Auditorlar Palatasının nümayəndə heyəti “Qlobal Mühitdə Peşəkar Özünüidarəetmə: Çağırışlar və İmkanlar” mövzusunda Kiyevdə təşkil olunmuş onlayn beynəlxalq konfransda iştirak edib

Bu gün, noyabrın 19-da Ukrayna Auditorlar Palatasının təşkilatçılığı ilə “Qlobal Mühitdə Peşəkar Özünüidarəetmə: Çağırışlar və İmkanlar” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə beynəlxalq və regional peşəkar tənzimləyici qurumlar olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropa Mühasibatlıq Qurumunun (Accountancy Europe), Böyük Britaniyanın Maliyyə Mühasibləri İnstitutunun (IFA) nümayəndələri ilə yanaşı Azərbaycanın Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Polşa Auditorlar Palatası, Macarıstan Auditorlar Palatası, Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) və dünyanın digər aparıcı audit və mühasibatlıq təşkilatlarının 450-ə yaxın nümayəndələri iştirak edib.

Beynəlxalq konfransın əsas məqsədi qlobal iqtisadi və institusional dəyişikliklər fonunda auditor peşəsinin qarşılaşdığı yeni çağırışların kompleks şəkildə təhlili, peşəkar özünüidarəetmə modelinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, dövlət nəzarəti ilə peşəkar müstəqil nəzarət arasında optimal tarazlığın yaradılması, həmçinin beynəlxalq təcrübə və normativ çərçivələrin milli sistemlərdə tətbiqi imkanlarının müzakirəsindən ibarət olub. Tədbir, eyni zamanda, qlobal səviyyədə artan tənzimləmə tendensiyaları, ESG və davamlılıq hesabatlılığının gücləndirilməsi, rəqəmsallaşma və süni intellektin audit proseslərinə təsiri kimi məsələlərin auditor təşkilatlarının idarəetmə mexanizmlərinə necə inteqrasiya olunmalı olduğunu gündəmə gətirib.

Konfransda Auditorlar Palatasını Sədrin müşaviri Fəqan Qarayev və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov təmsil ediblər.

F.Qarayev Palatanın rəhbərliyi adından təşkilatçılara minnətdarlığını bildirib. O, qlobal peşəkar özünüidarəetmə modellərinin inkişafının, auditor peşəsinin beynəlxalq standartlara uyğun təşkilinin və auditdə keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin Ukraynanın Auditorlar Palatasının bu sahədə atdığı addımları yüksək qiymətləndirib. Palatanın digər təmsilçisi Q.Əhmədov bu konfransın qlobal miqyasda audit peşəsinin qarşısında duran çağırışları, özünüidarəetmə modellərinin təkmilləşdirilməsi imkanlarını, ölkələrin milli audit sistemlərinin dünyaya inteqrasiyasının əhəmiyyətini və bu sahədə xarici ölkələrin qabaqcıl təcrübələrini müzakirə etmək baxımından mühüm platforma olduğunu bildirib.

Tədbir zamanı konfransın proqramına uyğun olaraq “Auditorların peşəkar özünüidarəetməsinin beynəlxalq modelləri: dövlət nəzarəti və peşəkar müstəqillik arasında balans”, “IFAC-ın üzvlük öhdəlikləri və auditin keyfiyyətinin yüksəldilməsində rolu”, “Polşada audit sahəsində islahatlar və gələcək perspektivlər”, “Rumıniya audit peşəsinin strukturu və inkişafı”, “Macarıstanda audit nəzarəti və peşəkar birlik arasında səlahiyyət bölgüsü”, “Ukraynada hüquqi islahatlar, peşəkar özünüidarəetmənin formalaşdırılması və yeni reallıqda inkişaf istiqamətləri” mövzularında geniş fikir mübadiləsi aparılıb.

 

 

 

Qalareya