2026-cı il 21–22 may tarixlərində Fransanın Paris şəhərində, Avropa Şurasının Paris Ofisində “Təyin edilmiş qeyri-maliyyə biznesləri və peşələri: ƏL/TMM üzrə effektiv nəzarət sistemlərinin və nəzarət mexanizmlərinin qurulması” (Designated Non-Financial Businesses and Professions: Building Effective AML/FT Supervisory Systems and Controls)” mövzusunda regional seminarlar keçirilib.
Seminarda Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan aidiyyəti dövlət qurumlarının, maliyyə monitorinqi orqanlarının, nəzarət qurumlarının və özünütənzimləyici təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində Auditorlar Palatasının nümayəndələri Qoşqar Əhmədov və Səftər Vəlizadə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Ruqiyyə Məlikova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Orxan Abdinov və Rauf Əsgərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Orxan Babayev, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Nilufər Abdullayeva iştirak ediblər.
Seminarlar çərçivəsində Azərbaycan Respublikasının nümayəndələri tərəfindən ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarəti, riskəsaslı nəzarət mexanizmləri və həyata keçirilən institusional islahatlara dair təqdimatla çıxış edilib.
Seminar Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətkarlığa qarşı mübarizə, xüsusilə çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı (ƏL/TMM) institusional nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədini daşıyıb.
Seminarın əsas məqsədi qeyri-maliyyə peşələri və biznes subyektləri (DNFBP) üzrə ƏL/TMM nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, riskəsaslı nəzarət yanaşmalarının tətbiqi, beynəlxalq standartlar üzrə institusional hazırlığın gücləndirilməsi və MONEYVAL/FATF qiymətləndirmələrinə hazırlıq istiqamətində iştirakçı ölkələrin praktiki bilik və bacarıqlarının artırılması olub.
Seminarlar çərçivəsində FATF-ın yeni qiymətləndirmə metodologiyası, xüsusilə “Birbaşa Nəticə 4” (IO.4) üzrə yeni yanaşmalar geniş şəkildə müzakirə olunub. Ekspertlər tərəfindən bildirilib ki, FATF-ın 2022-ci ildən tətbiq etdiyi yeni metodologiya çərçivəsində qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda nəzarətin effektivliyi ayrıca və daha sərt meyarlarla qiymətləndirilir. Bu baxımdan qeyri-maliyyə sektorunda nəzarətin gücləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və effektiv sanksiya mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Seminar zamanı MONEYVAL qiymətləndirmələrinin nəticələri, xüsusilə Şərq Tərəfdaşlığı ölkələrində qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda mövcud çatışmazlıqlar, risk əsaslı nəzarət mexanizmlərinin zəif tətbiqi, şübhəli əməliyyat hesabatlarının aşağı səviyyədə olması və nəzarət orqanlarının institusional imkanları ətraflı təhlil edilib.
Sessiyalar çərçivəsində FATF-ın 22, 23, 28 və 35-ci Tövsiyələri üzrə tətbiq olunan tələblər, həmçinin riskəsaslı nəzarət modelinin qurulması, milli risk qiymətləndirilməsinin (NRA) nəzarət planlaşdırılmasına inteqrasiyası və sektorlar üzrə risk profillərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Ekspertlər tərəfindən qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda risk əsaslı yanaşmanın tətbiqində aşağıdakı istiqamətlərin vacibliyi vurğulanıb:
Seminarda nəzarət strategiyası və nəzarət planlarının hazırlanması mövzusunda praktiki təqdimatlar keçirilib. İştirakçılara nəzarət olunan subyektlərin reyestrinin formalaşdırılması, risk kateqoriyalarına bölünməsi, illik nəzarət planlarının hazırlanması və nəzarət resurslarının effektiv idarə olunması ilə bağlı praktiki metodologiyalar təqdim olunub.
Praktiki məşğələlər zamanı hipotetik qeyri-maliyyə peşələri və biznes subyektləri sektoru üzrə nümunəvi nəzarət planları hazırlanaraq iştirakçılarla birlikdə təhlil edilib. Tədbir iştirakçıları tərəfindən risk əsaslı yoxlama planlarının hazırlanması, yoxlamaların prioritetləşdirilməsi və nəzarət fəaliyyətinin nəticələrinin ölçülməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Seminar çərçivəsində məsafədən nəzarət (off-site monitoring) və yerində yoxlamalar (on-site inspections) üzrə nəzarət mexanizmləri də geniş şəkildə müzakirə olunub. Sessiyalar zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:
Bununla yanaşı, inzibati sanksiyalar və icra mexanizmləri üzrə keçirilən sessiyalarda ƏL/TMM pozuntularına görə tətbiq olunan tədbirlər, proporsional və çəkindirici sanksiyaların əhəmiyyəti, inzibati və cinayət məsuliyyəti tədbirləri, pozuntuların sənədləşdirilməsi və sanksiyaların ictimailəşdirilməsi məsələləri geniş təhlil olunub.
Ekspertlər tərəfindən qeyd olunub ki, MONEYVAL və FATF qiymətləndirmələrində ən çox diqqət yetirilən istiqamətlərdən biri də məhz effektiv və çəkindirici sanksiya mexanizmlərinin mövcudluğudur. Bu baxımdan iştirakçı ölkələrin təcrübələri müqayisəli şəkildə müzakirə olunub.
Seminar çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda həyata keçirilən institusional islahatlar, ƏL/TMM nəzarətinin gücləndirilməsi istiqamətində görülən tədbirlər və risk əsaslı yanaşmalar barədə təqdimatla çıxış edilib.
Təqdimatda aşağıdakı istiqamətlər üzrə məlumat verilib:
Azərbaycan nümayəndələrinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və digər ölkələrin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Seminarda həmçinin virtual aktivlər və kriptovalyuta əməliyyatları, benefisiar sahibliyin gizlədilməsi, nominal sahiblik strukturları, proliferasiya maliyyələşdirilməsi riskləri və sanksiyalardan yayınma mexanizmləri kimi yeni yaranan risk istiqamətləri üzrə təqdimatlar keçirilib.
Ekspertlər tərəfindən bildirilib ki, müasir dövrdə virtual aktivlər və mürəkkəb sahiblik strukturları vasitəsilə həyata keçirilən qeyri-qanuni maliyyə əməliyyatları qeyri-maliyyə peşələri və biznes subyektləri sektoru üçün ciddi risklər yaradır. Bu baxımdan nəzarət orqanlarının analitik imkanlarının gücləndirilməsi, rəqəmsal nəzarət alətlərinin tətbiqi və beynəlxalq məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Seminarın digər mühüm istiqamətlərindən biri də informasiya texnologiyaları və süni intellekt həllərinin ƏL/TMM nəzarətində tətbiqi olub. Sessiyalar zamanı SupTech həlləri, məlumatların emalı və analizi sistemləri, risk indikatorlarının avtomatik aşkarlanması və süni intellekt əsaslı monitorinq alətləri barədə ətraflı məlumat verilib.
İştirakçılar tərəfindən qeyd olunub ki, müasir texnologiyaların tətbiqi nəzarət prosesinin effektivliyinin artırılması, resurslardan daha səmərəli istifadə olunması və risklərin erkən mərhələdə aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Seminar iştirakçı ölkələr arasında təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın genişləndirilməsi və FATF-ın yeni metodologiyası üzrə praktiki biliklərin artırılması baxımından mühüm platforma olub.
Azərbaycan nümayəndələri tədbir çərçivəsində keçirilən müzakirələrdə, praktiki sessiyalarda və qarşılıqlı təcrübə mübadiləsində fəal iştirak etmiş, qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə ilə yaxından tanış olublar.
Tədbirdə əldə olunan bilik və təcrübənin gələcək fəaliyyətlərdə tətbiqi, aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Qalareya