2025-ci il 5 noyabr tarixində Auditorlar Palatasında 8 noyabr “Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq xalqımızı zəfərimizin əzəli və əbədi olması diləyi ilə bu milli qürur günü münasibətilə ürəkdən təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun misilsiz igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfər, sadəcə bir qələbə deyil — xalqımızın əsrlərlə davam edən ədalət mübarizəsinin, milli qürurumuzun və sarsılmaz iradəmizin təntənəsidir. Bu möhtəşəm tarixi gün – 8 Noyabr Zəfər Günü – xalqımızın yaddaşına şərəf, qürur və yenilməzlik rəmzi kimi əbədi həkk olunmuşdur. Bu Zəfər bizə güc, inam və gələcəyə doğru daha əzmlə addımlamaq iradəsi bəxş etmişdir.
Böyük Şanlı Qələbənin şərəfinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
V.Novruzov vurğulayıb ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi və Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı soydaşlarımızın yurd həsrəti bitdi və Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən olan Xankəndində, Xocalıda, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı.
Tədbirdə V.Novruzov Vətən savaşında – II Qarabağ müharibəsində qazanılmış Zəfərin ölkəmizin çoxəsirlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında qazanılan tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir.
Sonda V.Novruzov şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyimizi vurğulayaraq qeyd edib ki, onların canı, qanı bahasına biz bu gün ərazi bütövlüyümüzü bərpa etmiş, dövlətimizin suverenliyini möhkəmləndirmişik. Hər bir şəhidimizin adı bizim üçün müqəddəsdir və xalqımız onları daim ehtiramla anacaqdır.
Daha sonra tədbir “Zəfər” gününə həsr olunmuş videofilmin nümayişi ilə davam etdirilib.
Tədbirdə Palata sədrinin müavini Fəxrəddin İsmayılov, Auditorlar Palatasının üzvləri: Sərbəst auditor Altay Cəfərov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, şəhid atası, “EKOL AUDİT” MMC-nin auditoru Vəli Rəhimov, Sərbəst auditor Nazim Axundov, “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, "MRA AUDİT CONSALTINQ" MMC-nin direktor-auditoru Rasət Miriyev, “Naxçıvan Muxtar Respublikası Auditor təşkilat”nın direktor-auditoru Roman Hüseynov, “VXA-Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, Sərbəst auditor Hafiz Əhmədov, “Azəri Audit Servis” MMC-nin direktor-auditoru Yasin Şirinov və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin baş mütəxəssisi Minarə Hüseynova çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində və Antiterror əməliyyatında heyrətamiz qələbəsi, eyni zamanda 8 noyabr “Zəfər Günü”nün əhəmiyyətindən bəhs ediblər.



Qalareya