Vüqar Sərdarov: Heydər Əliyev fenomeni

Fenomen adam qeyri-adi qabiliyyətə malik, çox fərqlənən, nadir istedadlı şəxs deməkdir. Azərbaycan tarixində nadir insanlar çox olmuşdur, amma onların fövqündə Ümummilli Lider Heydər Əliyev dayanır.

Dekabrın 12-si Ulu Öndərin anım günüdür. Bütün Azərbaycan və dünyanın hər yerində yaşayan soydaşlarımız 12 dekabrda Heydər Əliyevi anmağı, onun məzarını ziyarət etməyi özlərinin müqəddəs borcu hesab edirlər. Mən də bu əziz və müqəddəs gün münasibətilə Ümummilli liderimizi dərin ehtiramla anaraq bir daha onun ictimai, siyasi fəaliyyətini təhlil edib xalqımızın diqqətinə çatdırmaq istəyirəm...

Tarixin elə anları olur ki, bir xalqın taleyi bir şəxsiyyətin iradəsi ilə qovuşur, bir millətin gələcək yolu bir liderin nəfəsi ilə genişlənir. Azərbaycan və xalqımız üçün belə bir şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. Onun adı təkcə siyasi xronikanın səhifələrində yazılmadı; xalqın yaddaşında, dövlətçilik düşüncəsində, mənəviyyatında özünəməxsus bir fenomenə çevrildi. Bu fenomen sadəcə bir insanın bioqrafiyası deyil, bütöv bir epoxanın mahiyyəti, bir ideyanın gücü, bir xalqın mübarizə iradəsidir.

1969-cu il sovet Azərbaycanının siyasi həyatında dönüş nöqtəsi idi. Həmin vaxta qədər respublika bir sıra sosial-iqtisadi problemlərlə, idarəetmədə səmərəsizliklə və dərin struktur böhranı ilə üz-üzə qalmışdı. Məhz bu şərait Azərbaycan rəhbərliyinin yenilənməsini və respublikanın infrastrukturunun dəyişdirilməsini tarixi zərurətə çevirmişdi. Lakin bu dönüşün mahiyyətini anlamaq üçün 1969-cu ilə qədərki Azərbaycanın düşdüyü vəziyyətə diqqət yetirmək vacibdir.

Azərbaycan SSR formal olaraq ittifaq respublikası statusuna malik olsa da, 1960-cı illərə qədər Moskvanın sərt mərkəzləşdirilmiş idarəetmə sistemi altında idi. Yerli rəhbərlərin əksəriyyəti respublikanın real problemlərini həll etmək əvəzinə, əsasən “kağız üzərində” plan doldurmaq, yuxarıların tapşırıqlarını imitasiya etmək yolu ilə fəaliyyət göstərirdi. Respublikanın başlıca problemləri daha çox Moskvanın hegemonluq siyasətindən qaynaqlanırdı. Məsələn, rəhbər vəzifəlilər tez-tez dəyişir, stabillik formalaşmırdı. Sənaye və kənd təsərrüfatında respublikanın ehtiyaclarına yox, ümumi sovet planına uyğun qərarlar qəbul olunurdu. İdarəetmədə formalizm güclənmiş, korrupsiya və bürokratiya dərinə kök atmışdı. Ölkənin daxili potensialından səmərəli istifadə edilmir, iqtisadi təşəbbüskarlıq təşviq olunmurdu.

Ölkədə şəhərləşmə sürətlənsə də, urbanizasiya prosesləri nizamsız idi. Şəhərlərə axın sürətli cərəyan etsə də, mənzil qıtlığı ciddi problem yaradırdı. Sürətlə böyüyən sənaye bölgələri xidmət sahələrinin inkişafını təmin etməli olduğu halda, bu sahədə böyük durğunluq qalmaqda davam edirdi. Kənddən şəhərə gələn əhali yeni urban mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkirdi.

Təhsil və mədəniyyət sahəsində ciddi problemlər vardı; məktəblərin çoxu köhnə binalarda yerləşir, kadr çatışmazlığı açıqca hiss olunurdu.Elmi müəssisələrin fəaliyyətini yüksəltmək üçün texniki təchizat çatışmırdı. Azərbaycan neft ölkəsi hesab olunsa da, neft hasilatı kəskin aşağı düşmüşdü. Bunun başlıca səbəbi 1930-40-cı illərdən qalmış texniki avadanlıqrdan istifadəyə məcbur qalmaydı. Kimya, maşınqayırma, energetika sahələri dövrlə ayaqlaşmırdı. Dövlətin təyin etdiyi plan və tapşırıqlar real istehsal potensialına uyğun deyildi. “Plan yerinə yetirildi” görüntüsü yaratmaq üçün statistik rəqəmlər şişirdilirdi. Aqrar sahə ümumiyyətlə böhran içərisində idi.

Kolxoz və sovxozlara daha çox təsadüfi kadrlar rəhbərlik edirdi. Bu səbəbdən də məhsuldarlıq çox aşağı düşmüşdü. Kənd təsərrüfatında istifadə edilən texnikalar demək olar istismar müddətini başa vurmuşdu. Mexanizasiya və suvarma sistemləri yarıtmaz vəziyyətdə idi. Gübrə və pestisid çatışmazlığı məhsuldarlığa ciddi təsir edirdi. Bir sözlə, 1969-cu ilə qədərki Azərbaycanda iqtisadi, mədəni, elmi vəziyyət dözülməz dərəcədə ağır və dözülməz idi.

Azərbaycanın mövcud vəziyyəti təbii olaraq SSRİ rəhbərliyini də narahat edirdi. Bu narahatlığın nəticəsi olaraq 1969-cu ilin iyun ayında Azərbaycan KP MK-nın rəhbərliyi dəyişildi və Heydər Əliyev rəhbərliyə gətirildi...

Tarix bəzən elə məqamları ilə yadda qalır ki, bir xalqın, ölkənin taleyi bir anın içində dəyişir. 1969-cu il Azərbaycan üçün belə dönüş illərindən biri oldu. Həmin il Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkədə başlayan böyük dəyişikliklər təkcə iqtisadi sahəni deyil, cəmiyyətin bütün qatlarını əhatə edən geniş miqyaslı intibah dövrünün əsasını qoydu.

Geri qalmış neft sənayesi- səmərəsiz işlədilmiş neft yataqları da yeni rəhbərliyin gəlişi ilə özünün intibah dövrünə qədəm qoydu. “Neft Daşları” genişləndirildi, dənizdə yeni platformalar tikildi. Geofiziki və geoloji axtarış işləri gücləndirildi. Müasir avadanlıqlar gətirilərək köhnə texnologiyalar yeniləndi. Bu tədbirlərin nəticəsində Azərbaycanın neft hasilatı sürətlə artdı və SSRİ üzrə strateji enerji mərkəzi kimi mövqeyi möhkəmləndi. Maşınqayırma, elektronika və radioelektronika, kimya sənayesi, energetika, yüngül və yeyinti sənayesi kimi sahələrdə iri müəssisələr tikildi və respublika sənaye xəritəsi yenidən quruldu. Bunun da nəticəsində yeni iş yerləri açıldı, minlərlə gənc sənaye sahələrində işlə təmin olundular.

Kənd təsərrüfatında idarəetmə intizamı gücləndi, suvarma sistemləri yaxşılaşdırıldı və maddi-texniki baza yeniləndi. Pambıqçılıq, üzümçülük, tərəvəzçilik, heyvandarlıq sahələrində məhsuldarlıq dəfələrlə yüksəldi. Yeni aqrar texnikalar alınaraq kolxoz-sovxozlara verildi. Meliorasiya işləri genişləndirildi ki, bu da şoranlaşmış torpaqların azalmasına gətirib çıxartdı.

İqtisadi artım sosial rifahın yaxşılaşmasını şərtləndirdi. Minlərlə ailə mənzil aldı, yeni yaşayış massivləri tikildi. Qaz, su, elektrik təminatı yaxşılaşdırıldı. Yol infrastrukturu genişləndirildi. Şəhərlərin görünüşü modernləşdirildi, kəndlərdə abadlıq işləri aparıldı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada yeni xəstəxanalar, poliklinikalar, sanatoriyalar tikildi. İnsanların sosial təminat sistemi- pensiya, müavinətlər, məşğulluq- daha nizamlı hala gətirildi. Bu dövr Azərbaycan mədəniyyətinin qızıl dövrlərindən biri sayılır. Milli teatr yenidən nəfəs aldı, səhnəyə yeni nəsil aktyorlar gəldi. Kino sənayesi də inkişaf etdi. Tarixi, dram və publisistik janrda filmlər çəkildi. Azərbaycan kinosu ittifaq məkanında tanınmağa başladı.Muğam sənəti yeni yüksəlişə qalxdı. Musiqi məktəbləri, konservatoriya və filarmoniya yeni istedadlara meydan açdı.

Kitabxanalar, muzeylər, klublar və mədəniyyət evləri respublikanın hər bir bölgəsində fəaliyyət göstərməyə başladı. Bu sahədə görülən işlər nəticəsində Azərbaycan SSR ittifaqın mədəniyyət xəritəsində özünəməxsus yer tutdu.

1969-cu ildən sonra Azərbaycan Elmlər Akademiyasının institutlarının sayı artdı, elmi-tədqiqat sahələri genişləndi. Fizika, kimya, neft-mədən, coğrafiya, tarix, ədəbiyyatşünaslıq sahələrində Azərbaycanın öz elmi məktəbləri formalaşdı.

Universitetlərdə yeni fakültələr açıldı, xarici təcrübəyə əsaslanan müasir kadr hazırlığı proqramları tətbiq olundu. Minlərlə azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl universitetlərinə təhsil almağa göndərildi.

1969-cu ilin sonundan Azərbaycan təkcə iqtisadi göstəricilərin artdığı ölkə olmadı. Bu illər respublikanın sosial strukturunu dəyişdi, insanların həyat fəlsəfəsini yenilədi, cəmiyyətin inkişaf enerjisini artırdı...

Prezident İlham Əliyev Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü qiymətləndirərkən demişdir: “ Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Həmin dövr milli intibahın, dövlətçilik ənənələrinin möhkəmlənməsinin və gələcək müstəqilliyin təməlinin qoyulduğu mərhələ kimi səciyyələnir”...

1990-cı illərin əvvəllərində Azərbaycan həm siyasi xaosla, həm hərbi təcavüzlə, həm də sosial-iqtisadi böhranla üz-üzə qalmışdı. Dövlət idarəçiliyi diletant, səriştəsiz insanların əlinə keçdiyindən ölkədə tənəzzül yaşanırdı. Xalqın bu “dövlət yaşaya biləcəkmi?” sualına cavabı bir nəfərin simasında formalaşdı.

Hakimiyyəti ələ keçirmiş AXCP-MÜSAVAT cütlüyü respublikada idarəolunmaz vəziyyət yaratmışdı. Real vətəndaş müharibəsinin astanasında olan Azərbaycan öz xilaskarını gözləyirdi. Daxili çəkişmələrdən bezmiş xalq nəhayət üzünü Naxçıvana tutaraq burada Muxtar Respublika Ali Məclisinin sədri olan Heydər Əliyevdən israrlı şəkildə Bakıya gəlməsini və ölkəni ağuşuna almaqda olan xaosdan qurtarmağı xahiş etdi. Həmişə xalqın çağırışına önəm verən Heydər Əliyev bu dəfə də laqeydlik göstərmədi və o vaxtkı iqtidarın da dəvəti əsasında Bakı şəhərinə gəldi və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi...

Heydər Əliyevin Azərbaycana rəhbərliyə ikinci qayıdışı təkcə bir siyasi liderin yenidən hakimiyyətə gəlməsi deyil, həm də dövlətin varlığının yenidən möhkəmlənməsi, müstəqilliyin əsl məzmun qazanması demək idi. O, 1993-cü ildə  hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaranmış idarəçilik böhranı aradan qaldırılmağa başlandı. Dövlət hakimiyyətinin bütün qolları yenidən səfərbər olundu, dövlət institutları fəaliyyət qabiliyyətini bərpa etdi.

Onun rəhbərliyi ilə ölkədə separatizm cəhdləri dayandırıldı, konstitusion nizam bərpa edildi, dövlət çevrilişi təhlükələri aradan qaldırıldı, milli ordunun formalaşdırılması istiqamətində sistemli iş aparıldı.

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası Heydər Əliyevin dövlətçilik strategiyasının hüquqi ifadəsi idi. Konstitusiyanın qəbul edilməsi ilə dövlət idarəçiliyi sistemi modernləşdirildi, hakimiyyət bölgüsü təmin olundu, insan hüquq və azadlıqları geniş təminat aldı, demokratik dövlət quruculuğunun əsas prinsipləri təsbit edildi.

1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı tamamilə yeni mərhələyə qədəm qoydu. Onun uzaqgörən iqtisadi strategiyasının mərkəzində enerji resursları üzərində qurulan milli inkişaf modeli dayanırdı.

Bu modelin ən mühüm hadisəsi 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” oldu. Azərbaycanı dünya enerji bazarına çıxaran bu layihə ölkənin tarixində strateji dönüş yaratdı. Xarici sərmayələr ölkəyə axmağa başladı, neft sənayesi sürətlə modernləşdirildi, iqtisadiyyatın dirçəlişi üçün yeni maliyyə mənbələri formalaşdı, beynəlxalq əməkdaşlıq çərçivələri genişləndi.

Ardınca Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi enerji dəhlizləri Azərbaycana regionun enerji lideri statusunu qazandırdı.

Ümummilli Lider Heydər Əliyev ikinci hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və güclənməsi istiqamətində mühüm addımlar atdı. Nizam-intizamın bərpası, vahid komandanlıq, hərbi hazırlıq prosesinin sistemləşdirilməsi gələcək güclü ordu quruculuğunun təməlini qoydu.

 Heydər Əliyevin ikinci hakimiyyəti dövrünü xarakterizə edən cənab Prezident İlham Əliyev demişdir: “Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəni inkişaf etdirməyə başladı. Müharibə dayandırıldı, vətəndaş qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, qayda-qanun yaradıldı”.

1993-2003-cü illərə nəzər saldıqda bir həqiqət aydın görünür: bu illər müstəqil Azərbaycanın ən həlledici inkişaf dövrü olub. Heydər Əliyevin uzaqgörənliyi, siyasi qətiyyəti və dövlətçilik fəlsəfəsi nəticəsində Azərbaycan dağınıq vəziyyətdən çıxaraq möhkəm dövlətə çevrildi. İqtisadi sitem tamamilə yenidən quruldu, enerji strategiyası ölkəni beynəlxalq arenada söz sahibi etdi. Dövlətçilik ənənələri möhkəmləndi və müstəqilliyin davamlılığı təmin olundu.

Bu gün müasir, güclü və qalib Azərbaycan məhz həmin dövrün möhkəm təməlləri üzərində yüksəlməkdədir...

 

Vüqar Sərdarov

YAP-ın üzvü,

Azərbaycan Respublikası Auditorlar Palatasının

 Beynəlxalq əlaqələr şöbəsinin müdiri