İQTİSADİYYAT QƏZETİ
Maliyyə informasiyasının etibarlılığı idarəetmədə düzgün qərarların qəbuluna zəmin yaratmaqla iqtisadi inkişafda və şəffaflığın artırılmasında böyük əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində, bir tərəfdən keyfiyyətli maliyyə hesabatlılığının aparılmasını, digər tərəfdən isə təkmil maliyyə nəzarətinin tətbiqini zəruri edir. Düzgün hesabatlılıq və nəzarət, o cümlədən audit , biznes mühitinin münbitləşməsinə zəmin yaratmaqla qanunvericiliyin pozulmasına qarşı mübarizənin gücləndirilməsinə də müsbət təsir göstərir.
Əslində audit dövlət-vətəndaş münasibətlərində etimad körpüsüdür. Çünki şəffaf audit hesabatları və ictimaiyyətə təqdim olunan obyektiv məlumatlar insanların dövlətə inamını möhkəmləndirir, qanunsuzluqların qarşısının alınmasına zəmin yaradır. Dövlətin maliyyə maraqlarının qorunması, resursların səmərəli idarə edilməsi, korrupsiya risklərinin minimuma endirilməsi və iqtisadi sabitliyin təmin olunması baxımından auditin rolu danılmazdır.
Nəticə etibarilə audit yalnız maliyyə nəzarəti aləti deyil, həm də cəmiyyətin strateji maraqlarının müdafiəçisi, iqtisadi təhlükəsizliyin təminatçısı və ictimai etimadın dayağıdır. Müasir çağırışlar fonunda audit institutlarının transformasiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və müstəqilliyinin qorunması dövlətin və mülkiyyətçilərin maraqlarının etibarlı müdafiəsinə xidmət edən başlıca istiqamətlərdən biri kimi öz mövqeyini getdikcə genişləndirməkdədir.
Son illərdə ölkəmizdə mühasibat uçotunun və hesabatlılığın islahatına, auditin və maliyyə nəzarətinin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilməsi də müəyyən mənada bu amillə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: «Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər». Auditor xidməti haqqında mövcud qanunvericilik dövlət orqanlarına öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.
Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq, auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək, yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək hüququna malikdirlər.
Eyni zamanda auditorlar auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etməli, auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirməli, “Auditor xidməti haqqında” Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə sifarişçini - səlahiyyətli dövlət orqanını və ya Auditorlar Palatasını dərhal məlumatlandırmalıdır.
Auditor sifarişçinin mühasibat uçotunu və hesabatlarını qanunvericiliyə uyğunluq baxımından yoxlamalı, aşkar edilən pozuntular barədə rəhbərliyə məlumat verməlidir. Audit zamanı əldə olunan məlumatlar məxfi saxlanmalı, sənədlərin qorunması təmin edilməlidir.Zəruri hallarda auditor sifarişçiyə qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə rəyin əsaslandığı normativ aktlar barədə məlumat verməlidir.Bundan əlavə, auditor mülki məsuliyyətin icbari sığortasını bağlamalı, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunların tələblərinə əməl etməli, qanunla nəzərdə tutulan hallarda aşkar olunmuş pozuntular barədə səlahiyyətli orqanlarını məlumatlandırmalıdır.Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Yuxarıda sadalanan hüquq və vəzifələr çərçivəsində auditor fəaliyyəti həm də dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir. Auditorlar Palatasının bu istiqamətdə səlahiyyətli dövlət qurumları ilə əlaqələri hər il dövlət sifarişləri formasında davam etdirilir. Auditorlar Palatasının bu istiqamətdə səlahiyyətli dövlət qurumları ilə əlaqələri hər il dövlət sifarişləri formasında davam etdirilir. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində daxil olmuş 64 müraciət əsasında yoxlamalar aparılmış, bu müraciətlərin 50-i icra edilmiş, 14-ün icrası isə davam etdirilir. Bu müraciətlər Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Bakı Şəhər Prokurorluğu, Binəqədi Rayon Prokurorluğu, Goranboy Rayon Prokurorluğu, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsi, Bakı Nərimanov Rayon Prokurorluğu, Xətai Rayon Prokurorluğu, Xəzər Rayon Prokurorluğu, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi, Nizami Rayon Məhkəməsi, Nəsimi Rayon Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Yasamal Rayon Məhkəməsi, Göyçay Rayon Məhkəməsi, Qaradağ Rayon məhkəməsi, Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi, Yasamal Rayon İcra Şöbəsi və Səbail Rayon İcra Şöbəsi tərəfindən daxil olmuşdur. Bu fəaliyyətlərin nəticələrinin təhlili göstərir ki, bəzi qurumlarda mühasibat uçotu və maliyyə hesabatlarının aparılmasında sistemli çatışmazlıqlar qalmaqdadır. Maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına tam uyğun tərtib olunmaması, gəlir və xərclərin düzgün təsnifləşdirilməməsi, etik və şəffaflıq prinsiplərinin pozulması hələ də rast gəlinən hallardandır.Eyni zamanda, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, əsaslandırılmamış ödənişlərin edilməsi, daxili nəzarət mexanizmlərinin formal xarakter daşıması hələ də müşahidə edilir. Qeyd olunanlarla yanaşı, aparılmış auditlərin nəticəsinin keyfiyyətsiz hesab edilməsinə və Beynəlxalq Audit Standartlarının tələblərinə riayət edilməməsinə görə səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalarda iştirak edən auditorlar barəsində intizam və tənbeh tədbirləri görülmüş, bir sıra auditorların adı “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalarda iştirak edəcək auditorların siyahısı”ndan çıxarılmışdır. Auditorlar Palatasının dövlətin mənafeyinin qorunmasında rolu “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanununda təsbit edilmişdir. Həmin qanuna uyğun olaraq ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Azərbaycan Respublikasında auditin dövlət maraqlarının müdafiəçisi kimi mövqeyi illər ərzində formalaşmış qanunvericilik bazası, beynəlxalq standartlara inteqrasiya və ölkə Prezidentinin dəstəyi sayəsində mümkün olmuşdur. Bu proses yalnız maliyyə nəzarətinin təkmilləşdirilməsinə deyil, həm də iqtisadi təhlükəsizliyin təmininə, ictimai etimadın möhkəmləndirilməsinə və şəffaf idarəetmə prinsiplərinin bərqərar olmasına xidmət etmişdir. Müasir çağırışlar fonunda audit sahəsində aparılan islahatların ardıcıl davam etdirilməsi, innovativ yanaşmaların tətbiqi və peşəkar kadr potensialının gücləndirilməsi isə dövlətin strateji maraqlarının etibarlı müdafiəsini və Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması deyil, eyni zamanda dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması, cəmiyyətin dövlətə olan etimadının möhkəmləndirilməsi və şəffaf idarəetmənin gerçəkləşdirilməsi üçün strateji əhəmiyyət daşıyan alətdir. Azərbaycanın bu sahədə formalaşdırdığı hüquqi baza, həyata keçirilən islahatlar və beynəlxalq standartlara inteqrasiya təcrübəsi ölkəmizdə auditin dövlət maraqlarının etibarlı müdafiəçisi kimi çıxış etməsinə imkan yaratmışdır. Gələcəkdə də audit institutlarının müstəqilliyinin qorunması, innovativ yanaşmaların tətbiqi və peşəkar potensialın artırılması dövlətimizin iqtisadi dayanıqlığının və davamlı inkişafının əsas təminatçılarından biri olacaqdır.
Elxan Qəmbərov
Azərbaycan Respublikası Auditorlar Palatasının
Dövlət orqanları və qeyr-hökumət təşkilatları ilə iş şöbəsinin müdiri