Bakı şəhərində auditorlar üçün “Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda genişmiqyaslı beynəlxalq seminar keçirilib

8–10 sentyabr 2026-cı il tarixlərində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” (PGG III) Proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə Auditorlar Palatasının üzvü olan auditorlar üçün üçgünlük praktiki seminar təşkil edilmişdir.

“JW Marriott Absheron Baku” otelində baş tutan seminarın əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində milli nəzarət mexanizmlərini möhkəmləndirmək, auditorların riskləri vaxtında aşkarlama qabiliyyətini artırmaq və beynəlxalq FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) standartlarına uyğun risk əsaslı yanaşmanı audit təcrübəsinə dərindən inteqrasiya etməkdir.

Seminarın rəsmi açılış mərasimində Avropa Şurasının Bakıdakı ofisinin, Avropa İttifaqının, Azərbaycan Respublikası Auditorlar Palatasının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin rəsmi nümayəndələri çıxış edərək mövzunun aktuallığını və beynəlxalq tərəfdaşlığın əhəmiyyətini auditorların diqqətinə çatdırıblar.

Açılış nitqi ilə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri cənab Petr Zix ölkəmizdə iqtisadi cinayətkarlıqla mübarizə və yaxşı idarəçiliyin təşviqi sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin neytrallaşdırılmasında müstəqil auditor institutunun mühüm tərəfdaş olduğunu bildirərək, Avropa Şurasının bu istiqamətdə institusional potensialın gücləndirilməsinə davamlı dəstək verməyə hazır olduğunu vurğulamışdır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Məryəm Hacı-İsmayılova açılış nitqində Avropa İttifaqı ilə Azərbaycan arasında hüququn aliliyi, iqtisadi şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahələrində mövcud səmərəli əməkdaşlığı yüksək qiymətləndirdi. O, “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” (PGG III) çərçivəsində həyata keçirilən bu layihənin iqtisadi cinayətkarlıqla mübarizədə milli institutların institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd etdi. M. Hacı-İsmayılova vurğuladı ki, maliyyə bütövlüyünün təmin olunması və çirkli pulların yuyulması sxemlərinə qarşı effektiv mübarizə aparılması Avropa İttifaqı tərəfdaşlığının prioritet istiqamətlərindəndir və bu xüsusda müstəqil auditor korpusunun peşəkar hazırlığı strateji zərurət kəsb edir.

Azərbaycan Respublikası Auditorlar Palatasının Xüsusi auditlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, daxili nəzarət və forenzik təhlillər idarəsinin rəisi Ənvər Aslanov öz çıxışında müzakirəyə çıxarılan mövzunun həm ölkənin iqtisadi təhlükəsizliyi, həm də milli maraqların qorunması baxımından strateji əhəmiyyət kəsb etdiyini qeyd etdi. Azərbaycanın hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq qlobal təhlükəsizliyə, terrorizmə və qanunsuz maliyyə dövriyyəsinə qarşı mübarizəyə ciddi və qətiyyətli töhfələr verdiyini və bu xətti bu gün də davam etdirdiyini diqqətə çatdırdı.

Ə. Aslanov şəffaf, güclü və xarici risklərdən qorunan bir iqtisadi modelin dayanıqlılığının təmin edilməsində peşəkar auditorların üzərinə böyük və məsuliyyətli vəzifələrin düşdüyünü qeyd edərək bildirdi:

"Müasir dövrdə çirkli pulların yuyulması sxemləri mürəkkəbləşir, yeni çağırışlar meydana çıxır. Belə bir şəraitdə, Auditorlar Palatası olaraq bizim qarşımızda duran başlıca vəzifə – preventiv tədbirləri gücləndirmək, nəzarət mexanizmlərini ən yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmaqdır. Çünki auditor sadəcə bir rəqəm yoxlayıcısı deyil, eyni zamanda iqtisadi cinayətkarlığa və maliyyə şəffaflığının pozulmasına qarşı dövlətin yanında dayanan, qanunun aliliyini təmin edən ən mühüm mütəxəssisdir."

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Risklərin qiymətləndirilməsi və metodologiya şöbəsinin aparıcı mütəxəssisi Murad Vahabov ölkədə dayanıqlı və şəffaf iqtisadi mühitin təmin olunmasında dövlət orqanları ilə auditor ictimaiyyəti arasındakı sıx əməkdaşlığın zəruriliyini vurğuladı. M.Vahabov Milli Risk Qiymətləndirilməsinin (MRQ) nəticələrinin tətbiqi, monitorinq subyektləri tərəfindən yüksək risk zonalarının dəqiq müəyyən edilməsi və şübhəli əməliyyatların səlahiyyətli nəzarət orqanına vaxtında çatdırılmasının milli preventiv sistemin dayanıqlığını təmin edən əsas amil olduğunu qeyd etdi.

Açılış nitqlərindən sonra seminar Avropa Şurasının beynəlxalq ekspertləri — cənab Cussi Brayt (Jussi Bright) və cənab Ciuzeppe Lombardo (Giuseppe Lombardo) tərəfindən aparılan interaktiv və intensiv sessiyalarla davam etdirilib.

Əmlakın leqallaşdırılması, korrupsiya və dələduzluqla mübarizədə auditorların rolu: “Auditor nəzarətçi, yoxsa araşdırıcıdır?” mövzusunda ekspert Cussi Brayt çıxış edib.

Ekspert auditorların ənənəvi komplayens (uyğunluq) çərçivəsindən kənara çıxaraq, mürəkkəb korrupsiya və fırıldaqçılıq əməliyyatlarının ifşasında forenzik düşüncə tərzinə necə yiyələnməli olduqlarını ətraflı şərh etdi. Çıxışında vurğuladı ki, auditor peşəkar skeptisizm nümayiş etdirməli, sənədlərin formal tərəfi ilə kifayətlənməyərək əməliyyatların arxasındakı iqtisadi məntiqi və son benefisiar mülkiyyətçini (UBO) üzə çıxarmağı bacarmalıdır.

Daha sonra auditorlar üçün ƏL/TM riskləri, normativ-hüquqi çərçivə və tipologiyalar mövzusunda ekspert Ciuzeppe Lombardo çıxış edib.

FATF-ın qlobal standartları işığında auditorların fəaliyyətində rast gəlinən spesifik risklər təhlil edildi. Ekspert bildirdi ki, cinayətkar şəbəkələr qanunsuz aktivlərin mənşəyini leqallaşdırmaq üçün tez-tez auditorların peşəkar nüfuzundan örtük kimi istifadə etməyə çalışırlar. Çıxış zamanı ofşor strukturlar, fiktiv müqavilələr və mürəkkəb korporativ zəncirlər kimi auditor sektoruna xas ƏL/TM tipologiyaları izah edildi, Milli Risk Qiymətləndirilməsi sənədlərinin gündəlik audit prosesinə inteqrasiyası metodları göstərildi.

ƏL/TMM üzrə auditdə risk əsaslı yanaşmanın tətbiqi, audit planı və keyfiyyətə nəzarət mövzusunda ekspert Cussi Brayt çıxış edib.

Cənab Brayt auditor yoxlamalarının planlaşdırılmasından yekun hesabatın tərtibinə qədər bütün mərhələlərdə risk əsaslı yanaşmanın tətbiqindən danışdı. O, bildirdi ki, resursların daha yüksək risk daşıyan əməliyyatlara yönəldilməsi auditin keyfiyyətini və səmərəliliyini artırır. Sessiyada daxili keyfiyyətə nəzarət sistemləri, xüsusi yoxlama sualnamələrinin tətbiqi və aşkar edilmiş risklər üzrə rəhbərliyə ünvanlanan əsaslandırılmış tövsiyələrin hazırlanması qaydaları addım-addım nümayiş etdirildi.

Şübhəli əməliyyatların aşkarlanması və "qırmızı bayraq" (red flag) indikatorları mövzusunda ekspert Ciuzeppe Lombardo çıxış edib.

Maliyyə axınlarının təhlili zamanı dərhal diqqət yetirilməli olan şübhəli meyarlar sistemləşdirildi. Nağd vəsaitlərin intensiv dövriyyəsi, iqtisadi mahiyyəti olmayan tranzit köçürmələr, bazar qiymətlərindən kəskin fərqlənən sövdələşmələr və benefisiar mülkiyyətçi məlumatlarının gizlədilməsi kimi əlamətlər praktiki nümunələrlə izah edildi. Həmçinin, bu cür faktlar üzrə Şübhəli Əməliyyat Hesabatlarının (STR/SAR) tərtibi və səlahiyyətli maliyyə kəşfiyyatı orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunması prosedurları nəzərdən keçirildi.

Seminarda nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə iştirakçılar real beynəlxalq və regional araşdırmalara əsaslanan praktiki nümunələr üzərində komanda işi aparıblar. Saxta şirkətlər, manipulyasiya edilmiş hesabatlar və ticarət əsaslı çirkli pulların yuyulması sxemləri üzrə simulyasiyalar aparılaraq risklərin dəqiq aşkarlanması və qanuni hesabatlılıq tədbirləri həyata keçirilib.

Bağlanış mərasimində qeyd olunmuşdur ki, üç gün davam edən bu genişmiqyaslı seminar auditor təşkilatlarının və sərbəst auditorların peşəkar potensialını qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırmaqla yanaşı, Azərbaycanın qlobal maliyyə təhlükəsizliyi sistemində mövqeyinin möhkəmləndirilməsinə, kölgə iqtisadiyyatının azaldılmasına və şəffaf biznes mühitinin inkişafına mühüm töhfə verir.

Seminarda 200-ə yaxın sərbəst auditor və auditor təşkilatlarında çalışan auditorlar iştirak edib.

Seminarın sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib.

İştirak etmiş auditorların siyahısı