Auditorlar Palatasında 2025-ci ilin 07 noyabr tarixində “Təsərrüfat subyektlərində maliyyə hesabatlılığı və audit” mövzusunda “Dəyirmi masa” təşkil edilib.
Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Dəyirmi masa”nın gündəliyinə çıxarılan məsələnin əhəmiyyətindən bəhs edərək bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd təsərrüfat subyektlərində, o cümlədən ictimai əhəmiyyətli qurumlarda, publik hüquqi şəxslərdə, kommersiya təşkilatlarında, büdcə təşkilatlarında, qeyri-hökumət təşkilatlarında və s. maliyyə hesabatlılığının müasir iqtisadi idarəetmə sistemindəki, eyni zamanda auditin şəffaflıq, etibarlılıq və davamlı inkişafın təmin olunmasındakı rolunu və əhəmiyyətini təhlil edərək müzakirə etməkdir.
Təsərrüfat subyektləri tərəfindən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etməklə hazırlanmasının düzgünlüyünün auditinin aparılmasında auditorlar tərəfindən Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), auditə dair qanunvericilik aktlarının, Palatanın Şurası tərəfindən təsdiq edilmiş normativ sənədlərin tələblərinə düzgün riayət edilməsi əsas prioritet məsələlərdən biridir.
Auditorlar təsərrüfat subyektlərində audit apararkən Beynəlxalq Audit Standartlarının hamısının tələblərinə düzgün riayət etməlidirlər. Əsasən də 200 saylı “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması”, 210 saylı “Audit tapşırığı şərtlərinin razılaşdırılması”, 230 saylı “Auditin sənədləşdirilməsi”, 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması”, 300 saylı “Maliyyə hesnbatlarının auditinin planlaşdırılması”, 500 saylı “Audit sübutu”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 705 saylı “Müstəq auditorun hesabatında fərqli rəylər”, 706 saylı “Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafı” və s. Beynəlxalq Audit Standartlarının tələblərinə xüsusi diqqət yetirməlidirlər.
Auditorlar Palatasının sədri tərəfindən “e-mühasibat” informasiya sistemi haqqında” 2025-ci il 30 oktyabr tarixli 10-1/3-3-30/2025 nömrəli sərəncam imzalanmış və hal-hazırda icrası davam etdirilir. Bu sərəncamın əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanına və “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarına uyğun olaraq, məcburi audit subyektləri tərəfindən maliyyə hesabatlarının məcburi auditini keçirməsi barədə auditor rəyinin elektron qaydada göndərilməsində auditorların üzərinə düşən vəzifələrin icrasını və bu sahədə onların maarifləndirilməsini təmin etməkdir.
Q.Bayramov çıxış etmək üçün sözü Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadova verdi. V.Cavadov çıxış edərək bildirib ki, təsərrüfat subyektlərində maliyyə hesabatlılığının şəffaflığının artırılması yolları, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, maliyyə məlumatlarının etibarlılığının təminində auditorların məsuliyyəti, elektron mühasibatlıq sistemində auditin rolu və auditorların üzərinə düşən vəzifələrin icrası, rəqəmsallaşmanın audit prosesinə təsiri və yeni texnologiyaların tətbiqi və Azərbaycanda audit sisteminin inkişaf istiqamətləri və institusional islahatlar bu günkü dəyirmi masanın əsas müzükirə olunacaq məsələləridir.
Elektron mühasibatlıq sistemləri (yəni, maliyyə əməliyyatlarının avtomatlaşdırılmış proqramlar vasitəsilə aparılması) audit prosesinə yeni imkanlar və eyni zamanda, yeni risklər gətirmişdir. Bu sistemlərdə auditin əsas rolu aşağıdakılardan ibarətdir:
- Məlumatların etibarlılığının təmin edilməsi:
Elektron sistemlərdə saxlanılan məlumatların düzgünlüyünü, tamlığını və dəyişdirilməmiş olduğunu yoxlamaq auditorun əsas vəzifələrindəndir.
- Daxili nəzarət sisteminin qiymətləndirilməsi:
Elektron mühasibatlıqda proqram təminatı, parol siyasəti, giriş icazələri və ehtiyat nüsxələr daxili nəzarət sisteminin bir hissəsidir. Auditor bu mexanizmlərin effektivliyini qiymətləndirir.
- Avtomatlaşdırılmış əməliyyatların təhlili:
Mühasibat proqramlarının avtomatik hesablama alqoritmləri, əməliyyatların izlənməsi və jurnal qeydlərinin auditi aparılır.
- Risklərin müəyyənləşdirilməsi:
Kiber hücumlar, məlumat itkisi və sistem nasazlıqları kimi texnoloji risklər audit zamanı nəzərə alınır.
- Maliyyə hesabatlarının şəffaflığının təmin edilməsi:
Elektron sistemlərdə hazırlanmış maliyyə hesabatlarının beynəlxalq və milli standartlara uyğunluğu yoxlanılır.
Elektron mühasibatlıq mühitində auditorların funksiyaları bir qədər genişlənir və həm maliyyə, həm də texnoloji bilik tələb edir. Əsas vəzifələr bunlardır:
- Sistemə giriş və təhlükəsizlik nəzarətinin yoxlanılması:
Auditor istifadəçi səlahiyyətlərinin düzgün bölüşdürülüb-bölüşdürülmədiyini, icazəsiz girişlərin qarşısının alınıb-alınmadığını araşdırır.
- Elektron sənədlərin orijinallığının təsdiqi:
Rəqəmsal imzaların, elektron fakturaların və digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır.
- Məlumatların izlenebilirliyinin (audit trail) qiymətləndirilməsi:
Hər bir əməliyyatın kim tərəfindən, nə vaxt və necə aparıldığını izləmək imkanlarını yoxlayır.
- Sistem ehtiyat nüsxələrinin və bərpa planlarının təhlili:
Məlumat itkisi baş verdikdə sistemin bərpa olunma imkanlarını və bu proseslərin effektivliyini qiymətləndirir.
- Proqram təminatının etibarlılığının qiymətləndirilməsi:
Mühasibat proqramlarının (məsələn, 1C, SAP, Oracle və s.) lisenziyalı olub-olmamasını, təhlükəsizlik və funksionallıq baxımından uyğunluğunu yoxlayır.
- Texnoloji risklərin idarə edilməsinə nəzarət:
İnformasiya təhlükəsizliyi siyasətinin, antivirus sistemlərinin və firewall-ların effektivliyini qiymətləndirir.
- Maliyyə hesabatlarının doğruluğunun təsdiqi:
Elektron əməliyyatlar əsasında tərtib olunmuş maliyyə hesabatlarının düzgünlüyünü və mühasibat standartlarına uyğunluğunu təsdiq edir.
Elektron mühasibatlıq sistemlərində audit yalnız maliyyə yoxlaması deyil, həm də informasiya texnologiyalarının nəzarət və qiymətləndirmə prosesidir. Auditor bu mühitdə həm maliyyə mütəxəssisi, həm də informasiya təhlükəsizliyi üzrə ekspert kimi fəaliyyət göstərir.
Daha sonra təsərrüfat subyektlərində maliyyə hesabatlılığı və audit mövzusu üzrə “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Sərbəst auditorlar Ənvər Aslanov, İlham Süleyman, Vidadi Talıbov “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər veriblər.
“Dəyirmi masa”da 15 nəfər “Dəyirmi masa”nın üzvləri və 5 nəfər Palatanın struktur bölmələrinin rəhbərləri iştirak edib.
“Dəyirmi masa”nın nəticəsi 2025-ci il 07 noyabr tarixli 06 nömrəli iclasın protokolu ilə rəsmiləşdirilmişdir.

Qalareya