Auditorlar Palatası: Həyata keçirilən tədbirlər peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına xidmət edir - AZƏRTAC

Bakı, 25 noyabr, AZƏRTAC

Müasir biznes mühiti sürətlə dəyişir, texnologiyanın inkişafı, rəqəmsal transformasiya, ESG (ətraf mühit, sosial məsuliyyət və idarəetmə) standartları və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqi auditorlara olan tələbi əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Respublikasının Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, audit sahəsi yalnız maliyyə biliklərini deyil, həm də risk analizi, daxili nəzarət sistemləri, vergi və hüquqi biliklər, eləcə də informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində əsas anlayışları tələb edir. Buna görə, təcrübəli və ixtisaslı kadrların hazırlanması uzun müddət və məqsədyönlü təlim prosesini tələb edir.

Qeyd olunub ki, Azərbaycanda auditor kimi ixtisaslı gənc mütəxəssislərin sayı kifayət qədər deyil. Bu, audit və mühasibatlıq ixtisaslarının məzunlarının praktik təcrübəyə malik olmaması ilə bağlıdır.

Mövcud problemləri nəzərə alaraq, Azərbaycan Respublikası Auditorlar Palatası mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlər arasında auditorların ixtisasartırma kursları, auditor təşkilatlarında çalışan assistent və mütəxəssislərin ixtisasartırma kursları, “Daxili audit və daxili nəzarət” mövzusunda təlimlər, “CİA Part 1” hazırlıq kursları, “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” mövzusunda təlimlər, ali təhsil müəssisələri ilə birgə seminarlar və konfranslar, həmçinin dəyirmi masalar və simpoziumlar yer alıb. Auditorlar Palatası əməkdaşlarının xarici təcrübəni öyrənməsi məqsədilə xarici ölkələrə ezam edilmələri də təmin edilib ki, bu da peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına xidmət edir.

Auditor adı almaq üçün Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən il ərzində mütəmadi olaraq təşkil olunan imtahanlar, peşəkar kadrların sertifikatlaşdırılması prosesinin əsas komponentini təşkil edir.

Son iki il üzrə bu prosesin göstəricilərinə nəzər salaq: “2024-cü il üzrə 52 nəfər, 2025-ci ilin ilk 9 ayı üzrə isə 53 nəfər imtahanda iştirak etmək üçün müraciət edib. 2025-ci il üzrə imtahanda iştirak etmək üçün sənəd qəbulunun hələ yekunlaşmadığı nəzərə alınarsa, namizədlərin sayında əhəmiyyətli artım müşahidə olunur ki, bu da auditor peşəsinə marağın getdikcə yüksəldiyini göstərir. İmtahanlar vasitəsilə yalnız yeni auditorların rəsmi sertifikatla tanınması təmin edilmir, həm də bu sahədə fəaliyyət göstərən kadrların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunluğu artırılır, onların peşəkarlıq səviyyəsi yüksəldilir və audit keyfiyyətinin ümumi standartlara cavab verməsi təmin olunur”.