Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə Hesabatlılıq və Audit - İQTİSADİYYAT QƏZETİ

İQTİSADİYYAT QƏZETİ 26 FEVRAL-04 MART 2026-CI İL

Dünya təcrübəsi sübut edir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı kəsərli mübarizə aparmadan iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılması, istərsə də onunla sıx bağlı olan korrupsiya hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir və ölkənin maliyyə bazarının dayanıqlılığını sarsıdır. Sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır. Başqa sözlə, bu sahədə mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir. Bu işdə isə heç şübhəsiz ki, auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qanunsuz gəlirlərin qarşısının alınmasını ən prioritet məsələ kimi dəyərləndirməklə və eyni zamanda bu sahədə möhkəm qətiyyət nümayiş etdirməklə şəffaflığın yüksəlməsi istiqamətində mübarizənin daha qətiyyətlə aparılmasının zəruriliyini dəfələrlə vurğulamışdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, bu istiqamətdə mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə edilir. Ən önəmlisi isə bu mübarizədə ölkə rəhbərinin siyasi iradə nümayiş etdirməsidir. Belə bir siyasi iradənin mövcudluğu Azərbaycan Prezidentinin müxtəlif illərdə imzaladığı və öz sistemliliyi ilə fərqlənən qanunvericilik aktlarının və Milli Fəaliyyət Planlarının mahiyyətində özünü bir daha büruzə verir. Bu normativ-hüquqi aktlar öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla, cəmiyyətimiz üçün vacib olan dörd istiqaməti özündə ehtiva edir. Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi. İkincisi, bu sahədə müxtəlif iştirakçılar – məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması. Üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması. Dördüncüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması. Əmlakın leqallaşdırılması probleminin dövlət qurumlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi çox zəruridir. Bu problemlərin həlli isə müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir. Xüsusi vurğulamaq lazımdır ki, nəzərdə tutulmuş məsələlər inzibati yollardan daha çox qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir. Fikrimizcə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır. Son vaxtlarda dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələr bəzi ölkələr tərəfindən terrorçuluqdan ölkəmizin daxili işlərinə qarışmaq aləti kimi istifadə olunması cəhdlərinin şahidiyik. Sosial, siyasi, iqtisadi, humanitar və digər amillərin pərdələnmiş cəhdlərinin hamısı terrorizmin əlaməti kimi dəyərləndirilməli və onların qarşısı bundan sonra da qətiyyətlə alınmalıdır. Başqa sözlə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanları özlərinin rol və vəzifələrini yeni dövrün çağırışları ilə uzlaşdırmalıdır.

Qanunvericiliyin və dövlət proqramlarının auditorlar qarşısında yaratdığı öhdəliklərin icrasını günün tələbləri səviyyəsində təmin etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası bu sahədə öz fəaliyyətinə ilk növbədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ bazanın yaradılmasından başlamışdır. Hələ 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən az bir müddət sonra Palata tərəfindən bu qanunun auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikası Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə metodik göstəriş” tərtib olunmuş, növbəti illərdə isə qanunvericiliyin və dövlət proqramlarının yaratdığı öhdəliklərin hər bir istiqaməti üzrə müvafiq qayda, təlimat, metodik göstəriş və s. materiallar hazırlanmışdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin ön sözləri ilə oxuculara təqdim olunan bu kitab mövcud dövrün mühüm çağırışlarına cavab verən sanballı nəşrdir.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov və sərbəst auditor Şamxal Kərimov tərəfindən hazırlanmış əsərdə mövzuya həm nəzəri, həm də praktik baxımdan yanaşılmış, milli qanunvericilik, beynəlxalq təcrübə və audit mexanizmləri qarşılıqlı əlaqədə təhlil edilmişdir.

Ümummilli Lider Heydər Əliyev yenidən rəhbərliyə gəldikdən sonra Azərbaycanda inkişaf və rifah dövrü başlanmış, cinayətkarlıq, ekstremizm və terrorçuluqla mübarizə strategiyası müəyyən edilmiş, Respublikamız beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevrilmiş və qəbul edilmiş konvensiyalara qoşulmuşdur. Bu siyasətin Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində siyasi idarəçilik sistemi inkişaf etdirilmiş, dayanıqlı və davamlı rifaha nail olunmuş, ölkəmiz dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanınmışdır. Cinayətkarlıq, ekstremizm və terrorçuluqla mübarizə strategiyası, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi dövlət siyasətinin təməlini təşkil etmiş və kompleks tədbirlərin tərkib hissəsi kimi 23 fevral 2009-cu il tarixdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahə-sində vahid siyasətin həyata keçirməsi məqsədilə Maliyyə Monitorinqi Xidməti yaradılmışdır. Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi, daxili, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ƏL/TM məqsədi ilə maliyyə sistemindən istifadə imkanlarının məhdudlaşdırılması, hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması istiqamətində mütəmadi həyata keçirilmiş tədbirlər nəticəsində Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən ƏL/TMM sisteminin 2023-cü ildə başa çatmış 5-ci raund qiymətləndirilməsi müvəffəqiyyətlə başa vurulmuşdur. ƏL/TM qarşı mübarizə potensialının gücləndirilməsi, Xidmətin müasir tələblərə uyğun, maliyyə sisteminin təhlükəsizliyinin təmin olunmasına xidmət edən orqana çevrilməsi, maliyyə kəşfiyyatı tədbirlərinin avtomatlaşdırılması məqsədilə müasir texnologiyalara əsaslanan yeni proqram təminatı “ŞƏMS - Şübhəli Əməliyyatların Monitorinqi Sistemi” yaradılmışdır. Azərbaycan qanunvericiliyinin ƏL/TM sahəsində baş verən cinayətlərin ağır cəzalandırılmasını nəzərdə tutması, bu cinayətlərin ən yüksək səviyyədə təqibi dövlətin maliyyə təhlükəsizliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir və iqtisadi sabitliyin qorunmasına, beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu mübarizənin gücləndirilməsi iqtisadi sabitliyi qoruyur, xarici investisiyaların cəlb edilməsini, ümumi iqtisadi inkişafı stimullaşdırır, Respublikamızın beynəlxalq maliyyə sistemindəki mövqeyini möhkəmləndirir.

Kitabda xüsusilə hesabatlılığın və audit institutunun preventiv rolu ön plana çəkilir, maliyyə sistemində şəffaflığın təmin edilməsinin iqtisadi sabitlik və etibarlı investisiya mühitinin formalaşması üçün əsas şərt olduğu əsaslandırılır. Dövlət siyasəti, nəzarət mexanizmləri və beynəlxalq əməkdaşlıq məsələləri sistemli şəkildə izah olunur ki, bu da nəşri yalnız elmi baxımdan deyil, praktiki fəaliyyət üçün də dəyərli edir.

Kitabın mündəricəsi göstərir ki, müəlliflər mövzuya sistemli və mərhələli yanaşma seçmişdir. İlk fəsildən başlayaraq çirkli pulların yuyulması anlayışının iqtisadi mahiyyəti, mərhələləri və iqtisadiyyata təsiri elmi əsaslarla izah olunur.

Kitabda həmçinin şəffaflıq və hesabatlılıq anlayışlarının maliyyə sistemində rolu geniş şəkildə təhlil edilir. Müasir iqtisadi idarəetmədə şəffaflıq artıq alternativ seçim deyil, fundamental prinsipdir. Hesabatlılıq isə yalnız formal öhdəlik deyil, preventiv mexanizm kimi çıxış edir. Müəlliflərin hesabatlılığın preventiv roluna xüsusi yer ayırması diqqətəlayiqdir, çünki iqtisadi cinayətlərin qarşısının alınması yalnız cəza mexanizmləri ilə deyil, sistemli nəzarət və hesabatlılıq mədəniyyəti ilə mümkündür. Nəşrdə eyni zamanda audit institutunun rolu geniş kontekstdə təqdim olunur. Daxili və kənar audit mexanizmlərinin qarşılıqlı tamamlayıcı xarakteri, risk əsaslı yanaşmanın əhəmiyyəti və beynəlxalq audit standartlarına uyğunluq məsələləri müasir maliyyə idarəçiliyinin əsas istiqamətlərindəndir. Xüsusilə auditorların şübhəli əməliyyatların aşkarlanmasında məsuliyyətinə dair bölmə praktik əhəmiyyət daşıyır və real iqtisadi mühit üçün aktualdır. Müasir iqtisadi mühitdə bazarda qeyri-sağlam rəqabət – dempinq – halları maliyyə təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Dempinq praktikası, yəni məhsul və xidmətlərin bazar dəyərindən aşağı qiymətlə satılması, rəqabət mühitini pozur, yerli istehsalçıların fəaliyyətini çətinləşdirir və uzun müddətli perspektivdə bazar strukturunda sabitliyi zəiflədir. Belə hallar yalnız iqtisadi itkini artırmır, eyni zamanda maliyyə manipulyasiyaları və qeyri-formal əməliyyatlar üçün münbit şərait yaradır.

Dövlət tərəfindən anti-dempinq tədbirlərinin tətbiqi, risk əsaslı nəzarət mexanizmləri və beynəlxalq əməkdaşlıq sistemi bu problemin həllində əsas rol oynayır. Effektiv monitorinq və şəffaf hesabatlılıq mexanizmləri bazar iştirakçıları arasında ədalətli rəqabəti təmin etməklə investisiya mühitinin etibarlılığını və iqtisadi dayanıqlığı gücləndirir.

Kitabın fəsillərində dövlət idarəçiliyində şəffaflıq, ictimai nəzarət, özəl sektorda hesabatlılıq, milli qanunvericilik və beynəlxalq mexanizmlər arasında əlaqə sistemli şəkildə göstərildiyinin şahidi oluruq. Bu yanaşma onu göstərir ki, müəlliflər mövzunu parçalanmış şəkildə deyil, vahid iqtisadi və institusional sistem daxilində təhlil etmişdir.

Xüsusilə vurğulamaq istərdik ki, terrorçuluğun maliyyələşdirilməsinə dair bölmələr qlobal çağırışlar fonunda böyük aktuallıq kəsb edir. Maliyyə təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Bu kontekstdə beynəlxalq təcrübənin, FATF tövsiyələrinin, maliyyə kəşfiyyatı orqanlarının əməkdaşlığının təhlili kitabın elmi və praktik dəyərini artırır. Rəqəmsal ödəniş sistemləri, kriptovalyutalar, süni intellekt, fintex və regtex kimi yeni texnologiyaların şəffaflığın təminində rolu xüsusi diqqətə layiqdir.

Müasir mərhələdə Azərbaycanın iqtisadi inkişaf modeli yalnız artım göstəriciləri ilə deyil, keyfiyyət parametrləri ilə də qiymətləndirilir. Dayanıqlı inkişaf, rəqabətqabiliyyətlilik, institusional möhkəmlik və şəffaf idarəetmə prinsipləri artıq iqtisadi siyasətin əsas prioritetlərinə çevrilmişdir. Təqdim olunan əsər məhz bu istiqamətlərə sistemli yanaşma təqdim etməklə ölkəmizin iqtisadi strategiyası ilə uzlaşan konseptual baxış ortaya qoyur.

Kitabda dövlət idarəçiliyində şəffaflıq və ictimai nəzarət mexanizmlərinə ayrılan geniş yer xüsusilə əhəmiyyətlidir. Dövlət idarəçiliyində açıq məlumatlılıq, hesabatlılıq və qərarların ictimai monitorinqi yalnız demokratik institutların tələbi deyil, həm də iqtisadi səmərəliliyin vacib şərtidir. Şəffaflıq artdıqca investisiya riskləri azalır, biznes mühitində etimad güclənir və iqtisadi münasibətlər daha sağlam əsaslara söykənir.

Eyni zamanda kitabda özəl sektorun məsuliyyəti xüsusi vurğulanır. Müasir iqtisadiyyatda yalnız dövlət nəzarəti kifayət etmir, korporativ idarəetmə standartları, daxili audit mexanizmləri və hesabatlılıq mədəniyyəti biznes subyektlərinin öz daxilində formalaşmalıdır. Milli qanunvericilik və nəzarət mexanizmlərinin təhlili xüsusi diqqət çəkir, qanunvericilik bazasının təkmilləşdirilməsi, cinayət məsuliyyətinin tətbiqi, maliyyə monitorinq mexanizmləri və bank sektorunun öhdəlikləri məsələləri sistemli şəkildə şərh olunur. Bu, yalnız normativ aktların sadalanması deyil, onların iqtisadi mahiyyətinin və tətbiqi mexanizmlərinin analitik izahıdır. Qanunvericiliyin effektivliyi onun icra mexanizmlərinin səmərəliliyindən asılıdır və müəllif bu məqamı əsaslı şəkildə vurğulayır.

Beynəlxalq təcrübəyə həsr olunmuş bölmələr isə göstərir ki, maliyyə təhlükəsizliyi qlobal xarakter daşıyır. Kapital axınlarının sərhədsiz olduğu bir dövrdə təkcə milli mexanizmlər kifayət etmir. Beynəlxalq əməkdaşlıq, tövsiyə xarakterli standartlar və qarşılıqlı informasiya mübadiləsi sistemin ayrılmaz hissəsidir. Bu yanaşma Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir.

Əsərin son fəsli xüsusilə müasir çağırışlara cavab verir. Rəqəmsal ödəniş sistemləri, kriptovalyutalar, süni intellekt əsaslı nəzarət mexanizmləri, fintex və regtex platformaları maliyyə sektorunda yeni reallıqlar formalaşdırmışdır. Bu sahədə həm imkanlar, həm də risklər mövcuddur. Müəllif texnoloji inkişafı nəzarət mexanizmlərinin gücləndirilməsi vasitəsi kimi təqdim edir, eyni zamanda kibercinayətkarlıq və məlumat təhlükəsizliyi məsələlərinə diqqət çəkir. Bu yanaşma müasir iqtisadi idarəetmənin tələblərinə tam uyğundur.

Ümumilikdə, əsər yalnız elmi tədqiqat işi deyil, həm də praktiki istiqamətləndirici mənbə kimi dəyərləndirilə bilər. O, dövlət qurumları, maliyyə institutları, auditorlar, bank sektoru nümayəndələri və akademik dairələr üçün əhəmiyyətli analitik baza yaradır.

Təqdim olunan əsərin ən mühüm xüsusiyyətlərindən biri onun metodoloji bütövlüyüdür. Müəllif mövzunu ayrı-ayrı hüquqi və ya maliyyə epizodları kimi deyil, vahid iqtisadi sistemin elementləri kimi təhlil edir. Çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, audit, şəffaflıq, hesabatlılıq, dövlət nəzarəti və texnoloji transformasiya – bütün bu anlayışlar qarşılıqlı əlaqədə təqdim olunur. Bu isə əsərə konseptual dərinlik və sistemlilik qazandırır.

Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, kitab yalnız mövcud mexanizmlərin təsviri ilə kifayətlənmir, onların iqtisadi mahiyyətini və təsir kanallarını izah edir. Məsələn, çirkli kapitalın iqtisadiyyata daxil olması təkcə hüquq pozuntusu deyil, bu proses qiymət mexanizmlərini təhrif edir, rəqabət mühitini zəiflədir, resurs bölgüsündə qeyri-səmərəliliyə səbəb olur və uzunmüddətli perspektivdə institusional zəiflik yaradır. Müəllif bu aspektləri iqtisadi məntiq çərçivəsində əsaslandırır.

Kitabın elmi yeniliyi onun preventiv yanaşmasında özünü göstərir. Ənənəvi yanaşmalarda bu sahədə diqqət daha çox baş vermiş problemlərin aradan qaldırılması və cəza tədbirlərinin tətbiqinə yönəlir. Lakin burada əsas vurğu əvvəlcədən tədbir görməyə, yəni risklərin yaranmasının qarşısını almağa yönəldilir. Bu baxımdan hesabatlılığın preventiv funksiyası xüsusi əhəmiyyət daşıyır. Risk əsaslı audit yanaşmasının tətbiqi vasitəsilə potensial problemlər vaxtında müəyyən edilir və lazımi müdaxilə imkanları yaradılır.

Eyni zamanda, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi təşkilatlarda proseslərin şəffaflığını artırır və idarəetmədə səmərəliliyi yüksəldir. Şəffaf idarəetmə prinsiplərinin formalaşdırılması yalnız maliyyə hesabatlarının düzgünlüyünü təmin etmir, eyni zamanda bütün idarəetmə proseslərinə etimadı möhkəmləndirir və menecerlərin qərarvermə keyfiyyətini yüksəldir.

Belə bir preventiv yanaşma müasir iqtisadi siyasətin fəlsəfəsinə tam uyğundur: problem baş verdikdən sonra onu həll etmək deyil, onun baş vermə ehtimalını minimuma endirmək əsas məqsəd olmalıdır. Bu isə yalnız qabaqlayıcı tədbirlərin sistemli şəkildə tətbiqi, risklərin analizi və idarəetmənin şəffaflığı vasitəsilə mümkün olur. Nəticədə, preventiv strategiyalar həm iqtisadi, həm də institusional dayanıqlığı təmin edir və təşkilatların uzunmüddətli inkişafına töhfə verir.

Kitabdan çıxan əsas nəticə ondan ibarətdir ki, maliyyə təhlükəsizliyi yalnız hüquq-mühafizə sahəsinin vəzifəsi deyil. Bu, iqtisadi siyasətin ayrılmaz hissəsidir. Şəffaflıq və hesabatlılıq mədəniyyəti formalaşmadan, audit institutları güclənmədən, rəqəmsal nəzarət mexanizmləri tətbiq edilmədən və ictimai nəzarət genişlənmədən davamlı inkişaf mümkün deyil.

Gələcək perspektivlər baxımından bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir:

  • Risk əsaslı nəzarət mexanizmlərinin daha da institusionallaşdırılması;
  • Rəqəmsal texnologiyaların maliyyə monitorinq sistemlərinə inteqrasiyasının sürətləndirilməsi;
  • Korporativ idarəetmə standartlarının daha geniş tətbiqi;
  • Beynəlxalq informasiya mübadiləsinin effektiv mexanizmlərlə gücləndirilməsi;
  • Akademik tədqiqatlarla praktik mexanizmlər arasında əlaqənin möhkəmləndirilməsi.

Bu istiqamətlər ölkəmizin iqtisadi təhlükəsizlik modelinin daha da təkmilləşdirilməsinə xidmət edə bilər.

Təqdim olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulsa da, xüsusilə dövlət qurumları, maliyyə institutları, bank sektoru, auditorlar, hüquqşünaslar və iqtisadçı alimlər üçün əhəmiyyətli mənbədir. O, həm nəzəri əsaslar təqdim edir, həm də praktik tətbiq mexanizmlərini göstərir.

Bu kitab müasir çağırışlar fonunda iqtisadi təhlükəsizliyin qorunması, maliyyə sistemində şəffaflığın artırılması və institusional dayanıqlığın gücləndirilməsi istiqamətində sanballı elmi töhfədir. Əsərin sistemli quruluşu, analitik yanaşması və kompleks baxışı onu mövzu üzrə dəyərli tədqiqat kimi səciyyələndirməyə əsas verir.

Auditorlar Palatası tərəfindən hazırlanan bu kitabın ərsəyə gəlməsində Maliyyə Monitorinqi Xidmətinin dəstəyi əvəzsizdir. Xidmətin institusional təcrübəsi, metodoloji yanaşmaları və praktiki bilikləri kitabın məzmununun zənginləşdirilməsində mühüm rol oynamışdır.

Bu əsər müvafiq sahədə çalışan mütəxəssislər, auditorlar, maliyyə işçiləri, hüquqşünaslar və tədqiqatçılar üçün faydalı mənbə olmaqla yanaşı, ölkəmizdə maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verən ciddi elmi-praktik iş kimi qiymətləndirilə bilər.

 

 

Ziyad Səmədzadə

Akademik, Azərbaycan İqtisadçılar İttifaqının sədri,

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti

 

Səbuhi Gülməmmədov

Azərbaycan Respublikası Auditorlar Palatasının

İcraçı direktoru

 

Afiqə Bayramova

Azərbaycan Respublikası Auditorlar Palatasının

 Haqsız rəqabətə qarşı mübarizə və Beynəlxalq əlaqələr idarəsinin

 rəis müavini, şöbə müdiri