Auditorlar Palatasında “Auditdə rəqəmsal transformasiya: çağırışlar və imkanlar” və “İnnovativ audit yanaşmaları: yeni texnologiyalar və innovativ yanaşmaların audit proseslərinə tətbiqi” mövzularında seminar və ustad dərsi keçirilib

2025-ci ilin 19 noyabr tarixində “Auditdə rəqəmsal transformasiya: çağırışlar və imkanlar” və “İnnovativ audit yanaşmaları: yeni texnologiyalar və innovativ yanaşmaların audit proseslərinə tətbiqi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar və ustad dərsi keçirilmişdir.

Moderator Q.Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Auditdə rəqəmsal transformasiya: çağırışlar və imkanlar” mövzusunda seminara başladı.

Q.Bayramov bildirdi ki, auditdə rəqəmsal transformasiya, audit proseslərinin texnologiya vasitəsilə optimallaşdırılması və avtomatlaşdırılmasını ifadə edir. Bu proses həm dövlət, həm də özəl sektorda maliyyə hesabatlılığının şəffaflığını, dəqiqliyini və etibarlılığını artırmaq məqsədi daşıyır. Rəqəmsal transformasiya audit fəaliyyətini sürətləndirir, insan amili ilə bağlı səhvləri azaldır və risklərin daha tez aşkarlanmasına imkan verir.

Rəqəmsal transformasiya auditdə 1990-cı illərin sonlarından etibarən başlayıb. İlk mərhələdə kompüter proqramları sadə hesablama və qeydlər üçün istifadə olunurdu. 2000-ci illərin əvvəllərində internet və müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinin geniş yayılması auditdə məlumatların daha asan toplanması və işlənməsini mümkün etdi. Son onillikdə isə süni intellekt, maşın öyrənməsi və böyük verilənlərin təhlili audit prosesində əsas alətlərə çevrilib.

Maliyyə hesabatlarının yoxlanması, risklərin idarə olunması və uyğunsuzluqların aşkarlanması, vergi və maliyyə tənzimləmələri, daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, dövlət və özəl sektor təşkilatlarının hesabatlılığının artırılması auditdə rəqəmsal transformasiyanın tətbiq sahələridir.

Rəqəmsal transformasiya audit sahəsində bir sıra çağırışları təqdim edir:

  1. Məlumat təhlükəsizliyi: Rəqəmsal sistemlər maliyyə və şəxsi məlumatları emal etdiyinə görə kiberhücum və məlumat sızması riski vardır.
  2. Texnoloji bacarıqların çatışmazlığı: Auditorlar yeni alətləri mənimsəmək və istifadə etmək üçün əlavə təlimlərə ehtiyac duyurlar.
  3. Normativ və hüquqi tənzimləmə: Rəqəmsal audit üçün milli və beynəlxalq standartların uyğunlaşdırılması tələb olunur.
  4. Maliyyə və infrastruktur xərcləri: Yeni texnologiyaların tətbiqi yüksək investisiya və texniki baza tələb edir.
  5. Dəyişikliklərə müqavimət: Müəssisələrdə ənənəvi audit metodlarından imtina etməkdə çətinliklər yaranır.

Rəqəmsal transformasiya audit sahəsində auditin keyfiyyətinin artırılması və səhvlərin minimuma endirilməsi, risklərin erkən aşkar edilməsi və strateji qərarların dəstəklənməsi, hesabatlılığın və şəffaflığın yüksəldilməsi, Beynəlxalq standartlarla uyğunluğun asanlaşdırılması, rəqəmsal texnologiyalar vasitəsilə əməliyyat xərclərinin azaldılması imkanlarını yaradır:

Q.Bayramov mövzu haqqında məlumat verdikdən sonra sözü N.Talıbova verdi. N.Talıbov seminara keçid edərək rəqəmsal transformasiya sahəsində statistikanı nəzərə çatdırdı.

 N.Talıbov bildirdi ki, bəzi beynəlxalq auditor təşkilatlarında avtomatlaşdırılmış alətlər auditorun iş vaxtını 40%-ə qədər azaldır. Süni intellekt və analitika vasitəsilə maliyyə uyğunsuzluqları 60%-ə qədər daha tez aşkar edilir. Blockchain tətbiqi nəticəsində əməliyyatların dəyişdirilməzliyi və izlənilməsi 100% təmin edilir.

Rəqəmsal transformasiyanın audit sahəsində əhəmiyyəti ondan ibarətdir ki, o həm çağırışlar, həm də imkanlar yaradır. Auditorlar rəqəmsal bacarıqlarını artırmalı, normativ bazanı təkmilləşdirməli və texnoloji infrastrukturu səmərəli istifadə etməlidirlər. Bu proses maliyyə hesabatlılığının keyfiyyətini yüksəldir, iqtisadi qərar qəbuletməni asanlaşdırır, şəffaflıq və etibarlılığın təmin olunmasına töhfə verir.

Transformasiyanın əsas drayverləri böyük məlumatların artması, yeni tənzimləmə tələbləri (ISA, IESBA), kibertəhlükəsizlik riskləri, effektivlik və sürət tələbidir.

Data Analytics-in rolu məlumatın100%  test edilməsi,  anomaliyaların avtomatik tapılması, analitik prosedurların gücləndirilməsi, sürətli qərar vermədir.

Sənədlərin tanınması, anormal əməliyyatların AI ilə müəyyən edilməsi, ChatGPT kimi assistentlərin istifadəsi, risk əsaslı audit planının AI ilə hazırlanması süni intellekt (AI) və avtomatlaşdırmadır.

RPA – Robotlaşdırılmış Proses Avtomatlaşdırılması robotlarının edə biləcəyi işlər bank çıxarışlarının işlənilməsi, invoice işlənilməsi, məlumatların daxil edilməsi, audit sübutlarının avtomatik toplanmasıdır.

Real-time əməkdaşlıq, sənədlərin təhlükəsiz saxlanması, məsafədən audit imkanı bulud əsaslı audit sistemləridir.

Vaxtın 30–60% qənaəti, daha az monoton iş, daha dəqiq risk qiymətləndirməsi, yüksək keyfiyyətli audit, strategiya və analitik düşüncəyə fokus transformasiyanın auditor üçün faydalarıdır.

Daha sonra Q.Bayramov “İnnovativ audit yanaşmaları: yeni texnologiyalar və innovativ yanaşmaların audit proseslərinə tətbiqi” mövzusunda ustad dərsinə keçid edərək bildirdi ki, innovativ audit yanaşmaları, audit sahəsində ənənəvi metodların yenilikçi texnologiyalar və modern təcrübələrlə əvəz olunması və təkmilləşdirilməsini ifadə edir. Bu yanaşmalar maliyyə və əməliyyat məlumatlarının daha dəqiq, sürətli və şəffaf təhlilinə imkan verir. İnnovativ metodlar həm dövlət, həm də özəl sektorda hesabatlılıq səviyyəsinin yüksəldilməsinə, risklərin erkən müəyyən olunmasına və qərar qəbuletmə proseslərinin dəstəklənməsinə xidmət edir. Auditdə innovativ yanaşmaların tətbiqi son 20 ildə sürətlə artıb. 1990-cı illərdə auditorlar kompüter əsaslı proqramlardan istifadə etməyə başlamışdılar, 2000-ci illərdə müəssisə resurslarının planlaşdırılması (ERP)  sistemləri və elektron hesabatlar geniş yayıldı. Son onillikdə süni intellekt, maşın öyrənməsi, blokçeyn və data analitikası kimi texnologiyalar audit proseslərinə daxil olub. Bu dövrdə audit həm operativ səmərəliliyi artıran, həm də məlumatların keyfiyyətini yüksəldən yeni yanaşmalar əsasında formalaşıb.

Yeni texnologiyaların və innovativ yanaşmaların tətbiq sahələri aşağıdakılardır:

  • Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının yoxlanılması
  • Daxili nəzarət sistemlərinin optimallaşdırılması
  • Risklərin idarə olunması və uyğunsuzluqların aşkarlanması
  • Vergi və maliyyə tənzimləmələrinin effektiv icrası
  • Davamlılıq hesabatlarının və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) göstəricilərinin təhlili

Yeni texnologiyalar və innovativ yanaşmalar audit sahəsində bir sıra çağırışlar yaradır:

  1. Məlumat təhlükəsizliyi: Yeni texnologiyalar auditdə böyük həcmdə məlumat emal etdiyinə görə kiberhücum və məlumat sızması riski artır.
  2. Texnoloji bacarıqların inkişafı: Auditorların innovativ alətləri mənimsəməsi üçün əlavə təlim və sertifikatlara ehtiyac var.
  3. Normativ və hüquqi tənzimləmə: Beynəlxalq və milli standartların yenilikçi yanaşmalara uyğunlaşdırılması zəruridir.
  4. Yüksək investisiya və infrastruktur tələbləri: Yeni texnologiyaların tətbiqi üçün maliyyə resursları və texniki baza tələb olunur.
  5. Dəyişikliklərin idarə edilməsi: Müəssisələrdə ənənəvi metodlardan innovativ yanaşmalara keçid müqavimət yarada bilər.

Q.Bayramov mövzu haqqında məlumat verdikdən sonra sözü N.Talıbova verdi. N.Talıbov ustad dərsinə keçid edərək bildirdi ki, yeni texnologiyalar və innovativ yanaşmalar audit sahəsində aşağıdakı imkanları yaradır:

  • Auditin keyfiyyətinin və dəqiqliyinin artırılması
  • Risklərin erkən aşkar edilməsi və strateji qərarların dəstəklənməsi
  • Hesabatlılıq və şəffaflığın yüksəldilməsi
  • Beynəlxalq standartlara uyğunluğun asanlaşdırılması
  • Effektiv qərar qəbuletmə və əməliyyat xərclərinin azaldılması

İnnovativ audit yanaşmaları sahəsində statistika aşağıdakı kimidir:

  • Süni intellektin tətbiqi ilə audit proseslərində anomaliyaların aşkarlanma sürəti 50-60% artır
  • Rutin və təkrarlanan əməliyyatlarının avtomatlaşdırılması (RPA) texnologiyası istifadə olunan şirkətlərdə auditorun iş vaxtı 35-40% azalır
  • Blokçeyn vasitəsilə əməliyyatların izlənməsi və dəyişdirilməzliyi 100% təmin edilir.
                     İnnovativ audit yanaşmaları auditdə proseslərin optimallaşdırılması, məlumatların dəqiqliyinin artırılması və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu yanaşmalar həm çağırışlar, həm də imkanlar təqdim edir və maliyyə hesabatlılığının keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və iqtisadi qərar qəbuletmə proseslərinin daha effektiv olması üçün mühüm əhəmiyyət kəsb edir. Müvafiq strategiyalar və təlimlər ilə çağırışların öhdəsindən gəlmək və innovativ imkanlardan səmərəli istifadə etmək mümkündür.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 89 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

 

Qalareya