TDT daxilində mühasibat və müstəqil audit qurumu yaradılacaq - AZƏRTAC

Ankara, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub.

Palatanın sədri, professor Vahid Novruzov AZƏRTAC-a bildirib ki, dördgünlük səfər proqramı bir müddət əvvəl Türkiyə Respublikasının İctimai Nəzarət Audit və Mühasibat Standartları Təşkilatı ilə Azərbaycan Auditorlar Palatası arasında Bakıda imzalanan əməkdaşlıq Sazişinə uyğun həyata keçirilib.

Səfər çərçivəsində təcrübə mübadiləsi, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində mühasibat və müstəqil audit qurumunun yaradılması ilə bağlı atılacaq addımlar əsas müzakirə mövzusu olub. Kadr hazırlığı, keyfiyyətə nəzarət və peşə etikasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Türk mütəxəssislərin cari ilin iyun və sentyabr aylarında Bakıya gözlənilən səfərləri zamanı nəzərdə tutulan tədbirlərin reallaşdırılması barədə razılıq əldə edilib.