Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi məlumatı
Auditorlar Palatasının vəzifəli şəxslərinin adından saxta məlumatların yayılması ilə bağlı xəbərdarlıq
Azərbaycan Respublikasının Auditorlar Palatası bildirir ki, naməlum şəxslər tərəfindən müxtəlif telefon nömrələri və saxta WhatsApp profilləri vasitəsilə Palatanın vəzifəli şəxsləri, idarə rəisləri adından Palatanın üzvlərinə, auditor təşkilatlarına və sərbəst auditorlara həqiqətə uyğun olmayan məlumatların göndərilməsi halları barədə məlumatlar daxil olmuşdur.
Auditorlar Palatası rəsmi olaraq bəyan edir ki, qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir.
Palata diqqətə çatdırır ki, onun vəzifəli şəxslərinin adından istifadə edilməklə saxta məlumatların yayılması, auditorların yanlış istiqamətləndirilməsi və aldadıcı üsullarla onlarla əlaqə yaradılması dələduzluq və digər hüquqazidd əməllərin əlamətlərini daşıya bilər.
Bununla əlaqədar xüsusi olaraq bildirilir ki, Auditorlar Palatası adından elektron qaydada göndərilən rəsmi bildirişlər, sorğular və digər müraciətlər müəyyən edilmiş sənəd dövriyyəsi qaydalarına uyğun rəsmiləşdirilməli, qeydiyyat nömrəsi və tarixi göstərilməli, səlahiyyətli vəzifəli şəxsin elektron imzası ilə təsdiqlənməlidir.
Göstərilən tələblərə uyğun rəsmiləşdirilməyən, qeydiyyat nömrəsi və tarixi olmayan, müvafiq elektron imza ilə təsdiqlənməyən və Palatanın rəsmi sənəd dövriyyəsi sistemində qeydiyyatı təsdiq edilməyən elektron bildirişlər, sorğular və digər müraciətlər Palatanın rəsmi sənədi hesab edilmir, onun rəsmi mövqeyini ifadə etmir və Palata adından göndərilmiş etibarlı müraciət kimi qəbul olunmamalıdır.
Palata üzvlərinə və auditor xidməti göstərən şəxslərə tövsiyə olunur ki, şübhəli telefon nömrələrindən daxil olan mesajlara etibar etməsinlər, naməlum şəxslərə fərdi məlumatları, məxfi sənədləri və maliyyə məlumatlarını təqdim etməsinlər, Palatanın adından irəli sürülən hər hansı tələb və ya göstərişin həqiqiliyini rəsmi əlaqə vasitələri ilə dəqiqləşdirsinlər.
Xüsusi olaraq diqqətə çatdırılır ki, Palatanın idarə rəisi Ənvər Aslanova məxsus telefon nömrələri aşağıdakılardır:
050 216 87 65
055 216 87 65
Palata adından daxil olan hər hansı şübhəli məlumatın doğruluğu bilavasitə göstərilən telefon nömrələrinə zəng edilməklə dəqiqləşdirilə bilər.
Palata üzvlərindən belə hallarla qarşılaşdıqları təqdirdə saxta yazışmaları və göndərən şəxslərin telefon nömrələrini sübut kimi saxlamaları, bu barədə Palatanı məlumatlandırmaları xahiş olunur.
Auditorlar Palatası bir daha bildirir ki, Palatanın və onun vəzifəli şəxslərinin adından yayılan qeyri-rəsmi məlumatlar əsasında hər hansı öhdəliyin icrası, məxfi məlumatların və sənədlərin təqdim edilməsi, habelə üçüncü şəxslərin tələblərinin yerinə yetirilməsi yolverilməzdir. Palata adından daxil olan müraciətlərin həqiqiliyi yalnız onların rəsmi mənşəyi və müvafiq qaydada rəsmiləşdirilməsi təsdiq edildikdən sonra qəbul edilməlidir.
Palata tərəfindən qeyd olunan hallara hüquqi qiymət verilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ünvanlanacaqdır.
Azərbaycan Respublikasının Auditorlar Palatası