Səbuhi Gülməmmədov, Şəfiqə Əsgərova: Azərbaycan auditi - 2025

İQTİSADİYYAT.COM

Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə iqtisadiyyatının vacib infrastruktur sahələrindən biri olan auditin inkişafı və beynəlxalq standartlara uyğun qurulması istiqamətində fəaliyyətini 2025-ci il ərzində də ardıcıl şəkildə davam etdirmişdir. Palata öz fəaliyyətini “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə, “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyası (2021-2030-cu illər)”, Palata Şurasının 2024-cü il 29 dekabr tarixli 372/1 nömrəli qərarı ilə təsdiq edilmiş Palatanın və onun Şurasının 2025-ci il üzrə iş planları və digər normativ sənədlər çərçivəsində qurmuşdur.                                                                          

Auditorlar Palatasının fəaliyyətinin əsas istiqamətləri. 2025-ci il ərzində Auditorlar Palatası tərəfindən auditor xidmətlərinin tənzimlənməsi, auditorların peşəkarlıq səviyyəsinin artırılması, etik normalara riayət olunmasının təşviqi, həmçinin audit sahəsində normativ-metodoloji bazanın təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyət aparılmışdır. Bununla yanaşı, dövlət orqanları, ali təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci il 13 mart tarixində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfrans keçirilmişdir. Sözügedən tədbir maliyyə nəzarətinin hüquqi dövlət quruculuğunda, dövlət və özəl sektor münasibətlərində şəffaflığın təmin edilməsində, eləcə də konstitusion hüquqların qorunmasında mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2025-ci il 23 may tarixində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransda ölkəmizin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssisləri iştirak etmiş, beynəlxalq təcrübə mübadiləsi aparılmış, risklərin idarə olunması, nəzarət mexanizmlərinin gücləndirilməsi və institusional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

 

Ötən il Palatanın iş planında isə auditin təşkili və tənzimlənməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi, beynəlxalq audit standartlarının tətbiqi, keyfiyyətə nəzarət, etika və şəffaflığın təminatı, kadr hazırlığı, beynəlxalq əlaqələr, audit sistemində icra intizamı və daxili nəzarət, nəşrlər, konfranslar, “dəyirmi masa”lar, ustad dərsləri və seminarlar, informasiya təminatı, palatadaxili tənzimləmə, daxili audit istiqamətlər üzrə görülməli olan işlər əksini tapmış və bu tədbirlər 160-dan artıq olmuşdur. 

Auditorlar Palatasının Dövlət Proqramlarında iştirakı. 2025-ci il ərzində Auditorlar Palatası bir sıra mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramlarının icrasında iştirak etmişdir. O cümlədən: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 15 bənd üzrə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli sərəncamının 2.2-ci bəndinin tələbinə uyğun olaraq həmin sərəncamla təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan 7 bənd üzrə xeyli işlər görülmüşdür.                              

Auditin təşkili və tənzimlənməsi. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə müvafiq olaraq Auditorlar Palatasının əsas vəzifəsi olan mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin təşkili və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tədbirləri həyata keçirməkdə davam etmişdir. 

Auditin keyfiyyətinə nəzarət və kadr hazırlığı. Ötən il ərzində Auditorlar Palatasının müfəttişlər qrupu tərəfindən 47 auditor təşkilatının və 14 sərbəst auditorun apardıqları auditlərin keyfiyyətinə kənar nəzarət keçirilmiş və nəticəsi üzrə hesabatlar Palatanın Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitəyə təqdim edilmişdir. Aparılan yoxlamaların nəticələrinə Palatanın Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitədə, bəziləri isə Palatanın Şurasında baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri Auditorlar Palatasının fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Auditorlar Palatasının İmtahan Komissiyası və Kadr hazırlığı idarəsi tərəfindən 2025-ci ildə auditor adı almaq üçün ənənəvi qaydada 3 imtahan keçirilmişdir. Bundan başqa ötən ildə iki ixtisasartırma kursu və müxtəlif mövzularda təlimlər təşkil edilmişdir.

Auditorlar Palatası tərəfindən 2025-ci il ərzində 7 “dəyirmi masa”, 2 ustad dərsi, 13 seminar və 19 ictimai-siyasi tədbir keçirilmişdir.

Beynəlxalq əməkdaşlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə Auditorlar Palatası bir sıra xarici qurumlarla, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir və hər iki qurumun tamhüquqlu üzvüdür. Auditorlar Palatası fəaliyyəti dövründə üzv olduğu və əməkdaşlıq etdiyi qurumlarla daim əlaqədə olmaqla ölkəmizdə auditor xidmətinin təşkili, tənzimlənməsi, inkişafı və onun keyfiyyətinin yüksəldilməsi istiqamətində sıx əməkdaşlıq edir, onlarla dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılmışdır. Beynəlxalq əlaqələr çərçivəsində qarşılıqlı olaraq təşkil edilən tədbirlərdə nümayəndə heyətləri mütəmadi olaraq iştirak edirlər. Ötən ildə Auditorlar Palatasının rəhbərliyi, əməkdaşları və üzvləri 10-dan artıq beynəlxalq tədbirlərdə iştirak etmişdir.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) və Qazaxıstan Respublikası Auditorlar Palatasının nümayəndə heyətləri arasında  2025-ci il noyabrın 14-də işgüzar görüş keçirilmişdir. Görüşün məqsədi Auditorlar Palatası və KGK arasında audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, iki qardaş ölkənin tənzimləyici qurumları arasında auditin keyfiyyətinə nəzarət, ƏL/TM-ə və haqsız rəqabətə qarşı mübarizə, auditorlarının sertifikasiyası sahələrində birgə əməkdaşlıq perspektivlərinin, habelə türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məsələlərinin müzakirəsindən ibarət olmuşdur.

 

Auditorlar Palatası Şurası: 2025-ci ildə yeniliklər, şəffaflıq və keyfiyyət prioritet olub. 2025-ci il ərzində Auditorlar Palatası Şurasının fəaliyyəti audit sahəsində müasir çağırışlara uyğunlaşma, beynəlxalq standartların tətbiqi və peşə etikası prinsiplərinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlarla yadda qalmışdır. İl boyu keçirilən çoxsaylı iclaslarda qəbul edilən qərarlar ölkədə audit fəaliyyətinin daha şəffaf, etibarlı və keyfiyyətli şəkildə təşkilinə xidmət etmişdir.

Şura iclaslarında əsas diqqət auditor fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə yönəldilmişdir. Bu çərçivədə beynəlxalq audit standartlarına uyğun yeni təlimatlar hazırlanmış, mövcud qaydalar yenidən işlənmiş və peşəkar mühasiblərin etik davranışını müəyyən edən mexanizmlər gücləndirilmişdir. Xüsusilə Beynəlxalq Etika Məcəlləsinin tətbiqi və audit standartlarına dair şərhlərin hazırlanması bu sahədə mühüm addımlardan biri olmuşdur.

Eyni zamanda auditin keyfiyyətinə nəzarətin artırılması Şuranın əsas prioritetlərindən biri kimi çıxış etmişdir. Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyəti üzrə mütəmadi təhlillər aparılmış, auditlərin keyfiyyətinə kənar nəzarət mexanizmləri gücləndirilmiş, mövcud risklərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu yanaşma audit xidmətlərinin etibarlılığının artırılmasına və ictimai etimadın möhkəmlənməsinə xidmət etmişdir.

2025-ci ildə auditorlar arasında etik davranışın təmin olunması və peşə standartlarına riayət olunması məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə monitorinq sistemləri yaradılmış, müvafiq sorğular vasitəsilə mövcud vəziyyət qiymətləndirilmiş və gələcək fəaliyyət üçün əsaslı qərarlar qəbul edilmişdir. Təsadüfi deyil ki, 2026-cı ilin “Auditorların peşə etikası ili” elan edilməsi bu sahədə aparılan işlərin məntiqi davamı kimi qiymətləndirilir.

Audit bazarında sağlam rəqabət mühitinin qorunması məqsədilə haqsız rəqabət və dempinq halları ilə mübarizə də gücləndirilmişdir. Bu çərçivədə anonim müraciət mexanizmlərinin yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi və qeyri-qanuni fəaliyyət hallarının aşkarlanması üzrə monitorinqlərin aparılması diqqət çəkən məqamlardandır.

Bununla yanaşı, Auditorlar Palatasının institusional inkişafı istiqamətində də mühüm addımlar atılmışdır. Palatanın illik fəaliyyət və maliyyə hesabatları təsdiq edilmiş, struktur bölmələrin fəaliyyəti qiymətləndirilmiş, komitə və şuraların iş planları müəyyənləşdirilmişdir. Auditorların peşəkar inkişafı məqsədilə ixtisasartırma proqramları yenilənmiş, imtahan mexanizmləri təkmilləşdirilmişdir.

İl ərzində beynəlxalq əməkdaşlıq və elmi fəaliyyət istiqamətində də ardıcıl addımlar atılmışdır. Müxtəlif konfranslar, seminarlar və “dəyirmi masa”lar təşkil olunmuş, Auditorlar Palatasının üzv olduğu IFAC  və EFAA kimi beynəlxalq nüfuzlu təşkilatların tələblərinin tətbiqi üzrə məqsədyönlü işlər həyata keçirilmişdir. Bu fəaliyyətlər ölkədə audit sisteminin beynəlxalq standartlara uyğunlaşmasına və beynəlxalq praktikaya inteqrasiyasına mühüm töhfə vermişdir.

Eyni zamanda 2026-cı il üzrə fəaliyyət istiqamətləri də əvvəlcədən müəyyən edilmiş, müvafiq iş planları və monitorinq mexanizmləri təsdiqlənmişdir. Bu, audit sahəsində davamlı inkişafın və sistemli yanaşmanın təmin olunmasına zəmin yaradır.

Ümumilikdə, 2025-ci il Auditorlar Palatası Şurası üçün audit fəaliyyətində keyfiyyətin yüksəldilməsi, şəffaflığın artırılması və peşə etikası prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mərhələ kimi dəyərləndirilə bilər.    İnformasiya-təbliğat və nəşr fəaliyyəti. Fəaliyyət göstərdiyi ilk illərdən etibarən Auditorlar Palatasının çoxşaxəli fəaliyyətində mühüm yer tutan təbliğat və nəşr işləri də həm sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidmətinin təbliğinə, dövlətin maliyyə-iqtisadi fəaliyyətinin həyata keçirilməsi, iqtisadi demokratiyanın genişləndirilməsi və ölkədə maliyyə şəffaflığının bərqərar edilməsi vəzifələrinin həllində auditin yeri və rolu barədə dolğun təsəvvürlərin formalaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə yardımçı olmaq, həm də auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin, auditor peşəsinin nüfuzunun yüksəldilməsinə kömək etmək məqsədi güdür. Bu məqsədlə Auditorlar Palatası 2025-cü il ərzində aşağıdakı kitabları nəşr etdirmiş və Palatanın üzvləri olan auditor təşkilatlarına və sərbəst auditorlara istifadə üçün təqdim etmişdir:

1. Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi;

2. Maliyyə Nəzarətinin (Auditin) Formalaşması və İnkişafı – tarixi faktlar;

3. HESABATLILIQ VƏ AUDİT: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.

 

Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə müntəzəm məlumatlandırılması ilə əlaqədar Palatanın rəhbərliyi və struktur bölmələri tərəfindən 2025-ci il ərzində çoxsaylı işlər həyata keçirilmişdir. Auditorlar Palatasının rəhbərliyinin və üzvlərinin 1 müsahibəsinin, 13 məqaləsinin və 10-dan artıq tədbir barədə məlumatların KİV-də dərc etdirilməsi təmin edilmişdir.

Müasir çağırışlar və innovativ audit. Azərbaycanda auditin otuz illik inkişaf təcrübəsi audit sistemində bəzi məsələlərin də təxirə salınmadan həllini zəruri edir. Bazar infrastrukturu olmaq etibarilə milli iqtisadiyyatın, ilk növbədə də sahibkarlığın inkişafına töhfəsini daha da artırmaq üçün auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayışa sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Beynəlxalq audit praktikasında istifadə olunan fəaliyyət növlərinin və metodlarının geniş tətbiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir. Müasir şəraitdə Azərbaycanın innovativ iqtisadiyyatında auditin inkişaf xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyətli uçot və auditin formalaşdırılması problemlərinin, onların həlli yollarının aşkara çıxarılması böyük rol oynayır. Bunu nəzərə alaraq, Auditorlar Palatasında “Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiya” işlənib hazırlanmış və həmin Konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiqi bu gün də davam etdirilir. İqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqabətqabiliyyətliliyin yüksədilməsi ilə bərabər sosial və iqtisadi innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların tətbiqi ölkəmizi nəinki regional liderə çevirmiş, həm də getdikcə dünyada şiddətlənən qlobal risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən iqtisadiyyatımızın davamlı inkişafına zəmin yaratmışdır. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustalıqla və uzaqgörənliklə reallaşdırdığı fəal çoxvektorlu, bərabər partnyorluq prinsiplərinə əsaslanan xarici və daxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan müasir şəraitdə digər sahələrdə olduğu kimi, auditdə və hesabatlılıqda ən cəlbedici müzakirə obyektlərindən biri də qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşünülməmiş qəfil tətbiqinin isə fəsadlarının neytrallaşdırılması təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın durmadan inkişaf etməsi üçün zəmin yaradır. Azərbaycan auditinin əldə etdiyi uğurlar, onun möhtərəm Prezidentimizin sözləri ilə desək, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi ölkəmizdə auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır ki, buna görə də, Azərbaycan auditorları ilk növbədə ölkə Prezidentinə minnətdardırlar. Bununla belə, Azərbaycanda müstəqil auditin qarşısında duran problemlər yeni dövrün çağırışları nəzərə alınmaqla müasir və dünya təcrübəsinə əsaslanan yanaşmanın tətbiqini ön plana çəkir. Auditorlar Palatası tərəfindən hazırlanmış 2021-2030-cu illəri əhatə edən auditin üçüncü inkişaf konsepsiyası Azərbaycanda auditor fəaliyyətinin müasir vəziyyəti və onun inkişafına mane olan əsas problemlər, auditor xidmətinin keyfiyyət problemləri, auditor fəaliyyətində şəffaflığın artırılması, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidmətlərinə tələbatın və ictimai etimadın yüksəldilməsini, eləcə də, qabaqcıl xarici təcrübənin tətbiqi və beynəlxalq peşəkar qurumların fəaliyyətində milli auditin iştirakının genişləndirilməsini, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi istiqamətlərini (konseptual əsasları), auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsini, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf istiqamətlərini, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılmasını və 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının konseptual istiqamətlərini özündə əks etdirir. Bu Konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir. Nəticə olaraq, Auditorlar Palatası ölkədə hesabatlılıq və şəffaflıq prinsiplərinin gücləndirilməsi, beynəlxalq audit standartlarının tətbiqi və yaşıl iqtisadiyyata keçid prosesində mühüm rol oynamaqda davam edir.         

2025-ci il ərzində həyata keçirilmiş tədbirlər Palatanın beynəlxalq əməkdaşlığını genişləndirmək, auditor xidmətlərinin keyfiyyətini artırmaq və iqtisadiyyatın davamlı inkişafına töhfə vermək istiqamətində mühüm addımlar atdığını göstərir. Rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi kimi məqsədlər öz aktuallığı ilə yanaşı müasir iqtisadi siyasətdə bir yeni yanaşma olmaqla digər ölkələr üçün örnək kimi xüsusi dəyərləndirilməlidir.

Rəqəmsallaşma və süni intellekt. Qlobal iqtisadiyyatın sürətli rəqəmsallaşması və texnoloji transformasiya şəraitində audit fəaliyyətinin də yeni keyfiyyət mərhələsinə yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Auditorlar Palatasının qarşısında duran prioritet vəzifələrdən biri audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərinin şəffaflığının və operativliyinin artırılması, həmçinin beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsidir. Bununla yanaşı, auditor peşəsinin yüksək etik prinsiplərə əsaslanan nüfuzunun qorunması, peşəkar kadr potensialının gücləndirilməsi və maliyyə hesabatlılığının etibarlılığının təmin olunması istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsi mühüm vəzifələrdəndir.

Ötən otuz ilin təcrübəsi göstərir ki, müstəqil audit institutu yalnız maliyyə nəzarəti mexanizmi deyil, həm də iqtisadi inkişafın dayanıqlılığını təmin edən mühüm institusional sütunlardan biridir. Azərbaycanın sürətlə dəyişən və rəqəmsallaşan iqtisadi mühitində audit fəaliyyətinin rolu daha da aktuallaşır, şəffaflığın, hesabatlılığın və maliyyə intizamının möhkəmləndirilməsi baxımından yeni vəzifələr müəyyən edir.

Bu gün Auditorlar Palatası qarşıdakı illərə məhz bu məsuliyyət və missiya ilə baxır. Beynəlxalq standartların daha geniş şəkildə inteqrasiyası və rəqəmsallaşma proseslərinin sürətlənməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqinin genişlənməsi şəraitində auditor kadrlarının hazırlanması müasir audit sisteminin əsas prioritetləri kimi müəyyən olunur.

Şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl siyasəti ilə inkişaf etdirilən müstəqil audit sistemi bundan sonra da ölkəmizdə iqtisadi şəffaflığın möhkəmləndirilməsinə, maliyyə intizamının gücləndirilməsinə və ictimai etimadın daha da artırılmasına öz mühüm töhfəsini verəcəkdir.

 

Səbuhi Gülməmmədov

Azərbaycan Respublikası

Auditorlar Palatasının icraçı direktoru

 

Şəfiqə Əsgərova

Azərbaycan Respublikası

Auditorlar Palatasının daxili auditoru