“Ən çox əməl edilməyən peşə standartları” mövzusunda vebinar keçirilib

2026-cı il 22 aprel tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “Ən çox əməl edilməyən peşə standartları” mövzusunda vebinar keçirilib.

Vebinarda Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov moderator, Auditorlar Palatasının üzvü, sərbəst auditor Şamxal Kərimov isə məruzəçi qismində çıxış edib.

Vebinarın əsas məqsədi audit praktikası zamanı ən çox pozulan və ya düzgün tətbiq edilməyən Beynəlxalq Audit Standartlarını təhlil etmək, bu sahədə mövcud problemləri auditorların diqqətinə çatdırmaq və auditin keyfiyyətinin artırılmasına dəstək olmaqdır.

Vebinar çərçivəsində xüsusilə aşağıdakı audit standartları üzrə geniş müzakirələr aparılmışdır:

BAS 230 – Auditin sənədləşdirilməsi

Qeyd edilmişdir ki, audit yalnız prosedurların icrası ilə məhdudlaşmır; eyni zamanda bu prosedurların, əldə olunmuş audit sübutlarının və qəbul edilmiş peşəkar mülahizələrin düzgün və sistemli şəkildə sənədləşdirilməsi audit keyfiyyətinin ayrılmaz tərkib hissəsidir. Sənədləşmənin “təcrübəli auditor testi”nə cavab verməsi – yəni digər təcrübəli auditorun sənədlər əsasında aparılmış işin mahiyyətini və nəticələrini başa düşə bilməsi – xüsusi vurğulanmışdır. Bununla yanaşı, praktikada sənədlərin formal şəkildə toplanması, lakin nəticələrin kifayət qədər əsaslandırılmaması kimi ciddi çatışmazlıqların mövcud olduğu qeyd edilmişdir.

BAS 315 – Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi

Vurğulanmışdır ki, audit təsadüfi prosedurların icrası deyil, risk əsaslı yanaşma üzərində qurulmuş sistemli prosesdir. Auditor audit olunan müəssisəni və onun fəaliyyət mühitini dərindən anlamalı, riskləri konkret və əsaslandırılmış şəkildə müəyyən etməli və qiymətləndirməlidir. Praktikada isə risklərin formal xarakter daşıyan şəkildə sənədləşdirilməsi, konkret risklər əvəzinə ümumi ifadələrin istifadə olunması, eləcə də daxili nəzarət sisteminin qeyri-adekvat qiymətləndirilməsi kimi problemlərin geniş yayıldığı bildirilmişdir.

BAS 500 – Audit sübutları

Audit sübutlarının “yetərli” və “münasib” olması anlayışları izah edilmiş, sübutun keyfiyyəti ilə miqdarı arasında qarşılıqlı əlaqə xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, hər hansı sənədin mövcudluğu onun avtomatik olaraq audit sübutu kimi qəbul edilməsi üçün kifayət deyil. Auditor əldə etdiyi sübutları tənqidi yanaşma ilə qiymətləndirməli və nəticələrini məntiqi şəkildə əsaslandırmalıdır. Praktikada tək mənbəyə istinad edilməsi, sorğulara həddindən artıq etibar olunması, eləcə də informasiya texnologiyaları sistemlərindən əldə olunan məlumatların adekvat yoxlanılmadan qəbul edilməsi kimi çatışmazlıqlar diqqətə çatdırılmışdır.

BAS 505 – Kənar mənbədən təsdiqləmələr

Qeyd olunmuşdur ki, kənar mənbələrdən alınan təsdiqlər audit sübutlarının ən etibarlı formalarından biri hesab olunur. Bu baxımdan, təsdiqləmə prosesinə auditorun birbaşa və tam nəzarət etməsi vacibdir. Lakin praktikada bu prosesin bəzən audit olunan müəssisənin rəhbərliyinə həvalə edilməsi, elektron təsdiqlərə kifayət qədər yoxlama aparılmadan etibar olunması və cavab alınmadıqda alternativ audit prosedurlarının tətbiq edilməməsi kimi ciddi nöqsanların mövcud olduğu vurğulanmışdır.

BAS 705 – Auditor rəyinin modifikasiyası

Vebinar zamanı auditor rəyinin modifikasiyası halları da təhlil edilmişdir. Bildirilmişdir ki, əhəmiyyətli təhriflər və ya audit sübutlarının məhdudluğu mövcud olduqda auditor müvafiq olaraq şərtli rəy, mənfi rəy və ya rəy verməkdən imtina etməlidir. Bununla belə, praktikada bəzi auditorların müştəri təzyiqi səbəbindən rəyin modifikasiyasından yayınması, eləcə də kifayət qədər və münasib audit sübutları olmadan rəy formalaşdırması kimi ciddi peşə pozuntularının mövcud olduğu qeyd edilmişdir.

Son olaraq vebinar çərçivəsində aparılan müzakirələr nəticəsində aşağıdakı əsas məqamlar vurğulanmışdır:

  • Audit sənədləşməsi formal xarakter daşımamalı, auditorun peşəkar mülahizələrini və düşüncə prosesini əks etdirməlidir;
  • Risklər konkret, ölçülə bilən və əsaslandırılmış şəkildə müəyyən edilməli və qiymətləndirilməlidir;
  • Audit sübutları müxtəlif və etibarlı mənbələrdən əldə olunmalı, onların keyfiyyəti və yetərliliyi kompleks şəkildə qiymətləndirilməlidir;
  • Kənar təsdiqlər üzrə proses tam şəkildə auditorun nəzarəti altında həyata keçirilməlidir;
  • Auditor rəyi obyektiv, müstəqil və beynəlxalq audit standartlarının tələblərinə uyğun formada tərtib edilməlidir.

Qeyd olunmuşdur ki, audit keyfiyyətinin artırılması üçün beynəlxalq audit standartlarının düzgün tətbiqi mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası