2026-cı ilin 08 aprel tarixində Auditorlar Palatasında istedadı, zəhməti və özünəməxsus tərzi ilə insanların rəğbətini qazanan istedadlı aktyor, sevilən səhnə ustası, unudulmaz obrazların yaradıcısı, dəyərli sənətkar, bədii qiraətçi Azərbaycan Respublikasının Əməkdar artisti, "Qızıl qılınc" mükafatı laureatı Ağalar Bayramovla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov Ağalar Bayramovun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, onun canlandırdığı hər bir obraz sadəcə rol deyil — bir həyat parçasıdır. Səhnədə və ekranda yaratdığı obrazlarla insanları həm güldürməyi, həm düşündürməyi, həm də duyğulandırmağı bacarır. Bu isə yalnız həqiqi sənətkarlara məxsus xüsusiyyətdir.
Eyni zamanda, onun sənəti təkcə əyləndirmək üçün deyil — milli dəyərlərimizi, dilimizi, mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək kimi ali bir missiyaya xidmət edir. Bu torpağın ruhunu, xalqımızın qürurunu və tariximizin izlərini onun ifasında hiss etməmək mümkün deyil.
Ağalar Bayramovun yaradıcılığı yalnız səhnə ilə məhdudlaşmır. O, həm teatr və kinoda, həm də cəmiyyətin müxtəlif sahələrində öz sənətini insanlara çatdırır. Xüsusilə əsgərlərimizlə keçirdiyi görüşlər onun vətənpərvərliyini və milli məsuliyyət hissini ortaya qoyur. O, dəfələrlə həm ön, həm də arxa cəbhədə əsgərlərimizlə görüşərək onlara ruh yüksəkliyi, güc və inam verib. Hər çıxışı Vətənə olan sevgini, qələbəyə inamı və milli qüruru möhkəmləndirir. Onun sözləri sadəcə bədii ifadə deyil, həm də birlik, məsuliyyət və vətən sevgisi çağırışıdır ki, hər bir iştirakçının qəlbində dərin iz buraxır.
Ağalar müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı” fənnini tədris edir.
1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii-qiraətçi aktyor kimi çalışmaqdadır.
Ağalar müəllim bir neçə filmdə baş rola çəkilib: "Oyun", türkçülükdən bəhs edən "Tanrı işığı” və Məhəmməd Peyğəmbərə həsr olunmuş "Adın hikməti". Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarət olmuşdur.
İlk dediyi şeir Rüstəm Behrudinin "Vətən” şeiri olub. Əsəsən Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına müraciət edir.
1990-cı ildən dövrü mətbuatda, Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalələr yazılmışdır. Bunlardan bəziləri bunlardır: Əlirza Xələfi: "Səsin üç rəngi”, Məmməd Aslan: "Yurd həsrətinə od vuran bir səs", Ələmdar Quluzadə: "Səsin qüdrəti”.
Ağalar Bayramov 2001-ci ildə "İlin ciddi sənətcisi" nominasiyası üzrə mükafat və diplomuna, 2002-ci ildə "Respublikanın Əməkdar artisti" fəxri adına, 2003-cü ildə "Qızıl qılınc” mükafatına, 2023-cü ildə "Aşıq Ələsgər — 200” yubiley medalına və Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanına layiq görülüb.
S.Gülməmmədov görüşün təşkilində göstərdiyi köməyə görə Auditorlar Palatası Veteranlar Şurasının sədri, sərbəst auditor Çingiz Abbasova xüsusi təşəkkürünü bildirib.
Sonra Ağalar Bayramov Auditorlar Palatasının sədri, professor Vahid Novruzova və onun rəhbərlik etdiyi kollektivə bu əhəmiyyətli görüş üçün dərin təşəkkürünü bildirib və iştirakçılarla özünün həyat və fəaliyyəti barədə xoş xatirələrini bölüşərək Auditorlar Palatasının kollektivinə Azərbaycan şairlərinin məşhur şeirlərini səsləndirib.
Görüşdən məmnunluğunu bildirən Ağalar Bayramov əməkdaşları maraqlandıran sualları da cavablandırıb.
Sonda xatirə şəkli çəkilib.
Qalareya