Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın İndikator Cədvəlinin “Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” adlı prioritet istiqamətinin icrası ilə əlaqədar UNEC Karyera Mərkəzinin dəstəyi ilə “Maliyyə və mühasibat” fakültəsində tələbələr üçün “Süni intellekt və rəqəmsallaşma şəraitində mühasibat uçotu və audit” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq bildirib ki, müasir dövrdə süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin mühasibat uçotu və audit sahəsinə təsiri sürətlə genişlənir. O vurğulayıb ki, bu dəyişikliklər gələcək mütəxəssislər üçün yeni bilik və bacarıqların formalaşdırılmasını zəruri edir. Dekan tələbələrin innovativ yanaşmalara açıq olmasının, rəqəmsal mühitdə peşəkar kompetensiyalarını inkişaf etdirməsinin və beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan səmərəli istifadə bacarıqlarına yiyələnməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər tələbələrin əmək bazarına daha hazırlıqlı inteqrasiyasında mühüm rol oynayır.
Daha sonra Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov geniş təqdimatla çıxış edib. Məruzədə rəqəmsallaşma və süni intellekt texnologiyalarının mühasibat uçotu və audit sahəsində şəffaflığın artırılmasında, maliyyə hesabatlılığının keyfiyyətinin yüksəldilməsində, əməliyyatların daha dəqiq və operativ izlənilməsində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, müasir audit sistemlərində data analitikası, avtomatlaşdırılmış nəzarət mexanizmləri və rəqəmsal audit izlərinin tətbiqi artıq zərurətə çevrilib.
Qoşqar Əhmədov çıxışında həmçinin qeyd edib ki, süni intellekt əsaslı sistemlər insan faktorundan qaynaqlanan səhvlərin və korrupsiya risklərinin minimallaşdırılmasına, risklərin daha operativ aşkarlanmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə imkan yaradır. Bununla yanaşı, kibertəhlükəsizliyin maliyyə məlumatlarının qorunması və audit proseslərinin etibarlılığının təmin olunması baxımından strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Məruzədə rəqəmsal transformasiya şəraitində mühasibatlıq və audit sahəsində kadr hazırlığının yeni çağırışlara uyğun qurulmasının vacibliyi xüsusi vurğulanıb. Təhsil müəssisələrinin süni intellekt, böyük verilənlər (big data), avtomatlaşdırılmış audit sistemləri və rəqəmsal platformalar üzrə praktiki bacarıqların formalaşdırılmasına yönəlmiş müasir tədris modellərini tətbiq etməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda universitetlərlə peşəkar qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, real sektorla əlaqəli təcrübə proqramlarının artırılması və rəqəmsal simulyasiya mühitlərinin yaradılması təklif edilib.
Tədbir çərçivəsində dövlət idarəçiliyi, ali təhsil sistemi və sənaye sektoru arasında inteqrasiyanın gücləndirilməsi, innovasiya yönümlü inkişafın təşviqi və bilik transferi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri də geniş müzakirə olunub. Konfransda yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müasir iqtisadi çağırışlara dair elmi əsaslandırılmış yanaşmalar və praktiki təkliflər səsləndirilib.
Müzakirələr zamanı qeyd olunub ki, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasında universitetlərin tədqiqat potensialı, dövlətin strateji tənzimləmə rolu və sənayenin innovasiya tələbləri arasında səmərəli balansın qurulması mühüm əhəmiyyət daşıyır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qalareya