Auditorlar Palatasının nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Özbəkistan Auditorlar Palatasının təşkilatçılığı ilə 2025-ci ilin 9 dekabr tarixində  Özbəkistanın paytaxtı Daşkənd şəhərində qurumun fəaliyyətə başlamasının 25 illik yubileyinə həsr edilmiş tədbir və "Rəqəmsal Dövrdə Mühasibat Uçotu və Audit: Davamlılıq, İnnovasiya və Etimad"  mövzusunda beynəlxalq konfrans keçirilib. Həmin tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov və Palatanın üzvü, “AZƏRUÇOT” MMC-nin     direktor-auditoru Eldar Təhməzov iştirak ediblər.

Tədbirdə Avropa, Asiya və Orta Asiya dövlətlərinin audit və mühasibat uçotu sahəsində nəzarət və tənzimləyici orqanları, bir çox ölkələrin audit və mühasibatlıq qurumlarının nümayəndələri tərəfindən “Rəqamsal dövrdə maliyyədə şəffaflıq və auditin keyfiyyəti: Yeni standartlar”, “Auditdə süni intellektin tətbiqi”, “Dövlət müəssisələrində davamlılıq hesabatlarının dərci:Müasir təcrübələr, problemlər və təkmilləşdirmə istiqamətləri”, “Rəqəmsal dövrdə Çin audit təcrübələri və tədqiqatları”, “İnam, Zaman və Biz: Rəqəmsal dövrdə psixologiya auditorlara dəqiq və etibarlı olmağa necə kömək edir?”, “Süni intellekt dövründə Qazaxıstanda audit və mühasibatlıq sektorunun hazırkı vəziyyəti və perspektivləri”, “Rəqəmsal Audit: Etimad”, “Müasir dövrün tələbləri nəzərə alınmaqla hesabatların hazırlanması və auditi sahəsində kadrların çətinlikləri” və müxtəlif mövzularda məruzələr dinlənilib və tədbir çərçivəsində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib.

Konfransda eyni zamanda süni intellekt, avtomatlaşdırma və məlumat analitikası vasitəsilə keyfiyyətin və səmərəliliyin artırılması, rəqəmsal platformalarda maliyyə məlumatlarının mübadiləsinin standartlaşdırılması, şəffaf hesabatlılıq vasitəsilə investorların inamının gücləndirilməsi, rəqəmsallaşdırma vasitəsilə korrupsiya risklərinin azaldılması, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS), Beynəlxalq Audit Standartları (ISA) və digər qlobal tələblərin milli təcrübəyə tətbiqi, audit prosesində informasiya təhlükəsizliyi protokollarının gücləndirilməsi, saxtakarlığın yeni formalarına qarşı texnoloji yanaşmalar, rəqəmsal dövr üçün yeni bacarıqlar, davamlı peşəkar inkişaf sisteminin modernləşdirilməsi, qeyri-maliyyə məlumatlarının etibarlılığının qiymətləndirilməsi, İT nəzarətinin, məsafədən monitorinqin və kənar keyfiyyət qiymətləndirməsinin gücləndirilməsi, müştərilər və ictimaiyyət üçün audit nəticələrinin şəffaflığı, elektron mühasibat sistemlərinin geniş tətbiqi, büdcə təşkilatları və dövlət maliyyəsinin idarə edilməsində hesabatlılığın və səmərəliliyin artırılması məsələləri müzakirə olunub.

Beynəlxalq konfransda Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib və Özbəkistan Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun adından hazırlanmış təbriknaməni təqdim edərək qurumu səmimi qəlbdən təbrik edib və gələcək fəaliyyətində uğurlar arzu edib. Daha sonra Səbuhi Gülməmmədov “Auditdə Transformasiya (Azərbaycan təcrübəsi)” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda audit sahəsinə təsir edən qanunlar, qanunvericilik aktları və qaydalardan, dövlət satınalmaları qanununa düzəlişlərdən, qanunsuz əldə edilmiş əmlak və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun qəbulundan, qanunsuz əmlak və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 2023–2025-ci illər üçün Milli Fəaliyyət Planının təsdiqindən, Azərbaycanda Auditor Fəaliyyətinin Fəaliyyətinin İnkişafı Konsepsiyasının (2021–2030-cu illər) qəbulundan, auditin keyfiyyətinə nəzarət qaydalarına düzəlişdən, qanunvericilikdə dəyişikliklərin audit sahəsinə təsirindən, cərimə və məcburi illik auditlərdən, Auditorlar Palatasının Milli Fəaliyyət Planı çərçivəsində 14 tapşırığından, dövlət satınalmaları qanununa edilmiş düzəlişlərin audit xidmətləri bazarını və onların qiymətlərini əhəmiyyətli dərəcədə dəyişdirməsindən, İnkişaf konsepsiyasında (2021–2030-cu illər) göstərilən fəaliyyət planının həyata keçirilməsinin audit xidmətlərinin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmasından, yeni keyfiyyətə nəzarət qaydalarının auditlərin formatını dəyişdirməsindən və onların effektivliyini artırmasından, auditorların təlimi və ixtisaslarının artırılması üçün sistemin hazırlanması, Auditorlar Palatasının rəqəmsallaşdırma sahəsində təcrübəsindən, təhlükəsizliyin təmin edilməsi üçün görülən tədbirlərdən və auditn inkişafı üçün gələcək istiqamətlərdən bəhs edib.

Tədbirin Təşkilat Komitəsi adından maraqlı məruzəyə görə Səbuhi Gülməmmədova təşəkkür bildirilərək ona qurum adından təşəkkürnamə təqdim edilib.

Tədbir çərçivəsində Rusiya, Çin, Moldova, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrin audit və mühasibatlıq qurumlarının və Azərbaycanın Auditorlar Palatasının nümayəndə heyətləri arasında peşənin inkişafına dair təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

   

 

Qalareya