Dünya Bankı CFRR Forumu: Azərbaycan Nümayəndə Heyətinin İştirakı ilə İnkişaf və Məşğulluq Naminə Maliyyə Hesabatlılığı Müzakirə Olunub - İKİSAHİL.AZ

5-6 oktyabr 2026-cı il tarixlərində Dünya Bankının Maliyyə Hesabatlılığında İslahatlar Mərkəzi (CFRR) tərəfindən təşkil olunmuş “Beyond Compliance: Financial Reporting for Growth and Jobs” (Komplayensdən Kənar: İnkişaf və Məşğulluq Naminə Maliyyə Hesabatlılığı) regional forumunun birinci günü keçirilmişdir. Avropa İttifaqının maliyyələşdirdiyi “REPARIS for SMEs” proqramının yekun regional görüşü xarakterini daşıyan bu mühüm tədbirdə Azərbaycan Respublikasını geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycan Respublikası Auditorlar Palatası,  Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası APFM  və Qarabağ Universitetinin nümayəndələri ilə təmsil olunmuşlar.

Forumda  Avropa və Mərkəzi Asiya regionunun (xüsusilə Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələri) korporativ və maliyyə hesabatlılığı sahəsindəki strateji yol xəritələri, institusional islahatlar və tənzimləmə mexanizmləri nəzərdən keçirilmişdir. Müzakirələrin əsas diqqət mərkəzində kiçik və orta sahibkarlığın (KOB) keyfiyyətli maliyyə hesabatlılığı xidmətlərinə çıxışının asanlaşdırılması, audit sahəsində xarici keyfiyyət nəzarəti sistemlərinin müasirləşdirilməsi, dövlət müəssisələrinin (SOE) şəffaflığının artırılması və dayanıqlıq hesabatlılığının (Sustainability Reporting) beynəlxalq standartlara inteqrasiyası prinsipləri yer almışdır.

Tədbirdə Azərbaycan nümayəndə heyəti  ölkəmizdə maliyyə şəffaflığının təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizə və investisiya mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Xüsusilə, maliyyə hesabatlılığı sahəsindəki strateji yol xəritələri, islahatlar və tənzimləmə mexanizmlərinin rəqəmsal inteqrasiyasının sürətləndirilməsi sahəsində Azərbaycan təcrübəsi digər iştirakçı ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının Xüsusi auditlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, daxili nəzarət və forenzik təhlillər idarəsinin rəisi Ənvər Aslanov tərəfindən tədbirin əhəmiyyəti və qazanılan təcrübənin praktiki dəyəri xüsusi vurğulanmışdır:

Belə ki, “Dünya Bankının CFRR platforması çərçivəsində keçirilən bu görüş, beynəlxalq maliyyə hesabatlılığı və audit standartlarının real biznes mühitinə inteqrasiyası baxımından olduqca dəyərli bir təcrübə bazası formalaşdırır. Biznesin komplayens mərhələsindən daha irəli gedərək investisiya cəlbediciliyinə və dayanıqlı inkişafa keçməsi üçün maliyyə hesabatlarının dürüstlüyü və şəffaflığı rəqabətədavamlılığın əsas şərtidir. Qazanılan bu mütərəqqi beynəlxalq təcrübənin sadəcə ümumi prinsiplərlə məhdudlaşmaması, ölkəmizdə həyata keçirilən təsisati islahatlarda konkret mövzular üzrə hədəfli müzakirələrlə davam etdirilməsi və tətbiq olunması kritik vacibliyə malikdir.”

Forumda regional və beynəlxalq miqyasda 11-dən çox ölkəni təmsil edən 70-dən 90-dək yüksək səviyyəli nümayəndə, o cümlədən maliyyə tənzimləyiciləri, siyasət müəllifləri, peşəkar mühasib və auditor təşkilatlarının rəhbərləri, akademik dairələr, həmçinin Dünya Bankı Qrupu və Avropa Komissiyasının rəsmi şəxsləri iştirak etmişlər.

 İKİ SAHİL