Şirkətlərin illik maliyyə hesabatlarını gec təqdim etməsi audit prosesinə necə təsir edir? - AZƏRTAC

Bakı, 5 yanvar, AZƏRTAC

Şirkətlərin illik maliyyə hesabatlarını gec təqdim etməsi audit prosesinə necə təsir edir? Bu gecikmələrə qarşı Auditorlar Palatası hansı məsuliyyət mexanizmini təklif edir?

Palatadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkətlərin illik maliyyə hesabatlarını gec təqdim etməsi audit prosesinə mənfi təsir göstərir, çünki bu, qanunvericiliyin tələblərinin pozulmasına, audit qrafikinin ləngiməsinə və maliyyə məlumatlarının aktuallığının azalmasına səbəb olur.

Qeyd edək ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən MMC-lər və 107.6-cı maddəsinə əsasən QSC və ASC-lər hər il illik maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü təsdiq etdirmək məqsədilə müstəqil (kənar) auditor cəlb etməlidirlər.

“Tərəfimizdən bu sahədə mütəmadi araşdırmalar aparılır. Hər ilin sonunda növbəti il üçün təsərrüfat subyektlərinin illik maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək məqsədilə müstəqil auditor cəlb etmələri barədə Auditorlar Palatası tərəfindən KİV-də elan dərc olunur. İllik maliyyə hesabatlarının təsdiq etdirilməsində gecikmə halları aşkarlandıqda isə müvafiq təsərrüfat subyektlərinə xəbərdarlıq məktubları göndərilir. Müvafiq qanunvericiliyə uyğun olaraq məcburi auditdən yayınmaya görə cərimə sanksiyası nəzərdə tutulub. Həmin cərimənin məbləği aşağı olduğuna görə hazırda müvafiq orqan tərəfindən cərimənin artırılması istiqamətində yeni layihə hazırlanıb. Təklif edirik ki, məcburi auditdən yayınmaya görə cərimə olunmuş təsərrüfat subyektlərinin həmin il üzrə yenidən auditə cəlb olunmaq məsələsi təmin edilsin”, - deyə palatadan bildirilib.