Auditorlar Palatasında “Audit və məhkəmə ekspertizası; auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunda ustad dərsi keçirilib

Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, 2026-cı il 21 oktyabr tarixində “Audit və məhkəmə ekspertizası; auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunda onlayn qaydada ustad dərsi keçirilib.

Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, “AUDİT EXPERT TV" MMC-nin direktor-auditoru Vidadi Talıbov isə məruzəçi qismində çıxış ediblər.

Ustad dərsini giriş sözü ilə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov açaraq “Audit və məhkəmə ekspertizası; auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunun aktuallığından və bunlarla əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktlarının, o cümlədən Mülki Prosessual Məcəllənin, Cinayət-Prosessual Məcəllənin, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanunlarının, Palata Şurası tərəfindən təsdiq edilmiş normativ sənədlərin, eləcə də Beynəlxalq Audit və Əlaqəli Xidmətlər Standartlarının (BAS 800, BAS 805, ISRS 4400, BAS 240) və “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” tələblərinə düzgün riayət edilməsinin vacibliyini vurğulamışdır.

  1. Maliyyə auditi və məhkəmə ekspertizası arasındakı fərq

Maliyyə auditi: Təsərrüfat subyektinin maliyyə hesabatlarının düzgünlüyünə və standartlara uyğunluğuna dair müstəqil rəyin verilməsidir.

Məhkəmə ekspertizası: Məhkəmənin qərardadı və ya istintaq orqanının qərarı əsasında xüsusi maliyyə-iqtisadi bilik tələb edən mübahisəli halların araşdırılması, zərərin, borcun və ya aktivlərin bazar dəyərinin müəyyən edilməsi prosesidir.

  1. Auditorun məhkəmə ekspertizasındakı rolu

Auditor məhkəmə və ya istintaq orqanının tapşırığı (və Auditorlar Palatasının müvafiq sərəncamı) ilə müstəqil ekspert və ya mütəxəssis qismində cəlb olunur.

Onun əsas rolu hüquqi qiymət vermək deyil, sırf öz iqtisadi və maliyyə ixtisası üzrə faktları obyektiv təhlil edərək məhkəməyə elmi-praktiki cəhətdən əsaslandırılmış rəy təqdim etməkdir.

  1. Auditorun (Ekspertin) hüquqları

Materiallarla tanış olmaq: Ekspertizanın predmetinə aid iş materialları, ilkin mühasibat və bank sənədləri ilə tanış olmaq.

Əlavə sənəd tələb etmək və vəsatət qaldırmaq: Rəy vermək üçün təqdim olunmuş sənədlər yetərli olmadıqda əlavə sübutların tələb olunması barədə məhkəmə qarşısında vəsatət irəli sürmək.

Müddətin uzadılmasını istəmək: İşin həcmi və sənədlərin çoxluğu səbəbindən vaxtında icra mümkün olmadıqda, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədən və Palatadan müddətin uzadılmasını xahiş etmək.

Özünəetiraz / İmtina hüququ: Maraqlar toqquşması, qohumluq, asılılıq əlaqəsi və ya sualların onun xüsusi bilik dairəsindən kənara çıxması hallarında ekspertizanın icrasından imtina etmək (özünəetiraz vermək).

  1. Auditorun (Ekspertin) vəzifələri

Müstəqillik və obyektivlik: Tərəflərin təsirinə məruz qalmadan, qərəzsiz və yalnız obyektiv sübutlara əsaslanan rəy hazırlamaq.

Səlahiyyət həddini aşmamaq: Yalnız qoyulmuş suallar çərçivəsində tədqiqat aparmaq; hüquqi nəticə, təqsirlilik, cinayət tərkibi və ya məhkəmə qərarının qanuniliyi barədə yekun prosessual mövqe bildirməmək.

Məxfilik: Tədqiqat zamanı əldə edilən kommersiya, xidməti və fərdi sirləri tam qorumaq.

Məhkəmədə iştirak və izahat: Zərurət yarandıqda verdiyi rəyi izah etmək və tərəflərin/hakimin suallarını cavablandırmaq üçün məhkəmə iclasında iştirak etmək.

  1. Auditorun məsuliyyəti

Cinayət və prosessual məsuliyyət: Bilə-bilə yalan rəy verilməsi, faktların təhrif edilməsi və ya prosessual orqanın qəsdən yanıldılması qanunla cinayət məsuliyyətinə səbəb olur.

İntizam məsuliyyəti: Peşə etikası qaydalarının pozulması, maraqlar toqquşmasının gizlədilməsi və ya tapşırığın əsassız icra edilməməsinə görə Auditorlar Palatası tərəfindən intizam tənbehi tədbirləri (xəbərdarlıq, lisenziyanın dayandırılması və s.) tətbiq edilə bilər.

Mülki-hüquqi məsuliyyət: Səhlənkarlıq, qeyri-peşəkarlıq və ya məxfiliyin pozulması nəticəsində tərəflərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyət daşıyır. “Audit və məhkəmə ekspertizası: auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” fəaliyyəti çərçivəsində auditor ekspert və ya mütəxəssis qismində cəlb edildikdə aşağıdakı normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə riayət etməlidir:

  1. Milli Qanunvericilik Aktları
    • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Məhkəmə tərəfindən ekspertiza təyin edilməsi (maddə 97), ekspertin hüquq və vəzifələri, rəyin verilməsi qaydası və müddətləri (maddə 101.1), eləcə də müddətin uzadılması mexanizmi (maddə 101.2).
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (CPM): İstintaq və ya məhkəmə icraatında ekspert və ya mütəxəssis qismində cəlb edilmə, tədqiqat aparılması və prosessual tələblərə əməl olunması qaydaları.
    • “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanunu: Ekspertizanın aparılması prinsipləri, ekspertin müstəqilliyi, qoyulmuş suallardan əlavə iş üçün əhəmiyyət kəsb edən halların rəydə göstərilməsi hüququ (maddə 12) və rəy tərtibatı tələbləri.
    • “Auditor xidməti haqqında” AR Qanunu: Auditor fəaliyyətinin tənzimlənməsi, auditorun müstəqilliyi, peşə sirrinin qorunması, Auditorlar Palatası ilə qarşılıqlı münasibətlər və məsuliyyət hədləri.
    • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (CM): Ekspert tərəfindən bilə-bilə yalan rəy verilməsinə, saxtalaşdırmaya və ya prosessual orqanın qəsdən yanıldılmasına görə cinayət məsuliyyəti xəbərdarlığı.
    • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) AR Qanunu: Maliyyə cinayətləri, fırıldaqçılıq araşdırmaları və şübhəli əməliyyatların monitorinqi üzrə tələblər və konfidensiallıq prinsipləri.
    • Auditorlar Palatasının normativ və metodiki sənədləri: Xüsusi auditlərin və məhkəmə tapşırıqlarının icrası zamanı maraqlar toqquşmasının olmaması barədə Bəyannamə, daxili keyfiyyətə nəzarət və icra qaydaları.
  2. Beynəlxalq Audit və Əlaqəli Xidmətlər Standartları (IAASB / IFAC)

Məhkəmə-iqtisadi ekspertizası və xüsusi audit tapşırıqlarında ümumi maliyyə auditi standartları ilə yanaşı, xüsusi çərçivələr rəhbər tutulur:

    • BAS 800 – Xüsusi təyinatlı çərçivələrə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auditi zamanı xüsusi mülahizələr: Müqavilə, məhkəmə qərardadı və ya xüsusi tələblərə əsaslanan auditlərin aparılması qaydalarını müəyyən edir.
    • BAS 805 – Ayrı-ayrı maliyyə hesabatlarının və maliyyə hesabatlarının konkret elementlərinin, hesablarının və ya maddələrinin auditi: Yalnız məhkəmənin qoyduğu konkret maliyyə maddəsinin (məsələn: debitor/kreditor borcları, zərər, kompensasiya və s.) yoxlanılması zamanı tətbiq edilir.
    • BƏXS 4400 (Razılaşdırılmış prosedurlar üzrə tapşırıqlar): Auditor tərəfindən subyektiv fikir bildirmədən, yalnız tərəflərin və ya məhkəmənin razılaşdırdığı prosedurları icra edərək “Faktiki Tapıntılar üzrə Hesabat” verməsi üçün əsas standartdır.
    • BAS 240 – Maliyyə hesabatlarının auditində auditorun dələduzluqla (fırıldaqçılıqla) bağlı məsuliyyəti: Forenzik və məhkəmə araşdırmalarında qəsdən təhriflərin, mənimsəmələrin və fırıldaqçılıq risklərinin təhlilində istifadə olunur.
  1. Beynəlxalq Etika və Davranış Standartları (IESBA)
    • Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə):
      • Dürüstlük və Obyektivlik (Bölmə 110 və 310): Məhkəmə ekspertizasında tərəflərdən tam asılı olmamaq və maraqlar toqquşmasına (conflict of interest) yol verməmək.
      • Peşəkar səriştə və lazımi diqqət: Yalnız xüsusi biliyi çatan sahələrdə rəy vermək, hüquqi qiymət verməkdən çəkinmək.
      • Məxfilik (Bölmə 114): Məhkəmə araşdırması zamanı əldə edilən kommersiya, istintaq və fərdi sirlərin üçüncü şəxslərə açıqlanmaması.

Daha sonra Qəşəm Bayramov mövzu ətrafında geniş çıxış etmək üçün sözü məruzəçi Vidadi Talıbova verdi. Vidadi Talıbov çıxış edərək “Audit və məhkəmə ekspertizası: auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” istiqamətində aşağıdakı əsas məqamları və təcrübi nümunələrini iştirakçıların diqqətinə çatdırdı:

Məhkəmə ekspertizasında auditorun rolu

Məhkəmə ekspertizasında auditorun rolu maliyyə, mühasibat uçotu, vergi və iqtisadi məsələlər üzrə xüsusi biliklərindən istifadə edərək məhkəməyə obyektiv və əsaslandırılmış nəticə təqdim etməkdən ibarətdir.

Auditor məhkəmə ekspertizasında ekspert qismində iştirak etdikdə onun əsas fəaliyyəti aşağıdakılardır:

  • Maliyyə sənədlərini araşdırır – mühasibat registrləri, ilkin uçot sənədləri, müqavilələr,

bank sənədləri, hesab-fakturalar və digər materialları təhlil edir.

  • Maliyyə əməliyyatlarını yoxlayır – pul vəsaitlərinin hərəkəti, gəlir və xərclər, borclar,

ödənişlər və digər əməliyyatların düzgünlüyünü müəyyənləşdirir.

  • Zərərin məbləğini müəyyən edir – məhkəmə işində dəymiş maddi zərərin və ya

maliyyə itkisinin hesablanmasına kömək edir.

  • Mühasibat uçotundakı pozuntuları aşkar edir – sənədlərdə uyğunsuzluqları, hesablamalardakı səhvləri və digər maliyyə pozuntularını müəyyənləşdirir.
  • Hesablamalar aparır – borc, faiz, gəlir, xərc, çatışmazlıq, artıq ödəniş və digər maliyyə göstəricilərini hesablayır.
  • Məhkəmənin suallarına cavab verir – yalnız özünün xüsusi iqtisadi və maliyyə bilikləri çərçivəsində nəticə çıxarır.
  • Ekspert rəyi hazırlayır – apardığı araşdırmanın nəticələrini əsaslandırılmış və

obyektiv şəkildə ekspert rəyində əks etdirir.

  • Məhkəmədə izahat verə bilər – zərurət yarandıqda hazırladığı ekspert rəyinin məzmununu izah edir və suallara cavab verir.

 

Auditorun fəaliyyətinin əsas xüsusiyyəti

Məhkəmə ekspertizasında auditor məhkəmənin yerinə qərar vermir. Onun vəzifəsi hüquqi şəxsin təqsirli və ya təqsirsiz olduğunu müəyyən etmək deyil. Auditor yalnız xüsusi bilik tələb edən maliyyə-iqtisadi faktları araşdırır və həmin faktlar barədə əsaslandırılmış peşəkar nəticə çıxarır.

 

Məhkəmə ekspertizasında auditorun əsas vəzifələri

Məhkəmə ekspertizasında auditor və ya auditorun xüsusi biliklərindən istifadə edən iqtisadi ekspertin əsas vəzifələri maliyyə və mühasibat sənədlərini peşəkar şəkildə araşdırmaq, maliyyə faktlarını və hesablamaları müəyyən etmək və nəticəni obyektiv ekspert rəyi formasında məhkəməyə təqdim etməkdir.

 

Məhkəmə ekspertizasında auditorun hüquqları

Məhkəmə ekspertizasında auditor ekspert qismində iştirak etdikdə onun əsas hüquqları bunlardır:

 

  1. Ekspertizanın  predmetinə aid  iş  materialları ilə  tanış  olmaq və  araşdırma üçün zəruri məlumatları əldə etmək.
  2. Əlavə materialların təqdim edilməsini tələb etmək – ekspertizanın aparılması üçün  çatışmayan  sənədlər və  məlumatlar  olduqda onların  təqdim olunmasını istəmək.
  3. İş üzrə zəruri sənədləri və sübutları araşdırmaq – mühasibat registrləri, ilkin sənədlər, müqavilələr, bank sənədləri və digər maliyyə materiallarını təhlil etmək.
  4. Ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılmasını tələb etmək – suallar qeyri-müəyyən və ya ekspertin xüsusi bilikləri çərçivəsindən kənar olduqda bunu bildirmək.
  5. Öz xüsusi biliklərindən sərbəst istifadə etmək və ekspertizanın aparılması üçün zəruri metod və üsulları qanunvericiliyə uyğun seçmək.
  6. Ekspertizanın gedişində əlavə araşdırmalar aparmaq və zəruri hesab etdiyi hallarda əlavə məlumatların əldə edilməsini tələb etmək.
  7. Rəy verməkdən imtina etmək – qarşıya qoyulan məsələlər auditorun xüsusi biliklərindən kənardadırsa və ya təqdim olunmuş materiallar obyektiv nəticə çıxarmağa imkan vermirsə.
  8. Ekspert rəyində öz nəticələrini əsaslandırmaq və apardığı araşdırmanın nəticələrini tam şəkildə əks etdirmək.
  9. Məhkəmə        iclasında        ekspert rəyinə        dair        izahat vermək və        rəyə münasibətdə verilən sualları cavablandırmaq.
  10. Qanunla nəzərdə tutulmuş digər ekspert hüquqlarından istifadə etmək.

Beynəlxalq təcrübə

ABŞ, Rusiya və Avropa İttifaqı ölkələrinin məhkəmə ekspertizasında maliyyə/mühasibat sahəsində çalışan auditor və forensic accountant ( məhkəmə-maliyyə eksperti) modelinə aiddir. Vacib fərq odur ki, bu ölkələrdə “auditor” və “məhkəmə eksperti” həmişə eyni hüquqi statusa malik deyil.

Ustad dərsi interaktiv müzakirələr şəraitində başa çatmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçıları tərəfindən mövzular böyük maraqla qarşılanmışdır.

Tədbirdə Auditorlar Palatasının 100 nəfər üzvü və əməkdaşları iştirak edib.

Azərbaycan Respublikasının Auditorlar Palatası