında bu istiqamətdə daha geniş dialoqun başlanğıcı olacağına ümidvar olduğunu bildirib.

Təqdimatdan sonra Gaukhar Aşirbekovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Paneldə Azərbaycan Respublikası Auditorlar Palatasının sədr müavini Qoşqar Əhmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının iqtisadçısı Əli Əhmədzadə, SOCAR-ın ESG Standartlarının Tətbiqi Bölməsinin aparıcı mütəxəssisi Zeynəb Qədirova, PwC Azərbaycanın Geniş Əminlik Xidmətləri və ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) praktikasının rəhbəri Günay Əsgərova və Unibankın Dayanıqlılıq üzrə meneceri Səmra Talışınskaya-Abbasova iştirak ediblər.

Panel müzakirəsində dayanıqlılıq hesabatlılığının tənzimləyici əsasları, maliyyə və qeyri-maliyyə məlumatlarının açıqlanması, ESG prinsiplərinin təşkilatların fəaliyyətinə inteqrasiyası, hesabatların etibarlılığının təmin edilməsi və maliyyə mütəxəssislərinin yeni peşəkar bacarıqlara yiyələnməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müxtəlif sektorları təmsil edən iştirakçılar dayanıqlılıq hesabatlılığının tətbiqi ilə bağlı peşəkar yanaşmalarını və təcrübələrini bölüşüblər.

Panel müzakirəsində çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədr müavini Qoşqar Əhmədov müasir dövrdə təşkilatların fəaliyyətinin qiymətləndirilməsinin artıq yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmadığını, investorların, dövlət qurumlarının və digər maraqlı tərəflərin müəssisələrin ətraf mühitə təsiri, sosial məsuliyyəti, korporativ idarəetməsi və uzunmüddətli riskləri barədə etibarlı, şəffaf və müqayisəolunan məlumatlara ehtiyac duyduqlarını diqqətə çatdırıb.

O, dayanıqlılıq hesabatlılığının inkişafında aydın tənzimləyici çərçivənin formalaşdırılmasının və beynəlxalq standartların tətbiqinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu kontekstdə Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) tərəfindən hazırlanmış IFRS S1 – Dayanıqlılıqla bağlı maliyyə məlumatlarının açıqlanmasına dair ümumi tələblər və IFRS S2 – İqlimlə bağlı açıqlamalar standartlarının, eləcə də dayanıqlılıq məlumatlarına təminat verilməsi sahəsində ISSA 5000 standartının əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qəbul edilmiş fərman və sərəncamlar, habelə ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri, enerji səmərəliliyi, mühasibat uçotu və audit fəaliyyətini tənzimləyən qanunvericilik aktları dayanıqlılıq hesabatlılığının inkişafı üçün mühüm hüquqi və institusional zəmin yaradır. Hesab edirik ki, bu istiqamətdə mövcud qanunvericilik bazasının beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirilməsi, dayanıqlılıq məlumatlarının hazırlanması və açıqlanmasına dair müvafiq mexanizmlərin formalaşdırılması, eləcə də təşkilatların hesabatlılıq səviyyəsinə uyğun mərhələli tələblərin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, dövlət siyasətinin prioritetləri ilə beynəlxalq təcrübənin uzlaşdırılması və peşəkar institutların bu prosesə fəal cəlb edilməsi dayanıqlılıq hesabatlılığının ölkəmizdə sistemli inkişafına mühüm töhfə verə bilər.

Bildirilib ki, beynəlxalq standartlara əsaslanan tənzimləyici sistem təşkilatların dayanıqlılıq məlumatlarını vahid metodologiya əsasında hazırlamasına, hesabatların keyfiyyətinin və müqayisəliliyinin yüksəldilməsinə, eləcə də maraqlı tərəflərin bu məlumatlara etimadının gücləndirilməsinə imkan yaradır. Bununla yanaşı, Azərbaycanda müvafiq mexanizmlərin tətbiqi zamanı ölkənin iqtisadi xüsusiyyətlərinin, təşkilatların ölçüsünün və institusional imkanlarının nəzərə alınması, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün tələblərin mərhələli və mütənasib şəkildə tətbiqi vacib hesab edilib.

Qoşqar Əhmədov dayanıqlılıq hesabatlarının etibarlılığının təmin edilməsində auditorların və müstəqil təminat xidmətlərinin roluna da xüsusi diqqət çəkib. Qeyd olunub ki, bu sahənin inkişafı auditorlardan beynəlxalq standartlar üzrə biliklərin artırılmasını, yeni metodoloji yanaşmaların mənimsənilməsini, audit sübutlarının toplanması, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və əsaslandırılmış peşəkar mühakimə yürüdülməsi bacarıqlarının gücləndirilməsini tələb edir.

Çıxışda maliyyə və audit mütəxəssislərinin peşəkar kompetensiyalarının yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb. Xüsusilə IFRS S1, IFRS S2, GRI və ISSA 5000 standartları üzrə biliklərin artırılması, ESG göstəricilərinin və dayanıqlılıq risklərinin qiymətləndirilməsi, rəqəmsal texnologiyalardan və süni intellekt imkanlarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması əsas prioritetlər kimi diqqətə çatdırılıb.

Süni intellekt texnologiyalarının məlumatların təhlili, risklərin müəyyənləşdirilməsi, uyğunsuzluqların aşkarlanması, hesabatların hazırlanması və audit prosedurlarının səmərəliliyinin artırılması baxımından geniş imkanlar yaratdığı qeyd olunub. Eyni zamanda, texnologiyalardan istifadə zamanı nəticələrin düzgünlüyünün yoxlanılması, məlumatların məxfiliyinin qorunması və məsuliyyətli yanaşmanın təmin edilməsi zəruri şərtlər kimi qiymətləndirilib.

Auditorlar Palatasının bu prosesdəki institusional roluna toxunan sədr müavini beynəlxalq audit və təminat standartlarının öyrənilməsi və tətbiqinin təşviqi, auditorların davamlı peşəkar inkişafının dəstəklənməsi, ixtisasartırma və maarifləndirmə tədbirlərinin təşkili, habelə dövlət qurumları, peşəkar mühasibat təşkilatları, ali təhsil müəssisələri və biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışın yekununda Azərbaycan Respublikası Auditorlar Palatası adından konkret təşəbbüs irəli sürülərək qarşıdakı iki il ərzində Azərbaycanda dayanıqlılıq hesabatlılığına hazırlığın gücləndirilməsi məqsədilə beynəlxalq standartlar əsasında vahid praktiki təlim və tətbiq mexanizminin formalaşdırılması təklif olunub.

Bu çərçivədə təşkilatlarda pilot dayanıqlılıq hesabatlarının hazırlanması, maliyyə mütəxəssisləri və auditorlar üçün ixtisaslaşmış təlimlərin keçirilməsi, eləcə də rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsi məqsədəuyğun hesab edilib.

Bildirilib ki, dayanıqlılıq hesabatlılığının əsas məqsədi yalnız hesabatların hazırlanması deyil, həm də onların şəffaflığının, müqayisəliliyinin və müstəqil təminat vasitəsilə etibarlılığının artırılmasıdır. Bu məqsədə nail olmaq üçün dövlət, peşəkar qurumlar və özəl sektor arasında koordinasiyalı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Məlumat üçün bildirək ki, Britaniya–Azərbaycan Ticarət Palatası (BCCA) Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin, biznes münasibətlərinin və qarşılıqlı investisiyaların inkişafını təşviq edən qeyri-kommersiya təşkilatıdır. Palatanın Dayanıqlılıq və Enerji Komitəsi dayanıqlı biznes təcrübələrinin və enerji keçidi təşəbbüslərinin inkişafına dəstək verir.

ACCA (Association of Chartered Certified Accountants) 1904-cü ildə təsis edilmiş qlobal peşəkar mühasibatlıq təşkilatıdır. Hazırda təşkilat 179 ölkədə 266 100-dən çox üzvü və 546 500 potensial üzvü əhatə edən beynəlxalq peşəkar icmanı dəstəkləyir.

Report.az

   

 

Qalareya