2026-cı il 29 yanvar tarixində Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.1-ci “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamədən irəli gələn vəzifələrlə bağlı Palatanın üzvləri üçün (moderator – Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov; məruzəçi – “Modern Audit Servis” MMC-nin direktor-auditoru Ramal Mehdizadə) onlayn qaydada seminar keçirilmişdir.
Moderator Q.Əhmədov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “e-mühasibat” informasiya sistemi haqqında seminara başladı.
Q.Əhmədov bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir. Q.Əhmədov qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Bu Əsasnaməyə əsasən “e-mühasibat” informasiya sistemi maliyyə hesabatlarının elektron qaydada təqdim olunmasını, mühasibat uçotu sahəsində beynəlxalq standartların və normativ hüquqi aktların əlçatanlığını, eləcə də mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsini təmin edir.
Sistemin əsas məqsədi dövlət idarəetməsinin optimallaşdırılması, mühasibat uçotu sahəsində təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. “E-mühasibat” informasiya sistemi müasir texniki-texnoloji infrastruktur əsasında qurulmuşdur və digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunaraq fəaliyyət göstərir.
Sistem kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcə təşkilatları və qeyri-hökumət təşkilatları üzrə maliyyə hesabatlarının elektron qaydada qəbulunu, auditor rəylərinin göndərilməsini və mühasibat uçotunun aparılmasını təmin edən altsistemlərdən ibarətdir. Sistem vasitəsilə bildirişlərin göndərilməsi, məlumatların təhlükəsiz saxlanılması və real vaxt rejimində nəzarət imkanları yaradılır.
Sonda Q.Əhmədov qeyd etdi ki, Əsasnamə sistem sahibinin, iştirakçıların və istifadəçilərin hüquq və vəzifələrini müəyyən edir və “e-mühasibat” informasiya sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etməyə xidmət edir.
Q.Əhmədov mövzu haqqında məlumat verdikdən sonra sözü “Modern Audit Servis” MMC-nin direktor-auditoru Ramal Mehdizadəyə verdi. Ramal Mehdizadə dövlət maliyyə idarəçiliyində rəqəmsal transformasiya və bu sahədə tətbiq olunan müasir informasiya sistemləri barədə ətraflı məlumat vermişdir. R. Mehdizadə qeyd etdi ki, seminarın əsas məqsədi “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi”nin (RDMİS) mahiyyətini, funksional imkanlarını və dövlət maliyyə sistemində rolunu iştirakçılara çatdırmaqdır.
Azərbaycan Respublikasının 26.01.2026-cı il tarixli Fərmanına əsasən “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi”nin əsasnaməsi təsdiq edilmiş və bununla da sistemin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən olunmuşdur. Bu əsasnamə RDMİS-in fəaliyyət mexanizmini, məqsədlərini və tətbiq sahələrini aydın şəkildə tənzimləyir.
RDMİS-in əsas məqsədi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin operativliyini, səmərəliliyini və şəffaflığını artırmaqdır. Sistem eyni zamanda Nazirliyin digər fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və məlumatların sistemli şəkildə saxlanılaraq əlçatan olmasına xidmət edir.
RDMİS vahid rəqəmsal platforma kimi dövlət maliyyəsinin idarə olunmasının bütün əsas istiqamətlərini əhatə edir. Sistemin tərkibinə “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemləri daxildir.
Bu altsistemlər dövlət maliyyəsinin planlaşdırılması, icrası və nəzarətinin vahid mühitdə həyata keçirilməsinə imkan yaradır. RDMİS vasitəsilə məlumat mübadiləsi sürətlənir, təkrarlanan əməliyyatlar azalır və insan amilindən asılı risklər minimuma endirilir.
Təqdimatın əsas hissəsində Ramal Mehdizadə xüsusi olaraq “E-Mühasibat İnformasiya Sistemi” (EMİS) haqqında danışaraq qeyd etdi ki, bu sistem mühasibat uçotunun şəffaf və dəqiq aparılmasını təmin edən əsas rəqəmsal alətlərdən biridir. O bildirdi ki, EMİS maliyyə hesabatlarının vahid formada toplanmasına, kağız daşıyıcılardan imtinaya, operativliyin və avtomatlaşdırmanın artırılmasına şərait yaradır.
EMİS-in tətbiqi dövlət maliyyə nəzarətinin gücləndirilməsinə və büdcə vəsaitlərindən istifadəyə real vaxt rejimində nəzarətin həyata keçirilməsinə imkan verir. Bu yanaşma maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayır.
Çıxış zamanı Ramal Mehdizadə bildirdi ki, EMİS “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanır və bu qanun mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması qaydalarını tənzimləyir. Qanuna əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotu müvafiq standartlara uyğun aparılmalıdır.
R. Mehdizadə qeyd etdi ki, qanunvericiliyin tələbinə əsasən iri sahibkarlıq subyektlərində və mərhələli şəkildə orta sahibkarlıq subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır. Həmçinin neft-qaz fəaliyyəti çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri, publik hüquqi şəxslər və büdcə təşkilatları da bu tələblərə cəlb olunmuşdur.
Orta sahibkarlıq subyektləri üzrə mərhələli keçid barədə danışan Ramal Mehdizadə vurğuladı ki, maliyyə xidmətləri göstərən şəxslər üçün elektron uçot 2024-cü ilin yanvar ayından, telekommunikasiya xidmətləri göstərənlər üçün apreldən, yanacaqdoldurma məntəqələri üçün iyuldan, idman mərc oyunlarının operatorları üçün oktyabrdan tətbiq edilmişdir. Digər orta sahibkarlıq subyektləri üçün bu tələb 2027-ci ildən qüvvəyə minəcəkdir.
Büdcə təşkilatları ilə bağlı R. Mehdizadə bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tabeli təşkilatı olmayan büdcə təşkilatlarında elektron mühasibat uçotu 2027-ci ildən, birləşdirilmiş maliyyə hesabatları tərtib edən büdcə təşkilatlarında isə 2028-ci ildən tətbiq olunacaqdır.
EMİS vasitəsilə kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcə təşkilatları və qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını elektron qaydada təqdim edəcəklər. Sistem eyni zamanda auditor rəylərinin elektron formada göndərilməsini və maliyyə hesabatlarının dərc edilməsi ilə bağlı məlumatların ötürülməsini təmin edir.
EMİS audit proseslərinin daha səmərəli və operativ aparılmasına şərait yaradır. Maliyyə məlumatlarının elektron mühitdə mövcudluğu auditorlar üçün risklərin daha tez müəyyən edilməsinə və audit keyfiyyətinin yüksəldilməsinə imkan verir.
EMİS-də uçotun aparılmaması, hesabatların gec təqdim edilməsi və ya məlumatların düzgün daxil edilməməsi maliyyə pozuntusu hesab olunur. Bu hallarda akt tərtib edilə, məsul şəxslərə xəbərdarlıq və ya inzibati cərimə tətbiq oluna bilər.
Sonda R. Mehdizadə qeyd etdi ki, RDMİS və EMİS-in tam və düzgün tətbiqi dövlət maliyyə idarəçiliyində şəffaflığın artırılmasına, maliyyə intizamının möhkəmləndirilməsinə və rəqəmsal idarəetmənin davamlı inkişafına mühüm töhfə verəcəkdir. Seminar iştirakçıları tərəfindən təqdim olunan məlumatlar maraqla qarşılanmış və mövzunun praktik əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 85 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

Qalareya