Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

2025-ci il 21 noyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. İclasın əvvəlində Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlamasının 33 illik yubileyi ilə əlaqədar qeyd edilib ki, ölkəmizin müstəqilliyinin qorunmasında və sabitliyinin təmin edilməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bildirilib ki, 91-lərin təklifi və vətənpərvər ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilmiş və ölkəmizin tərəqqisinə aparan yolun əsas dayaqlarından biri olmuşdur. İclas iştirakçılarının yekdil rəylərinə görə partiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş, sosial-iqtisadi rifah və ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Qeyd olunub ki, YAP yalnız siyasi təşkilat deyil, həm də xalqımızın birləşdirici qüvvəsi və Azərbaycanın sabit gələcəyinə xidmət edən əsas dayağıdır.

Daha sonra iclasda auditor fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, beynəlxalq standartların tətbiqi, etik qaydalara dair auditorların öhdəlikləri və məsuliyyətləri kimi bir sıra aktual məsələlər, o cümlədən Auditorlar Palatasının 2026-cı il üzrə iş planının layihəsi, auditorlar tərəfindən etik qaydalara əməl edilməsinə dair monitorinq sisteminin yaradılması məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Auditorlar Palatasının 2026-cı il üzrə iş planının layihəsi auditor fəaliyyətinin milli qanunvericilik və beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi, mövcud təlimatların, metodik vəsait və digər sənədlərin yenilənməsi, Palatanın tam hüquqlu üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük öhdəlikləri, auditdə süni intellekt və data-analitika əsaslı alətlərin tətbiqi üzrə ilkin yanaşmaları, yenilənən standartlara dair auditorlar üçün şərhlərin hazırlanması və müvafiq təlimlərin təşkili, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, peşəkar etik tələblərə əməl edilməsinin gücləndirilməsi, auditorların ƏL/TMM üzrə riskəsaslı nəzarət mexanizmlərinə dair bilik və bacarıqlarının artırılması, auditorların davamlı peşəkar inkişafı üzrə tədbirlərin genişləndirilməsi, auditdə haqsız rəqabətə qarşı mübarizə və ümumilikdə institusional idarəetmənin gücləndirilməsi və peşə fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması kimi strateji prioritetləri özündə ehtiva edir.

Gündəlikdəki digər vacib məsələ – auditorlar tərəfindən etik qaydalara əməl edilməsinə dair hazırlanmış monitorinq sisteminin müzakirəsi zamanı qeyd olunub ki, bu sənəd auditorların Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsində qeyd olunan etik prinsiplərə əməl etmə səviyyəsinin müntəzəm qiymətləndirilməsi, potensial etik davranış pozuntularının vaxtında aşkar olunması, eyni zamanda risk əsaslı monitorinq, şikayət və bildiriş sistemlərinin formalaşdırılması, auditor peşəsində şəffaflıq, məsuliyyət və etik davranış mədəniyyətinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

İclasın yekununda qeyd edilib ki, müzakirə olunan məsələlər Azərbaycan Respublikasında auditor peşəsinin beynəlxalq tələblərə uyğun inkişafına, etik davranış qaydalarının gücləndirilməsinə və auditə ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir və ölkə Prezidenti cənab İlham Əliyevin şəffaflıq strategiyasının uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Qalareya