Auditorlar Palatasında 2026-cı ilin 8 may tarixində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın inkişaf strategiyasının və Konstitusiyasının banisi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı bəhs edib. O, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətinliklərdən, xaos və parçalanma təhlükəsindən, milli dövlətçiliyin sarsıdılmasına xidmət edən qüvvələrin fəaliyyətindən və bu vəziyyətin Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını zəruri etməsindən danışıb. V.Novruzov qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan vətəndaş qarşıdurmasından, iqtisadi fəlakətdən və siyasi təlatümlərdən xilas olaraq hüquqi dövlət quruculuğu yoluna qədəm qoyub.
Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyev olan milli dövlətçilik bizim ən böyük sərvətimizdir.
Vahid Novruzov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi əsasların möhkəmləndirilməsi, idarəetmənin sabitləşdirilməsi və Konstitusiya əsasında müasir dövlət quruculuğunun təməli formalaşdırılıb. Bu istiqamətdə ən vacib addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması olub. 1992-ci ildə əsası qoyulan bu partiya dövlət müstəqilliyimizin qorunması, siyasi sabitliyin təmin olunması və xalqın bir araya gəlməsində əvəzsiz rol oynayıb.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin qarşısında yeni tarixi şəraitdə iki mühüm vəzifə dayanırdı: Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanılması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi.
V.Novruzov çıxışında eyni zamanda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vurğulayıb ki, güclü iqtisadiyyat güclü dövlətin əsas təminatıdır. Bu kontekstdə aparılan iqtisadi islahatlar sosial siyasətlə üzvi şəkildə bağlıdır.
Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verib.
V.Novruzov çıxışında xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də özündən sonra layiqli varisin müəyyən edilməsi olub. O, əmin idi ki, başa çatdıra bilmədiyi məsələlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.
Elə bunun nəticəsidir ki, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir zirvə oldu. Bu müharibədə qazanılan parlaq qələbə təkcə hərbi gücün nümayişi deyil, eyni zamanda siyasi uzaqgörənlik, diplomatik ustalıq və milli həmrəyliyin təntənəsi kimi tarixə düşüb. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək həmrəyliyi və iradəsi ilə, rəşadətli ordumuz isə peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı ilə bu tarixi zəfərin müəllifinə çevrilib.
Xalqımız bu gün həqiqətən də Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görür və daim ölkə başçısının ətrafında sıx birləşib.
Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, əldə olunan uğurlar, mövcud sabitlik və perspektiv hədəflər bir daha sübut edir ki, Heydər Əliyev yolu daim yaşayacaq, bu yolda atılan hər bir addım isə xalqımızın rifahına, dövlətimizin qüdrətinə xidmət edəcəkdir. Bu yol müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətimizin təminatıdır.
Sonra Vahid Novruzov vurğulayıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə fəaliyyət göstərən bütün sahələrə göstərdiyi diqqət və qayğı Azərbaycan auditorlarında da daim hiss olunub. V.Novruzov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” qanuna əsasən fəaliyyətə başlamış Auditorlar Palatasının bu il 30 ili tamam olur və sentyabr ayında yerli və xarici ölkələrin təmsilçilərinin iştirakı ilə beynəlxalq tədbirimiz baş tutacaq.
Daha sonra tədbirdə Auditorlar Palatasının əməkdaşları və üzvləri: Fəxrəddin İsmayılov – Auditorlar Palatası sədrinin müavini, “LŞ Audit” MMC-nin direktoru-auditor Fərhəddin Hüseynov, “Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Roman Hüseynov, “Azərbeynəlxalq audit xidməti” MMC-nin direktoru-auditor Misir Əhmədov, Səftər Vəlizadə – “SR Audit Solutions” MMC-nin direktoru-auditor, Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva, “Maliyyə və Audit Mərkəzi” MMC-nin direktoru-auditor Günay Əliyeva, “AZƏRUÇOT” MMC-nin direktoru-auditor Eldar Təhməzov, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, “ACTİVE CONSULTİNG CN” MMC-nin direktoru-auditor Nazim Alıyev, Sərbəst auditor Yaqub Verdiyev, Sərbəst auditor Hafiz Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Vüqar Sərdarov, “BAKI HESABAT MƏRKƏZİ” MMC-nin direktoru-auditor Mehdi Babayev çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana və xalqına göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.
Məruzəçilər eyni zamanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin əsrlər keçsə də, qərinələr ötsə də Azərbaycan xalqının qəlbində daimi yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul edilən Auditorlar Palatasının 7 nəfər üzvlərinə və əməkdaşlarına Partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 7 nəfər Partiyanın yeni üzvlərini təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzu edib.
Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!

.jpg)
.jpg)
Qalareya