Qazaxıstan Respublikasının Prezidenti cənab Qasım-Jomart Tokayevin müvafiq sərəncamı ilə Qazaxıstan Respublikası Auditorlar Palatası Şurasının sədri, Azərbaycan Respublikası Auditorlar Palatasının Fəxri üzvü Sapar Xaysaxanoviç Koşkimbaev ölkənin iqtisadi inkişafına, peşəkar audit fəaliyyətinin təkmilləşdirilməsinə, maliyyə şəffaflığının gücləndirilməsinə və dövlət idarəçiliyi sahəsində ictimai etimadın artırılmasına verdiyi mühüm töhfələrə görə yüksək dövlət mükafatı – “Kurmet” (“Hörmət”) ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bu əlamətdar dövlət təltifi münasibətilə Palatanın rəhbərliyi, kollektivi və üzvləri adından Sapar Xaysaxanoviç Koşkimbaevi səmimi-qəlbdən təbrik edib, ona fəaliyyətində yeni uğurlar və ölkələrimiz arasında peşəkar əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıb.
V.Novruzov təbrik məktubunda həmçinin qeyd edib: “Hörmətli Sapar Koşkimbaev,
“Kurmet” ordeni iqtisadi, sosial, elm və mədəniyyət, dövlət idarəçiliyi və ictimai fəaliyyət sahələrində xüsusi xidmətləri olan şəxslərə təqdim olunan nüfuzlu dövlət təltifidir. Bu yüksək mükafat Sizin ölkənin audit sisteminin inkişafında göstərdiyiniz liderlik, həmçinin dövlət və cəmiyyət qarşısında nümayiş etdirdiyiniz məsuliyyət və peşəkarlığın bariz təzahürüdür.
Əminəm ki, Siz, zəngin təcrübəniz, fəal mövqeyiniz və sarsılmaz iradəniz sayəsində bundan sonra da auditor peşəsinin inkişafına və qurumlarımız arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə öz töhfənizi verəcəksiniz”.

Qalareya