Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov və Auditorlar Palatasının üzvü, “SR AUDİT SOLUTİONS” MMC-nin direktor auditoru Səftər Vəlizadə 2025-ci ilin 9-10 dekabr tarixlərində Albaniyanın Tirana şəhərində keçirilən “Audit Nəzarətində İslahatların İrəlilədilməsi” mövzusunda “İctimai Nəzarət Orqanları üçün dördüncü Regional Audit Keyfiyyətinin Təminatı Forumu (POB Forumu)”nda Azərbaycanı təmsil ediblər.
Forum Dünya Bankının Vyana şəhərində yerləşən Maliyyə və Dayanıqlı Hesabatlılıq Reformu Mərkəzinin (CFRR) iki aparıcı proqramı – KOB-lar üçün REPARIS və EAASURE – proqramları çərçivəsində təşkil olunub. Tədbirdə Avropa İttifaqı ölkələri, Qərbi Balkan regionu və tərəfdaş ölkələrin audit nəzarəti orqanları, beynəlxalq ekspertlər və tənzimləyici qurumlar iştirak ediblər.
İki gün davam edən forum çərçivəsində auditor nəzarətində institusional islahatların gücləndirilməsi, audit keyfiyyətinin yüksəldilməsi, peşəkar etimadın artırılması və dayanıqlı hesabatlılıq tələblərinə keçid kimi aktual məsələlər müzakirə olunub. İştirakçılar ölkələrinin sənaye üzrə təcrübələrini paylaşaraq audit nəzarəti sistemlərinin təkmilləşdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov forumun ikinci günündə “Azərbaycanda audit” mövzusunda təqdimat ilə çıxış etmişdir. Təqdimat çərçivəsində Azərbaycanda audit fəaliyyətinin aktual vəziyyəti, institusional islahatlar, yeni normativ tələblər, rəqəmsallaşma istiqamətində atılan addımlar, həmçinin beynəlxalq standartlara uyğunlaşdırma sahəsində əldə olunan irəliləyişlər forum iştirakçılarına təqdim olunub.
O çıxışında vurğulayıb ki, Azərbaycanda audit sektorunun modernləşdirilməsi və keyfiyyətə nəzarət sistemlərinin gücləndirilməsi ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Forumun nəticələri ölkələr arasında bilik və təcrübə mübadiləsinin genişlənməsinə, həmçinin audit keyfiyyətinə nəzarət sahəsində daha səmərəli və müasir yanaşmaların tətbiqinə töhfə verəcək.

Qalareya