Vüqar Sərdarov: Konstitusiyamızın 30 ili tamam oldu Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilmişdir

    

Azərbaycan Respublikasının dövlətçilik tarixində hüquqi-siyasi inkişafın ən mühüm hadisələrindən biri 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın qəbul edilməsidir. Bu sənəd müstəqillik dövrünün yeni idarəetmə modelini müəyyən edib və ölkədə hüquqi dövlət quruculuğunun fundamental əsaslarını formalaşdırmışdır. Hər il 12 noyabr tarixi Konstitusiya Günü kimi qeyd edilir və bu gün Azərbaycan cəmiyyətinin hüquqi düşüncə mədəniyyətinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın konstitusiya inkişafı XIX əsrin sonları və XX əsrin əvvəllərində formalaşmağa başlayan milli dövlətçilik ideyaları ilə bağlıdır. Lakin müasir mənada ilk tam konstitusion dövlətçilik təcrübəsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ortaya çıxmışdı. Hətta Konstitusiyanın layihəsi də hazırlanmışdı, lakin Cümhuriyyətin süqutu bu layihənin qəbul edilməsinə imkan vermədi.

Sovet dövründə Azərbaycan SSR-in bir neçə Konstitusiyası olsa da, onlar müstəqil dövlət quruculuğu deyil, ittifaq ideologiyasının tərkib hissəsi kimi fəaliyyət göstərirdi.

1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyi bərpa olunduqdan sonra  suverenlik, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və demokratik idarəetmə modeli kimi prinsipləri əks etdirən yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə konstitusiya quruculuğu dövlətin prioritet istiqamətinə çevrildi. 1994-1995-ci illərdə geniş tərkibli hüquqşünaslar və ekspertlər qrupu tərəfindən yeni Konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı.

Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənəd ölkənin siyasi, iqtisadi və hüquqi sistemini bütöv şəkildə tənzimləyən çərçivə funksiyası daşıyır.

Konstitusiya Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi kimi təsbit edir və ölkənin suverenliyini təmin edir. Dövlət idarəçiliyi demokratik prinsiplərə, hakimiyyət bölgüsü modelinə və qanunun aliliyinə əsaslanır. Konstitusiya qanunverici, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyini təmin edən mexanizmlər müəyyən edir. Sənəd insan hüquqlarını dövlətin ali məqsədi kimi müəyyən edir və beynəlxalq hüquq normalarına uyğun şəkildə geniş müdafiə mexanizmləri nəzərdə tutur.

Müstəqil Azərbaycan Dövlətinin Konstitusiyası sosial müdafiə, təhsil, səhiyyə, sosial bərabərlik və rifah prinsiplərinin qorunmasını təmin edir.

1995-ci ildən sonra Konstitusiyanın mövcudluğu ölkədə siyasi sabitliyin, iqtisadi inkişafın və dövlət idarəçiliyinin effektivliyinin təmin olunmasında mühüm rol oynadı. Sonrakı dövrlərdə baş verən məhkəmə-hüquq islahatları, idarəetmədə modernizasiya və insan hüquqları sahəsində yeniliklər Konstitusiya müddəalarına uyğun şəkildə həyata keçirilib.

Azərbaycan Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmiləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və modern dövlət tələblərinə uyğunlaşmaya  xidmət edir...

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2024-cü il 28 dekabr tarixli Sərəncam imzaladı. Sərəncamda deyilir: “...1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiysı ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır...

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilsin...”  

2025-ci ilin “Konstitusiya ili” elan edilməsi ölkədə hüquqi mədəniyyətin genişləndirilməsi, Konstitusiyanın praktik tətbiq mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyəti ilə dövlət qurulmasının hüquqi koordinasiyasının inkişaf etdirilməsi məqsədi daşıyır.

2025-ci il Konstitusiyamızın 30 yaşına doğru keçid mərhələsidir. Bu dövr hüquqi islahatların dərinləşdirilməsi, konstitusiya hüququ üzrə tədqiqatların genişləndirilməsi, təhsil və maarifçilik fəaliyyətlərinin gücləndirilməsi üçün strateji başlanğıc nöqtəsidir.

Dövlət idarəçiliyinin rəqəmsallaşması, yeni qanunvericilik mexanizmlərinin tətbiqi və hüquqi xidmətlərin əlçatanlığının artırılması Konstitusiya ilinin baza məqsədlərindəndir.

2025-ci il ərzində məhkəmə sisteminin inkişafının, konstitusion şikayət mexanizmlərinin təkmilləşdirilməsinin, hüquqi maarifləndirmənin sürətləndirilməsi nəzərdə tutulmuşdur.

Konstitusiya ili dövlət orqanlarının şəffaflığı, ictimai müzakirələrin gücləndirilməsi və vətəndaşların hüquqi fəallığının artırılması üçün imkanlar yaradır.

Hər il qeyd olunan 12 noyabr Konstitusiya Gününün və 2025-ci il “Konstitusiya və Suverenlik ili”nin  ictimai əhəmiyyəti çox böyükdür. Belə ki, Azərbaycan cəmiyyətinin hüquqi təfəkkürünün inkişafı, dövlətçilik ənənələrinin dərinləşməsi, qanunların aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunmasında institusional irəliləyiş əsasən Konstitusiyanın təbliğindən və təşviqindən asılıdır. Konstitusiya günü təkcə tarixi fakt deyil, həm də hüquqi şüurun yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərinin sağlamlaşdırılması prosesinin əsas elementidir.

12 noyabr Konstitusiya Günü və 2025-ci ilin Konstitusiya ili birgə şəkildə Azərbaycan hüquq sisteminin möhkəmlənməsinə, dövlətçilik ideologiyasının zənginləşməsinə və milli hüquqi ənənələrin inkişafına xidmət edir.

 

Vüqar Sərdarov

YAP Səbail rayon ərazi təşkilatının sədri,

Azərbaycan Respublikası Auditorlar Palatasının

 Beynəlxalq Əlaqələr şöbəsinin müdiri