Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, 2026-cı il 7 avqust tarixində “Maliyyə saxtakarlıqlarının nəticələri üzrə auditor hesabatları və auditor rəyləri” mövzusunda onlayn qaydada ustad dərsi keçirilib.
Ustad dərsində Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva moderator, sərbəst auditor Altay Cəfərov və “AZƏRİ AUDİT SERVİS” MMC-nin auditoru Yasin Şirinov isə məruzəçi qismində çıxış ediblər.
Ustad dərsini giriş sözü ilə Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva açaraq “Maliyyə saxtakarlıqlarının nəticələri üzrə auditor hesabatları və auditor rəyləri” mövzusunun aktuallığına toxunmuş, maliyyə saxtakarlıqlarının müəyyən edilməsi zamanı auditorun peşəkar məsuliyyəti, audit sübutlarının əhəmiyyəti, aşkar edilmiş saxtakarlıqların maliyyə hesabatlarına təsirinin qiymətləndirilməsi və bu halların auditor hesabatlarında və auditor rəylərində düzgün əks etdirilməsinin vacibliyini qeyd etmişdir. Maliyyə saxtakarlığı halları müasir audit təcrübəsində auditorların qarşılaşdığı ən mürəkkəb və xüsusi diqqət tələb edən məsələlərdən biridir. Belə halların vaxtında müəyyən edilməsi, onların maliyyə hesabatlarına təsirinin düzgün qiymətləndirilməsi və auditin nəticələrinin müvafiq qaydada sənədləşdirilməsi auditorun peşəkar məsuliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Xüsusilə maliyyə saxtakarlığı nəticəsində maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin yaranması auditorun auditor hesabatının və auditor rəyinin hazırlanması zamanı peşəkar mühakimə yürütməsini zəruri edir. Bu baxımdan, aşkar edilmiş saxtakarlıq hallarının auditin nəticələrinə təsirinin qiymətləndirilməsi, əldə edilmiş audit sübutlarının yetərliliyi və münasibliyi, habelə auditor rəyinin müvafiq formada ifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bugünkü ustad dərsi çərçivəsində maliyyə saxtakarlıqlarının nəticələrinin auditor hesabatlarında və auditor rəylərində əks etdirilməsi ilə bağlı praktiki məsələlərin, auditorların qarşılaşdıqları real vəziyyətlərin və bu hallarda tətbiq olunan peşəkar yanaşmaların müzakirə olunması nəzərdə tutulur.Əminəm ki, ustad dərsi zamanı təqdim olunacaq praktiki nümunələr və təcrübə mübadiləsi auditorların peşəkar bilik və bacarıqlarının inkişafına, maliyyə saxtakarlıqları ilə bağlı audit risklərinin daha düzgün qiymətləndirilməsinə və audit nəticələrinin hesabatlarda obyektiv və əsaslandırılmış şəkildə əks etdirilməsinə öz töhfəsini verəcəkdir.
Daha sonra mövzu ətrafında geniş çıxış etmək üçün Elmira Hacıyeva sözü məruzəçilər Altay Cəfərov və Yasin Şirinova verdi.
Məruzəçilər çıxışları zamanı maliyyə saxtakarlıqlarının mahiyyəti və əsas növləri, saxtakarlıq hallarının audit zamanı müəyyən edilməsi, aşkar edilmiş saxtakarlıqların maliyyə hesabatlarına təsirinin qiymətləndirilməsi, audit sübutlarının toplanılması və sənədləşdirilməsi, habelə saxtakarlıq nəticələrinin auditor hesabatlarında və auditor rəylərində əks etdirilməsi məsələlərinə toxunmuşlar.
Ustad dərsi çərçivəsində maliyyə saxtakarlığı nəticəsində maliyyə hesabatlarında yaranan əhəmiyyətli təhriflərin qiymətləndirilməsi, auditorun əldə etdiyi audit sübutlarının yetərliliyi və münasibliyi, rəhbərlik və idarəetməyə məsul şəxslərlə kommunikasiya, habelə aşkar edilmiş halların auditor rəyinin formasına və məzmununa mümkün təsirləri barədə praktiki məlumatlar təqdim edilmişdir.
Tədbir zamanı real praktiki nümunələr əsasında maliyyə saxtakarlıqlarının audit nəticələrinə təsiri, belə halların aşkar edilməsi və qiymətləndirilməsi, eləcə də müvafiq auditor hesabatlarının və auditor rəylərinin hazırlanması ilə bağlı yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır
Ustad dərsi interaktiv müzakirələr şəraitində başa çatmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanmışdır. Tədbirdə Auditorlar Palatasının 94 üzvü iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası