Auditorlar Palatasının 2026-cı il üzrə iş planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditor Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 20 iyul tarixində “Auditin keyfiyyətinə kənar nəzarət” mövzusunda onlayn formatda ustad dərsi keçirilib.
Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov məruzəçi qismində çıxış etmişlər.
Tədbirdə keyfiyyətə kənar nəzarətin məqsədi, prinsipləri və həyata keçirilməsi qaydaları ətraflı izah edilmiş, keyfiyyətin idarə edilməsi sisteminin Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Standartlarının (BKIS 1 və BKIS 2) tələbləri əsasında qurulmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin audit təşkilatlarında keyfiyyət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara cavab tədbirlərinin planlaşdırılması ilə bağlı praktiki yanaşmalar iştirakçılarla bölüşülmüşdür. Audit tapşırıqlarının planlaşdırılması, icrası və yekunlaşdırılması mərhələlərində keyfiyyətin təmin edilməsinə dair beynəlxalq təcrübədən nümunələr təqdim edilmişdir. Daxili monitorinq və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də audit prosesində rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin tətbiqi ilə bağlı müasir yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır.
Eyni zamanda, keyfiyyətə kənar nəzarət zamanı daha çox rast gəlinən uyğunsuzluqlar, onların aradan qaldırılması yolları və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilmişdir. Ustad dərsi çərçivəsində iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və peşəkar fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində tövsiyələr səsləndirilmişdir. Tədbir iştirakçıları tərəfindən mövzu yüksək maraqla qarşılanmış və bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyi qeyd olunmuşdur.
Tədbirdə Auditorlar Palatasının 78 üzvü iştirak etmişdir.
Təqdim edilmiş materiallarla aşağıda tanış ola bilərsiniz: