Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Ankarada işguzar səfərdə olub.

Azərbaycan Respublikasının Auditorlar Palatası və Türkiyə Respublikasının İctimai Nəzarət və Audit Standartları Təşkilatı (KGK) arasında audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi, ölkələrimizin tənzimləyici qurumları arasında auditin keyfiyyətinə nəzarət, haqsız rəqabətə və dempinqə qarşı mübarizə, auditorların peşə hazırlığı və sertifikasiyası üzrə birgə əməkdaşlıq sahəsində konkret tədbirlərin həyata keçirilməsi, habelə türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məqsədilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti 2026-cı ilin 26-30 aprel tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işguzar səfərdə olub. 

Nümayəndə heyətinin dördgünlük səfər proqramı bir müddət əvvəl Türkiyə Respublikasının İctimai Nəzarət Audit və Mühasibat Standartları Təşkilatı ilə Azərbaycan Auditorlar Palatası arasında Bakıda imzalanan əməkdaşlıq Sazişinə uyğun həyata keçirilib.

Səfər çərçivəsində təcrübə mübadiləsi, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində mühasibat və müstəqil audit qurumunun yaradılması ilə bağlı atılacaq addımlar əsas müzakirə mövzusu olub. Kadr hazırlığı, keyfiyyətə nəzarət və peşə etikasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Türk mütəxəssislərin cari ilin iyun və sentyabr aylarında Bakıya gözlənilən səfərləri zamanı nəzərdə tutulan tədbirlərin reallaşdırılması barədə razılıq əldə edilib. 

 

 

 

Qalareya