Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Qan Bankının həyata keçirdiyi “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə 21 noyabr 2025-ci il tarixində Auditorlar Palatasında qanvermə aksiyası təşkil olunub.
Aksiyada Palatanın rəhbərliyi, əməkdaşları və üzvləri fəal iştirak ediblər. Qanvermə prosesi yüksək səviyyədə təşkil olunmuşdur.
Tədbir çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir iştirakçının sağlamlıq göstəriciləri əvvəlcədən qiymətləndirilib, donorlar standartlara uyğun tibbi müayinədən keçirilib. Müayinədən sonra donorların qan nümunələri qəbul olunub və hər bir mərhələ təhlükəsizlik protokollarına uyğun şəkildə həyata keçirilib.
Tədarük edilən qan talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan digər insanların müalicəsində istifadə olunacaq. Aksiya həm də cəmiyyətin və təşkilatların könüllü donor hərəkatına dəstəyinin artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Auditorlar Palatası bu cür sosial təşəbbüslərdə iştirakın humanizmin, həmrəyliyin və korporativ məsuliyyətin mühüm nümunəsi olduğunu vurğulayaraq, gələcəkdə də sağlamlıq yönümlü sosial layihələrə dəstəyin davam etdiriləcəyini bəyan edir.
Qalareya