Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən “Xüsusi audit aparan auditorlar və xüsusi auditə cəlb edilən mütəxəssislər üçün peşə hazırlığı, imtahan və sertifikatlaşdırma üzrə Tədris Proqramı” üzrə qeydiyyat elan edilir.

Tədris proqramı xüsusi auditlərin aparılması sahəsində peşəkar bilik və bacarıqların artırılması, etik davranış və müstəqillik prinsiplərinin gücləndirilməsi məqsədilə hazırlanmışdır.

Xüsusi audit – səlahiyyətli qurumun, sifarişçi təşkilatın, məhkəmənin, istintaq və ya təhqiqat orqanının, yaxud qanunvericiliklə nəzərdə tutulmuş digər əsasın mövcud olduğu hallarda konkret fakt, əməliyyat, sənəd, maliyyə göstəricisi, müqavilə münasibəti, uyğunluq vəziyyəti və ya risk üzrə aparılan audit xarakterli peşəkar yoxlama və qiymətləndirmədir.

Proqram çərçivəsində iştirakçılara aşağıdakı istiqamətlər üzrə nəzəri və metodoloji hazırlıq keçiriləcəkdir:

-xüsusi auditlərin hüquqi və təşkilati əsasları;

-risk əsaslı audit yanaşması və audit sübutları;

-peşə etikası və müstəqillik tələbləri;

-əmək münasibətləri və kommersiya əməliyyatları üzrə xüsusi audit yanaşmaları;

-forensik risklər və cinayət-hüquqi indikatorlar;

-uyğunluq, ƏL/TMM və hədəfli maliyyə sanksiyaları;

-maliyyə hesabatları və vergi göstəricilərinin audit baxımından qiymətləndirilməsi;

-xüsusi audit nəticə sənədlərinin hazırlanması.

Tədris proqramının yekununda iştirakçılar üçün imtahan keçiriləcək, müvəffəq nəticə göstərən auditorlara xüsusi auditlər üzrə peşə hazırlığını təsdiq edən sertifikat təqdim ediləcəkdir.

Proqram aşağıdakı şəxslər üçün nəzərdə tutulur:

-xüsusi auditlərin aparılmasında iştirak etmək istəyən auditorlar;

-auditor təşkilatlarının əməkdaşları;

-xüsusi auditlərə cəlb ediləcək mütəxəssislər;

-mühasibat, maliyyə, hüquq, vergi, forensik təhlil və digər aidiyyəti sahələr üzrə mütəxəssislər.

Tədrisin əyani, distant və ya hibrid formada keçirilməsi nəzərdə tutulur.

Tədris proqramı ödənişli əsaslarla təşkil olunur.

Tədrisin başlanma tarixi 24 avqust 2026-cı il, sənəd qəbulu isə 14 avqust 2026-cı il tarixinədək həyata keçiriləcəkdir.

Tələb olunan sənədlər: Ərizə-anket forması və şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlaqələndirici şəxs:

Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva

Tel: 051 921 25 25; 012 465 21 75

E-mail: training@audit.gov.az