Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi Əbu-Dabi şəhərində keçirilmiş təqdimat mərasimində Zati-alilərinizə təqdim olunmuş nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” almağınız münasibətilə Azərbaycan auditorları adından səmimi-qəlbdən təbrik edirəm.
Bu ali mükafat Sizin uzun illər ərzində ardıcıl, düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdiyiniz sülh siyasətinin, beynəlxalq münasibətlərdə dialoq, qarşılıqlı hörmət və humanist dəyərlərə əsaslanan dövlətçilik xəttinizin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin bariz ifadəsidir. Azərbaycanın regionda və qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunması, sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələr məhz Sizin siyasi iradəniz və uzaqgörən rəhbərliyiniz sayəsində mümkün olmuşdur.
Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan Respublikası multikulturalizm, tolerantlıq və qarşılıqlı anlaşma prinsiplərinə söykənən siyasəti ilə fərqlənir və bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı Azərbaycan modelinin dünyada nümunə kimi qəbul olunması Sizin siyasi baxışlarınızın və ardıcıl fəaliyyətinizin nəticəsidir. “Zayed İnsan Qardaşlığı” kimi yüksək Mükafatın Sizə təqdim edilməsi də bu modelə verilən yüksək dəyərin təzahürüdür.
Zati-aliləri!
Biz hesab edirik ki, dövlətimizin davamlı inkişafı, iqtisadi sabitliyin qorunması və sağlam idarəetmə mühitinin formalaşdırılması yalnız sülhə, qarşılıqlı etimada və hüquqi sabitliyə əsaslanan siyasət şəraitində mümkün ola bilər. Bu baxımdan, Sizin müəyyən etdiyiniz siyasi kurs və dəyərlər auditor peşəsinin əsas prinsipləri olan şəffaflıq, məsuliyyət, obyektivlik və etibarlılıq anlayışları ilə tam uzlaşır.
Biz peşə fəaliyyətimizlə ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə, sağlam biznes mühitinin formalaşdırılmasına və ictimai etimadın qorunmasına töhfə verməyi əsas vəzifəmiz hesab edirik. Bizim məqsədimiz Sizin həyata keçirdiyiniz sülhə, sabitliyə və davamlı inkişafa yönəlmiş dövlət siyasətinizin reallaşdırılmasında yaxından iştirak etməkdir.
Azərbaycan auditorları Sizin rəhbərliyiniz altında müəyyən edilmiş inkişaf strategiyasını, sülh və qarşılıqlı anlaşmaya əsaslanan siyasi xəttinizi bundan sonra da dəstəkləmək əzmindədir və bu istiqamətdə üzərimizə düşən məsuliyyəti daim dərk edirik.
Zati-aliləri!
“Zayed İnsan Qardaşlığı Mükafatı” almağınız münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali və məsul dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan dövlətinin daha da güclənməsi və xalqımızın rifahı naminə gördüyünüz işlərdə davamlı nailiyyətlər arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvləri və kollektivi adından
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
05.02.2026-cı il