Auditorlar Palatasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Auditorlar Palatasında 2026-cı il 12 iyun tarixində “15 İyun-Milli Qurtuluş Günü”nə  həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra “15 İyun-Milli Qurtuluş Günü”nə  həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq Milli Qurtuluş Günü münasibətilə Auditorlar Palatasının rəhbərliyi adından Palatanın əməkdaşlarını və üzvlərini ürəkdən təbrik edib.

Vahid Novruzov çıxışında qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış əlamətdar gün  “15 İyun – Milli Qurtuluş Günü 33 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, inkişafın sarsılmaz təməlləri qoyulub.

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi və bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi və bu arzu 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Xankəndində, Laçında, Xocalıda, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Heydər Əliyev ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq”.

Daha sonra tədbirdə Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatasının üzvləri: “BAKI HESABAT MƏRKƏZİ” MMC-nin direktor-auditoru Mehdi Babayev, “AZƏRUÇOT” MMC-nin direktor-auditoru Eldar Təhməzov, “NİAC” MMC-nin direktor-auditoru Elşən İbadov, “CONSULTING GROUP” MMC-nin direktor-auditoru Elçin Əkbərov, “A PLUS AUDİT” MMC-nin direktor-auditoru Azər Əliyev, “Modern Audit Servis” MMC-nin direktor-auditoru Ramal Mehdizadə, Sərbəst auditorlar İlham Süleyman, Ağabala Qurbanov, Şahzadə Şirinova, Auditorlar Palatasının Haqsız rəqabətə qarşı mübarizə və beynəlxalq əlaqələr idarəsinin rəis müavini Afiqə Bayramova, Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva, Təşkilati-texniki təminat şöbəsinin əməkdaşı Ləman Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana və xalqına göstərdiyi misilsiz xidmətlərindən və bu yolu uğurla davam etdirən Ölkə Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlardan, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış proqramından və digər işlərdən bəhs ediblər.

Məruzəçilər eyni zamanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin qərinələr ötsə də, əsrlər keçsə də Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, onun ölkəmizin xarici və daxili siyasətinin, iqtisadiyyatının inkişaf strategiyasının əsasını qoyduğunu, dövlət müstəqilliyinin və azərbaycançılıq ideologiyasının qorunub saxlanılmasında müstəsna rol oynadığını bildiriblər.

Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!